Ana Sayfa > Xəbər > Vahid Əhmədov bahalaşmanın qarşısını almaq YOLLARINI GÖSTƏRDİ
Vahid Əhmədov bahalaşmanın qarşısını almaq YOLLARINI GÖSTƏRDİ24-12-2015, 15:37. Yazar: admin |
“Benzinin qiymətinin qaldırılmasına heç bir ehtiyac yoxdur. Bunu neftin qiymətinin aşağı düşməsi ilə bağlamaq düzgün deyil. Çünki benzin bizə xaricdən idxal olunmur. Düşünürəm ki, bu yanacaq növünün qiymətində bundan sonra da artım müşahidə olunmayacaq”. Bu sözləri hafta.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. Millət vəkilinin sözlərinə görə, ölkə başçısının “benzin və tikinti sektorunda da heç bir bahalaşmaya yol vermək olmaz” sözü tamamilə doğrudur. Vahid Əhmədov hesab edir ki, Azərbaycan özünü yanacaqla təmin edir, və ona görə bu sahədə də heç bir bahalaşmadan söhbət gedə bilməz. Millət vəkili bununla yanaşı bahalaşmanın qarşısını almağın qeyri-mümkün olduğunu da dilə gətirib: “Çünki manat dollara nisbətən xeyli ucuzlaşıb. Yalnız Azərbaycanın istehsal etdiyi mallarda müəyyən qədər bahalaşmanın qarşısını almaq olar. Amma xaricdən gətirilən məhsullarla bağlı bunu demək mümkün deyil. Devalvasiyanın müəyyən məqamları var ki, bunlar yalnız qiymət artımı ilə yekunlaşmır”. Vahid Əhmədovun sözlərinə görə, burada digər məsələ var və sosial layihələr də ardıcıl olaraq həyata keçirilməlidir: “Ümumiyyətlə, bütöv bir sosial paket həyata keçirilməlidir. Bu paketə maaşlar, pensiyalar, qiymətlər, bank sistemindəki əlaqədar problemlər də daxil olmalıdır. Bu işlərin görülməsində əsas məqsəd Azərbaycan əhalisinin yaranmış vəziyyətdə əziyyət çəkməməsidir. Bazarlarda qiymətlərin qalxmasının qarşısını almaq üçün ilk növbədə yerli istehsal mallarının qiymətlərinə diqqət edilməlidir. Onların qiymətlərində artım baş verməməsi üçün nəzarət gücləndirilməlidir. Bunun üçün İqtisadi İnkişaf Nazirliyinin xüsusi departamenti var. Onlar işləməlidirlər, baxmayaraq ki, cənab prezident də bununla bağlı xəbərdarlıq edib. Amma çox təəssüf ki, qiymətlər artıq qalxıb. İqtisadi İnkişaf Nazirliyi qiymətlərin aşağı endirilməsi ilə bağlı ciddi addımlar atmalıdır. Sahibkarlar , möhtəkirlər də başa düşməlidir ki, alıcılar da Azərbaycan xalqının nümayəndəsidir, qiymətləri birdən-birə bu qədər qaldırmaq olmaz. Müraciət edirəm ki, sahibkarlar tərəfindən bir də belə şeylərə yol verilməsin”. Geri dön |