Ana Sayfa > Xəbər > Yaxınlaşan müharibə, Azərbaycanın dəhşətli silahları və...

Yaxınlaşan müharibə, Azərbaycanın dəhşətli silahları və...


9-04-2015, 15:25. Yazar: admin
Yaxınlaşan müharibə, Azərbaycanın dəhşətli silahları və...
ABŞ-ın “The National İnterest” jurnalında Azərbaycanla Ermənistan arasında “yaxınlaşan müharibə haqda” geniş məqalə dərc edilib.

Virtualaz.org saytı adıçəkilən nəşrə istinadən xəbər verir ki, məqalənin müəllifi jurnalın şərhçisi, eyni zamanda “Harvey & Company” şirkətinin analitiki Cek Malkeyrdir (Jack Mulcaire).

Müəllif təmas xəttində ən azı üç nəfərin həlak olması ilə nəticələnən (ikisi erməni hərbçisi-red.) son insidentləri yada salaraq dünyada daha bir münaqişə ocağının alovlanmaq üzrə olduğunu yazır.

Münaqişənin tarixçəsinə qısaca ekskurs edən analitik xatırladır ki, atəşkəsə baxmayaraq müharibə heç vaxt başa çatmış hesab olunmayıb, Azərbaycan Dağlıq Qarabağı geri qaytarmaqda hələ də qətiyyətlidir.

Dağlıq Qarabağ münaqişəsini xüsusilə təhlükəli edən səbəblər nədir?

Müəllifin fikrincə, birincisi odur ki, tərəflər arasında kompromisə praktiki olaraq yer yoxdur. Azərbaycan itirdiyi torpaqları geri almaqda qətiyyətlidir, Ermənistan isə Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyinin bərpasına razı deyil.

“Təsəvvür etmək çətindir ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdə birindən istənilən səbəblə imtina etsin. Ermənistan da çətin ki, öz ərazisinin üçdə biri böyüklükdə ərazini geri qaytarsın. Qarabağ münaqişəsi sonunda uduşu olmayan oyundur” -deyə jurnal yazır.

İkincisi, münaqişə getdikcə daha çox hərbiləşir və təhlükəli xarakter alır. Azərbaycan da, Ermənistanda da birinci müharibədə olduğundan fərqli olaraq yenidən silahlanmış peşəkar orduya malikdir. Erməni qüvvələri Dağlıq Qarabağın ətrafında 100 kilometrdən çox möhkəmləndirilmiş müdafiə xətti qurublar. Tərəflərin tranşeylər, bunkerlər və artilleriya mövqeləri ilə möhkəmləndirilmiş müdafiə xətləri bir-birindən cəmi bir neçə yüz metr məsafədədir. Ötən ilin yayından başlayaraq təmas xəttində toqquşmalar intensivləşib, az qala hər həftə hər iki tərəfdən itkilərlə müşayiət olunan toqquşmalar baş verir.

Hər iki tərəf yaxın bir neçə il ərzində hərbi əməliyyatlara başlamaq üçün güclü stimullara malikdir. Jurnal yazır ki, Azərbaycan rəhbərliyi hərbi balansın onun xeyrinə dəyişdiyini bilir. 2000-ci ilin ortalarından başlayaraq Azərbaycan silahlanmaya onlarla milyard dollar xərcləyib.

Təkcə 2013-2014-cü illərdə Azərbaycanın quru qoşunları Rusiyadan 1 milyard dollarlıq silah və texnika alıb. Hətta neftin ucuzlaşmasına baxmayaraq silahlanma tempinin aşağı düşdüyünə dair heç bir əlamət yoxdur.

“Azərbaycanın aldığı silahlar bunu dəqiq müəyyən edir ki, ölkənin quru qoşunlarının Qarabağın qaytarılması kampaniyasını aparmaq üçün imkanları genişləndirilir. Bu silahlanma erməni piyada qoşunlarını möhkəmləndirilmiş mövqelərindən vurub çıxarmaq, erməni artelleriyasının cavab zərbələrini neytrallaşdırmaq üçün nəzərdə tutulan müasir mobil artilleriya və raket sistemlərinin alınmasına yönəlib.

Azərbaycan bu yaxınlarda Rusiyadan ağır termobarik raketlər atan dəhşətli “Tos-1A Buratino” odsaçan sistemlərini alıb. Əgər bu sistemlərin hamısı birdən işə salınsa, onlardan açılan yaylım atəşi Ermənistanın əsasən Ağdam kimi düzənlik ərazidə yerləşdirilmiş müdafiə xəttini darmadağın etmək üçün kifayətdir” - məqalədə deyilir.

Jurnal həmçinin yazır ki, İsrail son bir neçə ildə Azərbaycanın silahlanma üzrə əsas tərəfdaşlarından biri olub. Nəticədə Azərbaycan Hərbi-Hava Qüvvələri İsrail istehsalı olan pilotsuz kəşfiyyat təyyarələrinin sanballı eskadrilyasına malikdir. Azərbaycanın İsraildən aldığı pilotsuz kəşfiyyat təyyarələri erməni artilleriyasını ovlamaq üçün misilsiz əhəmiyyət daşıyır.

Ermənistana gəldikdə isə “The National İnterest” yazır ki, bu ölkə və Qarabağdakı psevdo erməni “dövləti” silahlanmada Azərbaycanla ayaqlaşa bilməz.

Ermənistan Azərbaycanın malik olduğu sayda tanklara, pilotsuz kəşfiyyat təyyarələrinə malik olmasa da erməni hərbçiləri də sanki müharibənin qaçılmaz olduğunu görüb hazırlıqlarını bu istiqamətdə aparırlar.

Jurnal yazır ki, Rusiya faktiki olaraq Ermənistana kiçik radiuslu operativ taktiki raketlər - “İsgəndər” kompleksləri verib.

Lakin analitik hesab edir ki, Azərbaycan hərbi balansı öz xeyrinə dəyişsə də coğrafi amillər Ermənistanın xeyrinədir. Ermənistan ordusu bütün təmas xətti boyu strateji yüksəklikləri tutub. Azərbaycan ordusu Qarabağa hücum etmək üçün sərt dağlıq əraziləri keçməlidir. Hücum üçün yeganə düzənlik istiqamət Ağdam istiqaməti hesab olunur. Əgər Azərbaycan qüvvələri bu istiqamətdən ermənilərin müdafiə xəttini yarıb Əsgərana çıxa bilsə, oradan Qarabağın əsas şəhəri olan Xankəndinə birbaşa çıxış əldə edəcək.

Geri dön