Ana Sayfa > Xəbər > Elton Məmmədov: “Heç bir məmurla problemim ola bilməz”

Elton Məmmədov: “Heç bir məmurla problemim ola bilməz”


9-04-2015, 11:34. Yazar: admin
Elton Məmmədov: “Heç bir məmurla problemim ola bilməz”
"Bu ilin payızında 4-cü çağırış Milli Məclisin səlahiyyət müddəti başa çatır"

PİA.AZ xəbər verir ki, Modern.az saytı deputatlardan ötən müddətdə seçki platformalarını necə yerinə yetirdiklərini, 2015-ci ildə yenidən namizədliklərini irəli sürüb-sürməyəcəklərini öyrənir.

Bu dəfə suallara 91 saylı Ucar seçki dairəsindən deputat Elton Məmmədov cavab verib.

-15 ilə yaxındır Milli Məclisin deputatısınız. Ötən 4 ildə seçki platformanızı qurarkən verilən vədlər nə dərəcədə özünü doğrultdu?

-Qeyd etdiyinz kimi, 3 çağırış Milli Məclisin deputatıyam. Ötən 4 ildə isə seçki platformamı qaydalar çərçivəsinə uyğun şəkildə qurmuşam. Görüşlər zamanı ölkəmizdə olan problemlərin həlli istiqamətində seçicilərimlə birgə səyimiz nəticəsində bütün vədlərimə əməl olunub. Yəni, üzərinə düşən bütün işləri yerinə yetirməyimlə verilən vədlərin həyata keçirilməsinə nail olmuşam.

-Yarımçıq qalan hansısa qanun layihəsi varmı?

-Yarımçıq qalan heç bir qanun layihəsi olmayıb. Nəzərdə tutulan bütün işlər plana uyğun Milli Məclisin plenar iclaslarında müzakirə olunub. Təbii ki, yerdə qalan digər məsələlər isə Milli Məclisin növbəti plenar iclaslarında müzakirəyə çıxarılıb qəbul ediləcək.

-Doğulduğunuz Ucar rayonundan seçilən deputatsınız. Ötən 4 il və ondan əvvəlki illərdə rayon icra başçısı ilə hansısa məsələdə üst-üstə düşməyən fikirlər, mübahisələr yarandımı?

-Bu illər ərzində Ucar rayonunun heç bir icra başçısı ilə gərgin məqamlar yaşamamışam. Hətta, deyə bilərəm ki, nəinki Ucar rayonunun, ümumilikdə Azərbaycanın heç bir hökumət üzvləri ilə, icra hakimiyyətinin nümayəndələri ilə heç bir problemim olmayıb və ola da bilməz. Hər birimiz cənab prezidentin ətrafında sıx birləşməklə xalqımıza xidmət edib qüdrətli və çiçəklənən dövlətimizi daha da möhkəmləndirməliyik. Həm icra başçısının, həm də bizim üzərimizə düşən işlər var ki, ayrı-ayrılıqda öhdəsindən gəlməyə çalışmışıq.

-GUAM Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbərisiz. Beynəlxalq qurumun Azərbaycan təmsilçisi olaraq xaricdə hansı işləri görmüsünüz?

-Təbii ki, xarici ölkələrdə də üzərimizə düşən işləri yerinə yetirmişik. Üzv olduğumuz beynəlxalq qurumun azərbaycanlı rəhbəri kimi dəfələrlə Baltik ölkələrində olmuşuq. Keçən ilin sonunda Moldovada keçirilən iclasda iştirak etmişik. GUAM-ın rəhbəri olaraq Azərbaycan nümayəndə heyəti öz qarşısında duran məsələlərin həll olunmasına çalışıb. Qəbul edilən sənədlərdə hər zaman pozitiv olublar və ən aktiv GUAM iştirakçılarından biridirlər.

-Seçiciləriniz arasında sizə aidiyyatı olmayan məsələlərlə bağlı müraciət edənlər olubmu?

-Bəli, bizə aidiyyatı olmayan məsələlərlə də bağlı müraciətlər olub. Biz də gücümüz çatan səviyyədə həmişə xalqımıza kömək etmişik və dəstəkləmişik.

-Bəs maraqlı müraciətlər barədə nə deyə bilərsiniz? Məsələn, “Elton müəllim, çəpərim uçub onun düzəlməsində mənə köməklik edin”, “Evimin qopan hissəsinə suvaq vurmaq lazımdır, mənə yardım edin”. Bu tipli müraciətlərdən söhbət gedir.

-Dediyiniz formada müraciətlər olub. Amma düşünürəm ki, bu cür müraciətlər edilirsə, yəni seçicinin çəpəri uçubsa, evinin divarı sökülübsə, bu artıq problemdir. Buna maraqlı müraciət kimi yanaşmıram. Belə məsələlər çox olub və dərhal ona reaksiya vermişik. Gücümüz daxilində o insanları daima dəstəkləmişik. Bir sözlə, Azərbaycan xalqının hər bir problemi nəinki deputatın, digər hökumət üzvlərinin, hamının ümdə məsələsidir ki, birgə köməklik edib insanlara dəstək versinlər. Vəzifə bundan ötrüdür. Dəfələrlə cənab prezidentimiz belə çağırışlarla çıxış edib ki, hər bir vəzifəli insan Azərbaycan vətəndaşına köməklik etməlidir. Gücümüz çatan səviyyədə, sivil və təkmilləşən cəmiyyət qurmalıyıq.

-Elton müəllim, növbəti parlament seçkilərinə qatılmaq fikriniz varmı?

-Onu zaman göstərəcək. Çünki bu barədə hələ qərar verməmişəm. Ona hələ zamanımız var. İnşallah bu çağırışı başa vurmaq lazımdır. Əhali ehtiyac duyarsa, dəstəkləyərsə ona baxacağıq.

Geri dön