Ana Sayfa > Xəbər > İndi toy havası deyil...

İndi toy havası deyil...


24-12-2015, 17:22. Yazar: admin
İndi toy havası deyil...
Manatın bir il ərzində faktiki olaraq ikinci dəfə devalvasiyaya uğraması - hərçənd Mərkəzi Bank buna “üzən məzənnə” deyir- Azərbaycan gündəmində bomba effekti verdi. Son günlərin baş mövzusuna çevrilən bu qanqaraldıcı hadisə ətrafında müzakirələr bitib-tükənmir və belə görünür ki, hələ uzun müddət də davam edəcək.

Ölkənin baş bankiri, maliyyə naziri, iqtidasiyyat və sənaye naziri, iqtisadi sahədə söz sahibi olan bir çox deputatlar ikinci devalvasiyanın işarətini bir müddət əvvəlcədən vermişdilər. Amma rəsmilərin açıqlamalarında manatın birdən deyil, tədricən qiymətdən düşəcəyi, başqa sözlə yumşaq devalvasiya proqnozlaşdırılırdı.

Son hadisə isə göstərdi ki, Elman Rüstəmov başda olmaqla rəsmilər necə deyərlər, əhalinin başının altına yastıq qoyurlarmış...
Qəfil devalvasiyaya bəraət qazandırmağa çalışan bəzi deputatlar isə insanları qıtlığa, aclığa dözümlü olmağa, qənaət etməyə çağırırlar...

Adamın dili dönüb söz deyə bilmir, qalırsan qırıla-qırıla... Elə bu dəmdə qapı döyülür və qarşındakı insan əlində dəvətnamə ilə səni toya dəvət edir.

Əvvəllər toy dəvətnaməsi veriləndə insanlar sevinər, bir neçə gün əvvəldən toy evinə yığışar, əyri-əskikləri düzəldərdilər.

İndiki durumda isə qənaətə çağıran ağsaqqal deputata haqq verməyə başlayırsan. Bəlkə doğurdan da qənaət rejiminə keçmək, ömründə bir dəfə salam verdiyin adamların toyuna gedib, ən azı 50 manat nəmər atmaqdan imtina etmək ən doğrusudur?..

Amma di gəl, əsl azərbaycanlı məntiqi ilə düşünsək, bu, çox ayıbdır! Axı sabah üz-üzə gələcəyik. Bu gün borca girim, toya gedim, nəmər yazdırım, sabah necə olsa bir yolunu taparam, deyib özümüzü ovundururuq...

Sabahlar isə heç də xoş olmayan sürprizlərlə bizi qarşılayır. Hökumət nümayəndələri gecə yatıb nə yuxu görürlərsə, səhər tezdən mühüm qərar qəbul edirlər. Həmin mühüm qərarlarla dollarlarının üstünə göydən manat “yağan” varlılar sevinməkdə, maaşını bu aydan o biri ayın başına qədər çatdıra bilməyən kasıblar isə ağlamaqdadırlar. İş o yerə çatıb ki, hətta dollara “konfet kağızı” kimi baxan bəzi müğənnilər insanlara acıq verib, dolların bahalaşmasına”əcəb olub” deyərək sevinirlər.

Halbuki, indi xalqın dar günündə onun yanında olub təsəlli vermək əvəzinə ironiya edən, sevinən, utanmadan hələ bu barədə mətbuata açıqlama verib “əcəb oldu” deyənləri zirvələrə elə xalq özü qalıdırb. Olmayan səsi ilə toylarda milyonlar qazanan bu oxuyanlara 10 minlərlə dollar verib məclisə dəvət edəndə elə axırı da belə olmalıydı..

İndi toy məsələsində “alan razı, satan razı” məsələnin əksini düşünsək, əminliklə, “toy edən narazı, toya çağırılan da narazı” deyə bilərik. Razı qalanlar isə restoran sahibləri və cır səslərilə bir toyda 10 min qazanan oxuyanlardır (adamın onlara müğınni deməyə belə, dili gəlmir).

Ölkədə yas mərasimlərindəki israfçılığın qarşısının alınması üçün atılan addımlar, hazırlanan qanun layihələri təqdirəlayiqdir. Bəs olmazdımı ki, bunu ümumi olaraq bütün mərasimlərə şamil edib, toy məclislərilə də bağlı müvafiq qərar verəydilər?..

Axı kiminsə 5-6 saatlıq çaldırdığı toyda bir tikə çörək yeyib kənarda oturan mən heç toy havasında deyiləm...

Geri dön