Ana Sayfa > Xəbər > Şəhərdə sərbəst gəzən vərəm dispanserinin xəstələri - REPORTAJ

Şəhərdə sərbəst gəzən vərəm dispanserinin xəstələri - REPORTAJ


11-01-2016, 16:12. Yazar: admin
Şəhərdə sərbəst gəzən vərəm dispanserinin xəstələri - REPORTAJ
Son günlər yayılan xəbərlərə görə, paytaxtdakı bir sıra vərəm əleyhinə dispanserlərdə və xəstəxanalarda sanitariya şəraitinə riayət edilmir. Bu azmış kimi, yoluxma ehitmalı yüksək olan və qeydiyyata alınmış vərəmli xəstələr tibb ocağından kənara da çıxırlar. Hətta onların digər insanlarla görüşməsi yasaq olsa da, apteklərdən özləri üçün dərman aldıqları da bildirilir. Yayılan məlumatlar arasında vərəmli xəstələrin ictimai yerlərdə, çayxanalarda, kafelərdə çay içib yemək yedikləri də var. Onlara bu icazəni xəstəxana rəhbərliyinin, həkimlərinin verməsi xəbərləri isə daha tükürpədicidir.

Bütün bunları yerində araşdırmaq üçün hafta.az-ın əməkdaşı 1 saylı Vərəm Əleyhinə Dispanserə yollanıb. Orada olub bitənləri müşahidə edib.

Şəhərdə sərbəst gəzən vərəm dispanserinin xəstələri - REPORTAJ

Səhər saat 9:00 radələrindən dispanserin həyətində müşahidələrimizə başladıq. İlk olaraq onu deyək ki, səhiyyə ocağının giriş qapısına xəstələrlə görüşün vaxtı 17-00-dan 19-00-a kimi göstərilsə də, elə səhər saatlarından başlayaraq xəstə yaxınlarının binadan içəri buraxıldığının şahidi olduq. Apardığımız sorğulardan sonra məlum oldu ki, xəstəxana həyətindən içəri daxil olan hər üç nəfərdən biri xəstə yanına gedənlərdir. Digər qism insanların isə ya xəstələrin özləri, ya da ki, müalicə üçün dispanserə gələnlərdi.

1 saylı Vərəm Əleyhinə Dispanserin gözətçisi Malik adlı şəxs hafta.az-a açıqlamasında bildirdi ki, müalicə ocağından vərəmli xəstələr günortadan sonra istənilən vaxt bayıra buraxılır:

Şəhərdə sərbəst gəzən vərəm dispanserinin xəstələri - REPORTAJ

“Saat 15:00-dan sonra xəstələr bayıra buraxılır. Onlar rahat şəkildə gedib apteklərdən dərmanlarını ala bilirlər. Hətta lazım olduqda bir az da tez, saat 12-də də bayıra çıxırlar”.

Xəstəxana qapıçısı "vərəmli xəstələrin bu cür bayıra buraxılmasının digər insanlar üçün yoluxma mənbəyidir, niyə bayıra çıxmasına icazə verilir" sualını da bu cür cavablandırdı:

“Yuxarıda xəstə yaxınları ilə görüş axşam saat 17-dən 19-a göstərilir. Amma səhər tezdən də gələnlər olur. Eləsi var ki, uzaq yoldan gəlir. Nə deyəsən, mümkün olmur. Yaxud da başqasının işləri olduğu üçün axşam gələ bilmir, günorta vaxt tapa bilib, o zaman gəlib. Xəstələr də məndən yox, tibb bacılarından, həkimlərindən icazə alıb çıxırlar. Həmişə belə olub. Ağır xəstələr yox, nisbətən yüngülləri bayıra çıxır”.

Xəstəxananın içərisinə daxil olduqda gördük ki, binada heç də dezinfeksiya işləri aparılmır. Yuxarı mərtəbədən düşən ağır xəstələr pilləkənlərin tutacaqlarına söykənə-söykənə aşağı enir, ürəyi istədikləri yerə də gedirlər. Hətta bir xəstədən niyə yanınızda növbətçi həkim və ya tibb bacısı yoxdur deyə soruşduq. Cavabı isə çox qısa oldu:
“Həkim özü göndərdi ki, gedim rentgendən keçim, kağızı da alıb ona gətirim”.

