Ana Sayfa > Xəbər > Qızıl-zinət əşyalarının qiymətlərinin qalxmasının SƏBƏBLƏRİ

Qızıl-zinət əşyalarının qiymətlərinin qalxmasının SƏBƏBLƏRİ


8-01-2016, 17:19. Yazar: admin
Qızıl-zinət əşyalarının qiymətlərinin qalxmasının SƏBƏBLƏRİ
Son bir həftə ərzində sosial şəbəkələrdə qızıl və brilyantların qiymətlərində kəskin artım olması ilə bağlı məsələ gündəmə gəlib. Bir sıra ekspertlər isə zinət əşyalarının qiymətindəki qalxmanı süni hesab edirlər. Satıcı və müştərilər isə tamam başqa fikirdədirlər. Bir sözlə, yaranmış vəziyyət satıcı ilə alıcı arasında iki cəbhə yaradıb.

Qızıl və brilyantların qiymətlərində neçə faiz bahalaşma olduğunu öyrənmək üçün hafta.az-ın əməkdaşı müvafiq qızıl dükanı və mağazalarına baş çəkib.

Müxbirimizlə söhbət zamanı satıcılar bildirib ki, yeni ildən sonra qızıl və brilyantların qiymətlərində bahalaşma qeydə alınmayıb. Ancaq zinət əşyaları satıcısı Hamlet Şirinov hafta.az-a açıqlamasında deyib ki, qızılın qiymətinin qalxması dolların dəyər qazanması ilə bağlıdır:

“Dekabrın 20-dən sonra dollar qalxdı. Manatın dəyərdən düşməsi müəyyən mənada bizim də bazara öz təsirini göstərib. Əgər alış-veriş manatladırsa, əvvəlki qiymətlərlə müqayisədə 50, bəzən də altmış-altmış beş faiz qiymətlər bahalaşıb. Yox, əgər müştəri qızılı dollarla alırsa, onda heç bir qiymət artımı yoxdur. Yəni əvvəlki qiymətlərə də satırıq. Müştərilərin çoxu isə dollarla yox, manatla gəlir. Qiymətləri soruşub, gedirlər. Çünki mövcud qiymətlər büdcələrinə uyğun gəlmir”.

Adının açıqlanmasını istəməyən digər satıcı isə bildirib ki, qızılın qiymətlərinin qalxmasının bir neçə səbəbi var:

“Birincisi, biz malı xaricdən dollarla alırıq. Xaricdə qızılın qiymətində artım yoxdur, qiymət qalxması ancaq bizdə müşahidə olunur. Manatın əlli faiz ucuzlaşması 1000 manatlıq malın 1500-ə satılması anlamına gəlir. Bəzən bu məbləğ daha da böyüyür. Üstəlik, 5 faiz əlavə dəyər vergisini də bunun üstünə gəlin. Bu da son deyil. Mərkəzi Univermaq rəhbərliyi də bahalaşmadan sonra icarə haqqını qaldırdı. İndi 500 manatlıq qızıl köşkünün yeri 800-1000 manat olub. Bizi niyə günahlandırırsınız? Çıxış yolu varsa, deyin, bəs nə edək?”.

Satıcı Murad Əzizovun sözlərinə görə isə qiymətlərin qalxması səbəbindən alıcı zəifliyi hazırda pik həddinə çatıb:

“Əslində, yay aylarından başlayaraq, alıcılıq qabiliyyəti aşağı düşüb. Bu hal birinci devalvasiyanın təsiri idi. Dekabrın ortalarından bu yana isə satış təmiz “ölüb”. Gələnlər qiyməti eşidib, qaçır. İndi toy edənlər də, elə bizim günümüzdədir. 585-lik, 583-lük əyarlı qızılların qiymətində 40-45 faiz qalxma var. Bunlar adətən rus və türk qızıllarıdır. 750 və 820 əyarlı Dubay qızıllarının qiyməti baha başa gəlir. Ona görə də onlarda manatla qiymət artımı 60-65 faizə qədər olur. Brilyantların qiymətində isə bir o qədər də artım yoxdur. Mən həm brilyant daş-qaş, həm də qızıl satıram. Dubaydan özüm gətirirəm. İki həftədir ki, satışa çıxarılıb, cəmi bir dəst daş-qaş satılıb. Vəssalam”.

Əlağa adlı zərgərin sözlərinə görə isə zinət əşyalarında qiymət artımı normaldır:

“Bahalaşmadan sonra vətəndaşlar qızıl almır, əksinə, öz qızıllarını satırlar. Alıcı qabiliyyəti olmadığı üçün satıcılar çox vaxt qızıl almaqdan imtina edirlər. Belə olan halda qızılını satmağa gətirən şəxs malını dəyər-dəyməzinə verib, gedir. Bu hal dollar bahalaşandan sonra daha da kəskinləşib. Üstəlik, əvvəllər birin-birə olan bu balaca köşkə 400 manat verirdim. İndi isə 600 manat olub. Biz də qızılın əyar yoxlamasını 3-5 manata edirdiksə, indi məcburuq 7-8 manata yoxlayaq. Başqa çıxış yolumuz yoxdur. Bir ay əvvəl günə 50-100 manatarası qazancımız olurdu. İndi heç onun üçdə biri qədər qazana bilmirik”.

Qeyd edək ki, müşahidələrimiz zamanı alıcılardan daha çox vətəndaşların öz qızıl-zinət əşyalarını satdığını gördük. Ümumilikdə isə qızılların qiyməti orta hesabla 45-55 faiz, qızıl suvenirlərin 50 faiz, brilyant və daş-qaşların isə 65-75 faizarası bahalaşıb.

Geri dön