Ana Sayfa > Xəbər > “Yol polisi qaydanı pozan sürücünün “dayı”ya zənginə artıq əhəmiyyət vermir”

“Yol polisi qaydanı pozan sürücünün “dayı”ya zənginə artıq əhəmiyyət vermir”


25-12-2015, 13:12. Yazar: admin
“Yol polisi qaydanı pozan sürücünün “dayı”ya zənginə artıq əhəmiyyət vermir”
Bakıda şəxsi avtomobildən istifadə edən kifayət qədər sürücü var. Sükan arxasında əyləşən hər kəs bir qayda olaraq “Yol hərəkəti haqqında” qanunun tələblərinə riayət etməyə borcludur. Amma müxtəlif səbəblərdən qayda pozduğuna görə cərimələnənlər də kifayət qədərdir. Qaydanı pozsa da, protokol yazılmasına əngəl olmaq istəyənlərin məşhur variantı isə telefona sarılıb “qohuma, dosta, tanışa zəng” etməkdir. Onlar kiməsə etməklə kifayətlənməyərək telefonu yol polisi əməkdaşına ötürür və güvəndiyi “dostu” ilə danışmağa vadar edir. Yol polisi isə bir çox hallarda sürücünün “yuxarıdakı” tanışı ilə danışmaqdan imtina riskinə getmir... Beləcə, day güvənc yeri olan sürücü cəza almaqdan canını qurtarır...

Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məsələ ilə bağlı Modern.az saytına açıqlamasında bu cür faktların keçmişdə qaldığını deyib: “Bu gün kimliyindən asılı olmayaraq, xəta törədən hər kəs məsuliyyətə cəlb edilir. Ola bilər ki, siz müşahidələriniz zamanı belə halla rastlaşmısınız. Nəzərinizə çatdırım ki, qanun xəta törətdiyi halda belə, sürücünün zəng vurmaq hüququnu məhdudlaşdırmır.

Yol polisi əməkdaşı qanunvericilikdə tələb edildiyi qaydada öz işini görür, sürücü də qayda pozubsa belə, qohum-əqrəbasına, tanışına zəng vurursa, özü bilər”.

Vaqif Əsədov telefonun yol polisinə uzadılmasını onun işinə müdaxilə kimi dəyərləndirib: “Bakı şəhəri ərazisində quraşdırılan kameralar vasitəsilə həm asayişin qorunmasına, həm də polis əməkdaşlarının fəaliyyətinə nəzarət olunur. İzləndiyini bilən polis əməkdaşı isə qayda pozuntusuna yol verməz.

Bundan başqa, gün ərzində sürücülər tərəfindən polis əməkdaşlarına qarşı hər hansı aqressivlik nümayiş etdiriləndə dərhal reaksiya veririk. Heç də təsadüfi deyil ki, ilin əvvəlindən bu günə qədər yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsində hadisələrin sayı 110-a qədər azalıb, 85-dən artıq ölüm faktı aşağı düşüb, xəsarət dərəcələri yüngülləşib. Bunların hamısı kompleks tədbirlərin nəticəsidir”.

Geri dön