Xəstənin əlində isə iki ədəd on, bir ədəd isə beşmanatlıq vardı. Üstəlik ağzında nə qoruyucu nəfəslik, nə də əllərində qoruyucu əlcək gördük. Həmin tutacaqlara neçə insanın əlinin toxunduğunu düşünək. Aydın olur ki, elə xəstəxana daxilində vərəmə yoluxma riskinin nə qədər böyük olduğunu dərk etmək o qədər də çətin deyil.

Şəhərdə sərbəst gəzən vərəm dispanserinin xəstələri - REPORTAJ

Baş həkimin otağının önündə isə kifayət qədər növbə vardı. Xəstələr və yaxınları dispanserin baş həkimi Y.S. Şıxəliyevin qəbuluna düzülmüşdülər. Ara-sıra növbədə duranlar arasında narazılıqlar olduğunu da görürdük. Belə ki, kənardan gələn insanlar növbə qaydasına riayət etmir, birbaşa baş həkimin otağına keçirdilər. Növbəmiz çatdıqda baş həkimin köməkçisinə jurnalist olduğumuzu, onunla müsahibə etmək istədiyimizi bildirdik. Cavab gəldi ki, cənab Şıxəliyevin bu gün işi çoxdur və xəstələri müayinə edib, rentgenlərin cavablarını analiz edəcək. Bir sözlə, tibb elmləri doktoru Şıxəliyevlə vərəmli xəstələrin hansı əsasla bayıra buraxılmasına aydınınlıq gətirə bilmədik.

Ad və soyadını təqdim etməyən dispanserin tibb bacısı da xəstələrin günorta saatlarından sonra xəstəxana darvazasından bayıra buraxıldığını, lazım olan tibbi vasitələri bir sıra hallarda özləri aldıqlarını söylədi:

“Buraxılır, niyə buraxılmır ki? Adətən günortadan sonra gedirlər. Çünki səhər saatlarında yoxlama olur. Həkim müayinə etdikdən sonra buraxılırlar”.

Çar-naçar müşahidələrimizi xəstəxananın həyətində davam etdirmək qərarına gəldik. Yaxınlıqdakı kafeyə yaxınlaşıb burada Vərəm Əleyhinə Dispanserdən xəstələrin yemək sifariş edib-etmədiyini soruşduq. Kafe işçisi Sahib Kazımovun sözlərinə görə, bir sıra xəstələr gəlib yemək yaxınlıqdakı kafedən də yemək alırlar:

“Tez-tez olmur, adətən axşamlar gəlib yemək alıb gedirlər. Burada oturub yeyənləri görməmişəm. Xəstə yanına gələnlər oturub yeyirlər amma xəstələrin özünü bilmirəm”.

Sahib Kazımovun suallarımıza başdansovdu yanaşdığını nəzərə alıb bizi və oxucuları maraqlandıran digər əsas nüanslara toxunduq:

- Sahib bəy, vərəm yoluxucu xəstəlikdir. Tüpürcəkdən, nəfəsdən, hətta əl toxunuşunda, qab-qacaqdan da yoluxa bilər. Bəs buna niyə izn verirsiniz, axı bura da ictimai yerdir?! Yoluxma təhlükəsi də böyükdür...

- İndi buna baxan var? Hər kəs bir qarın çörəyini qazanır. Mən olmayacam, gedib bir başqasından alacaq. Üstəlik biz sifarişləri kauçuk qablarda veririk. Hətta kafedə də sifarişləri bu cür yerinə yetiririk.

- Xəstə yanına gələnlərin də burada yemək yeməsi təhlükəlidir. Çünki onlar da vərəm simptomları daşıyıcısı olmaqdan sığortalanmayıblar...

- Daha deyin ki, bağla çıx get də buranı. Bəs pulumuzu necə qazanaq?! Sizin işiniz-gücünüz yoxdur?

- Bəs tibb bacıları xəstələr üçün buradan yemək alırlar?

- Bəzən alırlar. Xəstədir də, deyir, ürəyim ev yeməyi istəyir. Yəqin xəstəxanada verilən yeməklərdən beziblər. Nə verirlər ki guya... Dadı-duzu olmayan “pervi”lərdir də. Hər gün eyni şey yemək olmaz axı.

