Ana Sayfa > Xəbər > “Kənd təsərrüfatı ilə bağlı böyük proqram hazırlanıb”
“Kənd təsərrüfatı ilə bağlı böyük proqram hazırlanıb”9-04-2015, 17:03. Yazar: admin |
“Prezidentin 2015-i “Kənd təsərrüfatı ili” elan etməsilə əlaqədar olaraq Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə böyük proqram hazırlayıb”. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Modern.az saytına bildirib ki, 2015-ci il “Kənd təsərrüfatı ili” kimi kənd təsərrüfatının inkişafında özünün töhfələrini verəcək: “Sadəcə, “Kənd təsərrüfatı ili” elan olunmaqla kifayətlənməyəcəyik. Bunun uğurlu nəticələrini hamılıqla görəcəyik”. Komitə sədri qeyd edib ki, həmin proqrama əsasən yeni texnika və texnologiyaların tətbiqi, kənd təsərrüfatı məhsullarının istehsal olunması üçün verilən dövlət yardımlarının sistemləşdirilməsi, “Aqrolizinq” tərəfindən göstərilən texnoloji avadanlıqlar, gübrələr, cins damazlıq heyvanların lizinq yolu ilə satılması şərtlərinin təkmilləşdirilməsi barədə təkliflər hazırlayıb hökumətə təqdim ediləcək: “Burda diqqəti çəkən əsas məsələlərdən biri də kiçik və iri həcmli emal müəssisələrinin yaradılmasının dəstəklənməsidir. Digər maraqlı məsələ 5-10 başlıq cins, ətlik, südlük qaramaldan ibarət ailə-fermer təsərrüfatlarının yaradılması, müasir tələblərə cavab verən satış yarmarkalarının və yaşıl marketlərin təşkilinin dəstəklənməsi və kənd təsərrüfatı sahəsində potensialın gücləndirilməsidir. Bildiyiniz kimi, prezidentin fərmanı ilə toxum fondu yaradılıb. Həmin fondun fəaliyyətinin təmin olunması üçün tədbirlər görülməlidir. Müasir metodlardan istifadə etməklə toxum və meyvə tinglərinin artırılması, süni mayalanma mərkəzinin, Ağdam atçılıq zavodunun yenidən qurulması və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində işlərin davam etdirilməsi qarşıda duran prioritet məsələlərdəndir”. Eldar İbrahimovun sözlərinə görə, artıq Ağcabədi, Beyləqən rayonlarında iri fermer təsərrüfatlarının yaradılması üçün 30 min hektardan çox torpaq sahəsi ayrılıb: “Suvarma ilə əlaqədar müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Tovuzçay su anbarının və Şəmkirçay magistral su kanllarının tikintisi davam etdiriləcək. Şəmkirçay artıq tikilib və orda xeyli su toplanır. Bundan başqa, həmin ərazidən Goranboy rayonuna kimi kanal çəkiləcək. Artıq kanalın bir hissəsi çəkilib, Samux rayonu ərazisində yarımçıqdır, buna görə də tikintinin davam etdirilməsi nəzərdə tutulub. Bundan başqa, 10 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsinə imkan verəcək suvarma suyu ilə təminatı yaxşılaşdıracaq. Bu da məhsuldarlığın artımına müsbət təsir edəcək. Bildiyiniz kimi, artıq Kənd Təsərrüfatı Nazirliyinin yeni strukturu müəyyən olunub. Həmin struktura əsasən ölkənin bütün rayonlarında kənd təsərrüfatı idarələri yaradılır. Bunlar üçün əksər rayonlarda inzibati binaların tikintisinin sürətləndirilməsi də tədbirlər planına daxil edilib. Eyni zamanda, baytarlıq laboratoriyaları, tikintisi və avadanlıqlarla təchizatının yaxşılaşdırılması nəzərdə tutulub”. Deputat onu da vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanması mühüm məsələlərdəndir: “Torpaq islahatları aparılanda cəmi 44 təsərrüfat toxumçuluq və damzalıq məqsədilə saxlanılıb ki, onlar bu işlərlə məşğul olsunlar. Onlardan da bir neçəsi ləğv olunub. Bəzilərinin təkmilləşdirilməsi üçün nazirliyə göstəriş verilib”. Geri dön |