Ana Sayfa > Xəbər > Ərdoğan İrandan niyə əliboş qayıdıb? - ŞƏRH

Ərdoğan İrandan niyə əliboş qayıdıb? - ŞƏRH


9-04-2015, 16:14. Yazar: admin
Ərdoğan İrandan niyə əliboş qayıdıb? - ŞƏRH
“Ərdoğanın İrana getməsi iki ölkənin regiondakı nüfuzunun artmasına yönələn səfər idi”.

Bu fikirləri AzVision.az-a politoloq Fikrət Sadıqov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İran səfərini şərh edərkən deyib.

Politoloqun fikrincə, Türkiyə prezidenti ziddiyyətlərə baxmayaraq, başa düşür ki, Səudiyyə Ərəbistanı bölgədə nüfuzlu oyunçudur və onunla əlaqələri pozmaq olmaz:

“Ərdoğan başa düşür ki, bir çox məsələlər İrandan asılıdır. Bu dövlət çox nüfuzludur və Qərb dövlətləri ilə də nüvə proqramı ilə bağlı ilkin razılığa gəlib. Həmçinin o, artıq təcriddən çıxmaqdadır, ona görə də bu ölkə ilə münasibətləri yaxşılaşdırmaq lazımdır. Öz növbəsində İran da başa düşür ki, Türkiyə öz regionunda böyük dövlətdir və İslam dünyasında kifayət qədər nüfuzu var. Mənə elə gəlir ki, bu səfər İran və Türkiyənin həm nüfuz, həm regional layihələr, həm də hər iki dövlətin öz regionlarında nüfuzlarının artmasına yönələn səfərdir. Hesab edirəm ki, müsbət nəticələri olacaq”.

Ərdoğan-Ruhani görüşün Yəməndə olaylarına təsirinə gəlincə, politoloq bildirib ki, Türkiyə prezidenti İrana səfərindən əvvəl də Yəməndə sülhün bərqərar olmasının vacibliyini vurğulamışdı:

“Prezidentlərin görüşündə Yəmən məsələsinin gündəlikdə olduğuna şübhə etmirəm və təbii ki, Yəməndəki hansısa dəstələrə dəstək verirsə, başa düşməlidir ki, orada sülhün yaranması uzana bilər. Əminəm ki, Ərdoğan bu məsələni İran rəhbərliyi qarşısında qaldırıb və müəyən qərarlar qəbul olunub. Hər halda Ərdoğanın səfər ərəfəsində bəyanatı ona yönəlmişdi ki, o, artıq İrana gələndə bu məsələlər həllini tapsın. Düşünürəm ki, bu məsələlərin müzakirəsi bəlkə də Yəməndə baş verən hadisələrin iştirakçılarını nə vaxtsa bir araya gətirə bilər. Hər halda münaqişə əbədi davam edə bilmız. Türkiyə bundan narahatdırsa və bunu gizlətmirsə, deməli mütləq hansısa nəticələr olacaq”.

Politoloq Qabil Hüseynli isə hesab edir ki, Ərdoğanın İran səfəri Yəmən hadisələrinə təsir etməyəcək.

“Hazırda Yəməndə Səudiyyə Ərəbistanınən başçılığı ilə koalissiya qüvvələri üsyançılarla mübarizə aparır və Türkiyə də həmin qüvvələri dəstəkləyir. Öz növbəsində isə İran husilərə nə qədər yardım etsə də orada şiə hakimiyyətini bərqərar etmək mümkün olmayacaq. Hesab edirəm ki, Ərdoğan-Ruhani görüşünün də bu hadisələrə heç bir təsiri olmayacaq. Ümumi bəyanatda fikir bildirilir ki, Yəmən məsələsi ilə bağlı tərəflər razılığa gəlib”.

Politoloq Ərdoğanın səfər öncəsi İranla bağlı tənqidi fikirlər səsləndirməsini vurğulayıb və qeyd edib ki, Yəməndə baş verənlər İranın mövqeyinə mənfi təsir edib:

“Ərdoğanın İrana səfəri çox ağır ictimai-siyasi dövrə təsadüf etdi. Çünki Yəməndəki hadisələr İranın dünyadakı mövqeyini tamamilə sarsıdıb. Türkiyə də İranı ciddi tənqid etmişdi. Eyni zamanda iranlı parlamentarilər, ölkə mediası Ərdoğanın səfərinə qarşı idi. İrandakı mövcud siyasi rejim də Ərdoğana qarşı xoş rəftarda olmayıb. Baxmayarq ki, onun qarşılanması yaxşı olub və bütün protokol qaydaları yerinə yetirilib, amma danışıqların nəticələri qanedici deyil. Əvvəla İran Türkiyəyə satdığı qazın qiymətini endirməklə bağlı təklifi cavabsız qoyub. Türkiyənin İrandan aldığı qaz digər ölkələrdən aldığı qazla müqayisədə daha bahadır”.

Q.Hüseynlinin fikrincə, əgər qazın qiyməti aşağı düşərsə, onda İranın TANAP layihəsinə qoşula biləcəyi ehtimalı var. Bu baxımdan danışıqlar prosesində əməli nəticə əldə edilməyib.

Q.Hüseynli hesab edir ki, prezidnetlərin görüşü təkcə dünyadakı proseslərə yox, eyni zamanda iki ölkə arasındakı proseslərə də müsbət təsir etməyəcək: “İran və Türkiyə iki ölkə arasındakı ticarət dövriyyəsini 30 milyard dollara çatdırmaq istəyir, amma heç 5 milyard dollara da çatdıra bilməyiblər. Problemlər əvvəllər olduğu kimi qalır. Danışqılara, görüşlərə baxmayaraq prinsipial məsələlərdə razılıq əldə etmək mümkün olmayıb”.

Geri dön