Ana Sayfa > Xəbər > Azərbaycanlı tacirlərin ağlına heyranam
Azərbaycanlı tacirlərin ağlına heyranam11-01-2016, 13:15. Yazar: admin |
![]() Azərbaycan xalqını çox sevir. Deyir ki, səmimi və qonaqpərvərsiniz. Bir çox Avropa ölkələrində olsa da, bizim xalq kimi mehriban insanlara hələ rast gəlməyib. Hətta vurğulayır ki, ana vətəni Çində belə bu qədər səmimi, əcnəbiyə qarşı yardımsevər, qonaqpərvər insanlar yoxdur. Rubrikamızın bu dəfəki qonağı Bakı Slavyan Universitetinin çinli tələbəsi Chen Zhong Hongdur. Çinli Acon Müsahibimiz Çin Xalq Respublikasının Zhefiang şəhərindən gəlib. Adı çətin olduğu üçün türk və azərbaycanlı dostları ona Acon deyir. Elə bizə də Acon deməyi məsləhət görür. Aconun ölkəmizə gəlməkdə məqsədi qohumunun burada açdığı zavodda işləmək olub. Ölkəmizi çox sevdiyi üçün Azərbaycan dilini öyrənir və burada təhsil almağa başlayır: “Çinli qohumumun Bakıda zavodu var idi. Həmin zavoda işə qəbul üçün CV göndərdim və məni Azərbaycana çağırdılar. Dili bilmədiyimdən çətinlik çəkirdim. Həm dil öyrənmək, həm də işi bilmək üçün Azərbaycan təhsili tələb olunurdu. 2015-ci ildən Slavyan Universitetində Azərbaycan sektorunda təhsil almağa başladım, daha sonra rus dilini öyrənmək üçün rus sektoruna keçdim”. Əcnəbi müsahibimiz deyir ki, xalqımızın ən çox sevdiyi xüsusiyyəti insanların mehriban və qonaqpərvər olmasıdır: “Gürcüstan, İngiltərə, Dubay və bir çox Avropa ölkələrində olmuşam. Amma heç bir xalq mənə Azərbaycan xalqı qədər səmimi gəlməyib. Hətta doğulduğum Çində belə, insanlar sizin xalq qədər mehriban və səmimi deyil. Digər ölkələrdə yolda kimdənsə söz soruşduqda, insanı adi qarşılayırlar. Azərbaycanda isə az qalırlar, özləri də səninlə gedib həmin ünvana çatdırsınlar. İnsana, xüsusilə əcnəbiyə ürəklə, canla-başla cavab vermələri məni təəccübləndirir. 2009-cu ildən Bakıda kirayə qalıram. Qonşularım çox mehribandır. İlk gəldiyim gündən mənə Azərbaycan dilini öyrənməyimdə çox kömək oldular”. “Yaşamaq çox rahat və gözəldir” Müsahibimiz hesab edir ki, ölkəmizdə tacirlər çox ağıllıdır. Onun sözlərinə görə, Azərbaycan Qafqazın ən gözəl ölkələrindən biridir və çox güclüdür: “Məndən soruşsalar ki, Azərbaycanı bir cümlə ilə ifadə et, deyərəm ki, Qafqazın ən gözəl yerlərindən biridir və güclüdür. Azərbaycan neftinə və ticarətinə görə fərqlənən ölkələrdən biridir. Azərbaycan tacirlərinin ağlı çox yaxşı işləyir. Mən həmişə onların ağıllarına, tacirlik qabiliyyətlərinə heyran olmuşam”. Acon deyir ki, ölkəmizdə ən çox sevdiyi yer Şamaxıdır: “Bakı çox gözəl şəhərdir. Bakının bütün gəzməli yerlərində olmuşam. İçərişəhəri çox sevirəm. Şamaxı, Qəbələ, Gəncə, Quba, Qusara səyahət etmişəm. Amma ən çox xoşuma gələn şəhər Şamaxı idi, çünki orada yaşıllıq çoxdur. İlin hansı fəslində gedirsən-get, ora insana yaz təəssüratı bağışlayır. Çin çoxmillətli respublikadır. Orada insanlar çoxdur. Amma Azərbaycan elə deyil. Burada yaşamaq çox rahat və gözəldir”. “Ucuz hotel yoxdur” Aconun ölkəmizdə sevmədiyi və onu narahat edən məsələ ucuz hotellərin olmamasıdır: “Azərbaycanda xoşuma gəlməyən tək cəhət otellərin az olmasıdır. Burada qalmağa hostellər, balaca yerlər yoxdur ki, sıravi vətəndaş pulunu verib qala bilsin. Bundan əlavə, mən Bakıya gələndə naviqasiya sisteminin zəif olması baxımından əziyyət çəkdim. Məsələn, mən Bakını tanıyıram, ancaq digər ölkədən gəlib Azərbaycan dilini bilməyənlər üçün çox çətindir, çünki yazılar, yoldakı işarələr Azərbaycan dilindədir”. Çinli həmsöhbətimiz mətbəximizi çox sevir. Yeməklərlə yanaşı, meyvələrimizin vurğunudur: “Azərbaycan mətbəxini çox sevirəm. Bozbaş və kabab mənim üçün ən ləziz təamdır. Kababın ətrini, qoxusunu heç bir yeməyə dəyişmərəm. Ümumiyyətlə, Azərbaycanda ət yeməklərini yeməyə üstünlük verirəm. Meyvələrdən isə burada yetişən gilasın tayı-bərabəri yoxdur. Bakıya gəldiyim gündən etibarən burada Çində olmayan meyvələr görmüşəm. Elə meyvələr var ki, başqa ölkələrdə var, amma dadı burdakı kimi deyil. Azərbaycanda narla gilası çox sevirəm. Məsələn, nar Çində də var, amma Azərbaycandakı qədər dadlı deyil. İlin bütün fəsillərində bu meyvələri mənə versələr, eyni dadı alıram”. Acon müəllimlərindən də söhbət açdı. O deyir ki, Çinə nisbətə Azərbaycanda imtahan sayı azdır: “Azərbaycanlı müəllimləri çox sevirəm. Çində universitetlərdə çox ciddi qayda-qanun var. Hətta sağa-sola fırlanmağa belə qoymurlar. İmtahanlar çətin və sayı çox olur. Amma Azərbaycanda daha yaxşı, rahat oxuya bilirəm. Müəllimlər çox mehribandır, imtahan verməyə şərait yaradırlar. Dili bilmədiyim vaxtlarda mənə imtahanlardan keçməkdə köməklik edirlər”. Acon sonda vurğuladı ki, Azərbaycan dilini çox sevir və bu dildə ünsiyyət qurmaqdan zövq alır Geri dön |