Sahib Kazımov kimi kafe sahiblərini yalnız öz qazancları maraqlandırsa da, vərəm əleyhinə ictimai nəzarətin qorunmamasında ən azından 1 saylı dispanserin rəhbərliyi qədər məsuliyyət daşıdığını əminliklə söyləmək olar.

Müşahidələrimiz zamanı dispanserlə üz-üzə yerləşən aptekə də baş çəkdik. Vərəm diaqnozlu xəstələrin buradan lazımi dərmanlar alıb-almamasını öyrənməyə çalışdıq. Aptek işçisi Nicat Sanalıyev isə bildirdi ki, adətən buraya ağır xəstələr yox, yüngülləri gəlir.

- Yüngül xəstə deyəndə kimləri nəzərdə tutursunuz?

- Yəni onlar da soyuqdəymədən, ciyərlərin pnevmaniyasından müalicə alanlardır. Ağır xəstələri buraxmırlar.Ağır xəstələr 4-5-ci mərtəbədə qalırlar. Onların gəlmək imkanları yoxdur.

- Bəs həmin xəstələrin əllərində və ağızlarında qoruyucu maskalar olurmu?

- Əllərində əlcək olmasa da nəfəsqoruyucu maskaları olur. Vərəm adətən hava yolu ilə keçdiyi üçün daha çox ağızlarına maska taxırlar. Bəzi hallarda tibb bacıları da gəlib dərman alırlar. Əsasən ağır xəstələrin valideynləri, yaxınları və doğmaları gəlib xırda-para dərmanlar alıb gedirlər. Çünki vərəm əleyhinə əsas dərmanları xəstəxanalar özləri verir. Onların buradan aldıqları isə bint, spirt, yod və bu kimi tibbi dərman vasitələri və avadanlıqlardır.

- Bəs siz özünüz də ağ xalat geyməmisiniz axı?

- İçəri soyuqdur, ona görə, gödəkcədə otururuq. Çünki bəzi dərmanlar soyuq temperatur tələb edir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən mövqe öyrənməyə çalışsaq da, zənglərimizə cavab verən bir səlahiyyətli şəxs tapılmadı.

Yaranmış vəziyyətə münasibət bildirən tibb elmləri doktoru Adil Qeybulla hafta.az-a açıqlamasında deyib ki, reallıqda xəstəxana qeydiyyatında olmayan və açıq havaya nə qədər vərəm çöpləri buraxan təhlükəli vərəm daşıyıcıları var:

“Bu hələ xəstə qeydiyyatında olanlardır. Həttə elə vərəm xəstələri var ki, yeraltı keçidlərdə, insanların sıx olduğu yerlərdə açıq şəkildə gəzirlər. Bununla da nəfəs vasitəsi ilə havaya çoxlu vərəm çöpləri buraxmış olurlar. Təsadüfi deyil ki, vərəmin tolerant forması Rusiya həbsxanalarından Azərbaycana yayılıb. Bu vərəmin ən təhlükəli növüdür. Bu formaya görə, Azərbaycan əhali sayına əsasən dünyada birinci yeri tutur. Bu, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatdır. Hesab edirəm ki, bununla bağlı maarifləndirmə işi, kütləvi informasiya vasitələri ilə bağlı əhaliyə müraciət işləri çox səthi aparılır”.

Adil Qeybulla hesab edir ki, Azərbaycanda vərəmli xəstələrin dəqiq sayını əks etdirməkdə statistika da acizdir:

“Durum elədir ki, statistikanı mən deyə bilmərəm, Səhiyyə Nazirliyi daha dəqiq bilər. Həm də rəsmi statistika reallığı qətiyyən əks etdirə bilməz. Bununla bağlı xəstəxana rəhbərliyində məsuliyyət hissi olmalıdır. Cinayət işi açılması üçün isə kifayət qədər faktlar və dəlillər olmalıdır. Vərəmli xəstələrin xəstəxanadan bayıra buraxılması dispanserdaxili rejimin pozulması deməkdir”.

Qeyd edək ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin və 1 saylı Vərəm Əleyhinə Dispanserin də mövqeyini yayımlamağa hazırıq.

Geri dön