Ana Sayfa > Xəbər > Kürd dövlətinin yaranması real deyil, çünki...

Kürd dövlətinin yaranması real deyil, çünki...


5-01-2016, 09:20. Yazar: admin
Kürd dövlətinin yaranması real deyil, çünki...
Yaxın Şərqdə gedən geosiyasi proseslər və müharibələrin hədəflərindən birinin dünya güclərinin bölgədə kürd dövləti yaratmaq planının tərkib hissəsi olduğu getdikcə daha aydın şəkildə ortaya çıxır. Bugünlərdə ABŞ-ın vitse-prezidenti Co Bayden Şimali İraqdakı kürd administrasiyasına işarə edərək bölgədə kürd dövlətinin yarana biləcəyinin mümkünlüyünə eyham vurdu. Bir sıra ekspertlər hesab edir ki, bölgədə kürd dövləti faktiki olaraq yaradılır və belə bir dövlətin yaranması çox dövlətlərə təsirsiz ötüşməyəcək.

Xüsusən də tərkibində kürd millətindən vətəndaşları olan dövlətlərə hansısa şəkildə təsir göstərə biləcəyindən söz edilir. Bu mövzuda danışan politoloq Qabil Hüseynli bildirdi ki, İraqın şimalında Məsud Bərzani əslində çoxdandır müstəqil dövlət quruculuğuna başlayıb. İraqın başının vətəndaş qarşıdurmasına, terrorçu qruplaşmalara qarışdığı bir vaxtda Bərzani bir sıra ciddi addımlar atıb: “Əvvəla, kürd bölgəsini türkmənlərin, əslində azərbaycanlıların yaşadığı Kərkük hesabına bir xeyli genişləndirmiş və Kərkük türklərinin mərkəzi sayıla biləcək Ərbil şəhərini də ələ keçirib, onun ətrafındakı böyük bir vilayəti də İraqın şimalında olan kürd muxtariyyətinin tərkibinə daxil edib. Son dövrlərdə bütün bunlar ABŞ-ın, müəyyən qədər də Türkiyənin xoş münasibəti altında həyata keçirilir.

Bərzani kifayət qədər hiyləgərliklə hərəkət edir. O, İŞİD-ə qarşı mübarizədə peşmərgə qüvvələrindən müəyyən qədər istifadə edə bilmiş və ABŞ-la Avropanın dəstəyini ala bilmişdi. PKK-nın Suriya qolu olan PYD-ni də Şimali Kürdüstandan vurub çıxararaq Türkiyə ilə öz arasında xoş münasibətlərin bərqərar olmasına imkan yaradıb. Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra Rusiyanın Türkiyəyə qarşı bir sıra ittihamlarının ifşa edilməsində Şimali İraqdakı Kürd Administrasiyası böyük rol oynadılar. Bərzani tez-tez Ankaraya gəlir və sanki türklərin ”saqqızını oğurlayıb". Bir qədər bundan əvvəl isə ABŞ-ın vitse-prezidenti Co Bayden bəyanat verərək Şimali Kürdüstanda bir kürd dövlətinin yaradılacağının ilk siqnallarını vermişdi".

Politoloqun sözlərinə görə, Amerika bu məsələdə çox ziddiyyətli bir rol oynayır. Bir yandan İraqın ərazi bütövlüyünün pozulmayacağını, digər tərəfdən də kürdlərə müstəqil dövlət vəd edir. Türkiyənin özü də bölgədəki dövlətlərdən heç birinin ərazi bütövlüyünün pozulmayacağını bəyan etsə də, Şimali Kürdüstan Muxtariyyəti ilə əlaqələri qoruyub saxlayır. Siyasilər bir tərəfdən bir şey deyir, başqa tərəfdən də bir dövlətin formalaşması prosesinin getdiyinə biganə yanaşırlar: “Məsələn, Bərzaninin rəhbərlik etdiyi muxtar ərazidə müstəqil dövlətçiliyin artıq bütün atributları var. Milli bank sistemi formalaşdırılıb, ayrıca bir bayraq, dövlətin gerbi təsis edilib, hətta özləri pul kəsməyə də başlayıblar. Yeganə fərqləndirici xüsusiyyət ondan ibarətdir ki, Şimali İraq Muxtariyyətinin bayrağı ilə PKK-nın bayrağı arasında ciddi fərqlər var. Bu fərqlər də onlar arasında qarşıdurmanın əsasını qoyan cəhətlərdəndir. Məsələn, bu yaxınlarda onlar arasında ümumkürd bayrağı olması məsələsində polemika yaşanarkən Bərzani PKK-nın bayrağına işarə vuraraq bildirmişdi ki, bu bayraq kürdlərin milli çalarlarını əks etdirmir. Hətta bildirmişdi ki, PKK etdikləri əməllərə görə bir vaxtlar peşman olacaq. Bu da Türkiyədə rəğbətlə qarşılanmışdı”.

Q.Hüseynli vurğuladı ki, kürd dövlətinin yaranması Türkiyə və ABŞ-ın razılığı olmadan mümkün olmayacaq. Kürd dövlətinin yaranmasının bölgədə zəncirvari reaksiya verərək digər ərazilərə sıçrayacağını istisna etmək olmaz: “İraq da, Suriya da çoxmillətli dövlətlərdir. Əgər bu bölgədə ərazi dəyişmələrinə gedib yeni dövlətlərin yaranmasına rəvac verilsə, yəni Yaxın Şərqin xəritəsi yenidən biçilməyə başlasa, bu, kifayət qədər ciddi ziddiyyətlər doğuracaq. Bu ziddiyyətlər müharibə alovlarını yenidən qızışdıra bilər. Ona görə də mən kürd dövlətinin yaranacağını çox ehtiyatla qarşılayıram. Bərzani və onun yaratdığı muxtariyyət riskli addımlar atır. Amma riskli addımlarını diplomatik manevrlərlə pərdələyə bilir.

Son vaxtlar İraqda şiələrin İraqın bütövlüyü uğrunda mübarizəyə qalxması isə onu deməyə əsas verir ki, kürd dövlətinin formalaşması o qədər də asan olmayacaq. Kürd dövləti yaranarsa, konkret Azərbaycana hansısa şəkildə təsir edib-etməyəcəyinə gəlincə, Azərbaycanla həmin ərazi arasında çox böyük bir məsafə var. Kürd dövlətinin yaranması daha çox Türkiyəyə zərbə ola bilər. Çünki həmin dövlət bir presedent kimi qonşuluqdakı dövlətlərdəki kürdlərin də həmin dövlət ətrafında birləşməsinə şərait yarada bilər. Azərbaycana isə birbaşa təsir etməsi gözlənilən deyil".

Geri dön