Ana Sayfa > Xəbər > Hafiz Məmmədovun sirli dönüşünün nazirlə əlaqəsi varmı?
Hafiz Məmmədovun sirli dönüşünün nazirlə əlaqəsi varmı?9-04-2015, 10:20. Yazar: admin |
Xəbər verildiyi kimi, Hafiz Məmmədov yenidən “Bank of Azerbaijan”ın Müşahidə Şurasının sədri seçilib. Xatırladaq ki, “Bank of Azerbaijan”ın səhmdarlarının 2014-cü ilin mayın 22-də keçirilmiş növbədənkənar yığıncağında bankın Müşahidə Şurasının sədri vəzifəsi Mehman İsmayılova həvalə edilmişdi. H.Məmmədovun qayıdışından sonra M.İsmayılov yenidən “Bank Technique”in Audit Komitəsinin sədri vəzifəsinə qayıdıb. Xəbərlərə görə, bankın yeni rəhbərliyi bu müddətdə ciddi səhvlərə yol verib, kredit ödəmək qabiliyyəti olmayan müştərilərə milyonlarla manat məbləğində pul ayırıb. Bankın yeni rəhbərliyinin yarım illik idarəçiliyi bu müəssisədə maliyyə durumunu kritik həddə pisləşdirib. Bankın yenidən “Hafka”ya qaytarılmasını bu səbəblə izah edənlər də var. Biznes çevrələrində “Hafka” ləqəbi ilə tanınan iş adamının iflası ötən bir ildə medianın ən çox müzakirə etdiyi mövzulardan biri idi. Əvvəl H. Məmmədovun prezidenti olduğu “Bakı” klubunda maliyyə problemləri yaşandı, sonra o, əsas səhmdarı olduğu “Bank of Azerbaijan”ın İdarə Heyətinə rəhbərlikdən uzaqlaşdırıldı, bank bütün qapılarını bağladı. Nəqliyyat naziri Ziya Məmmədovla şərikli olduğu “Baglan Group”un nəzarətində olan şirkətlərin təhvil-təslimi istənildi və hətta məhkəmə icraçıları “Nikol” banka borca görə onun villasından çıxarmaq üçün hərəkətə keçdilər. Onun “Eurovision” ərəfəsi Bakıya gətirdiyi 500-dən çox “London taksi”sinin gömrük rüsumunu ödəmədiyi də yada düşdü, taksilər yolda saxlanıb cərimə meydançasına aparıldı. H.Məmmədovun niyə vurulması haqda indiyədək bir çox versiyalar səslənib. Ona yaradılan şəraitdən başı gicəllənib, “mənəm-mənəmlik” edib; “yuxarılarla” hesablaşmaları “təmiz” aparmayıb; tapşırılan layihələri reallaşdırmağı bacarmayıb və hakimiyyətə başağrısı yaradıb və sairə. Həqiqətən də “Hafka” xarici mətbuatın gündəminə ekstravaqant oliqarx kimi düşür, müsahibələrində özündən razılığı hiss olunurdu. Onun hakimiyyətə “pul atdığı”na gəlincə, əksinə, müəyyən fondlara yığılan pulu verməkdən imtina etdiyi üçün cəzalandırıldığı da deyilirdi. Əgər “Hafka”ya “naməlum əl” kömək etməsəydi nəqliyyat naziri Ziya Məmmədovun oğlu vaxtilə H.Məmmədova 20 milyon avroya başa gəlmiş “Lans” futbol klubunu da cəmi 2,5 milyon avroya onun əlindən alacaqdı. Özü də bu, oliqarxın imzasının saxtalaşdırılması ilə baş verəcəkdi. Ancaq “Hafka” “Point to Point” offşor şirkətinin adı altında fransız klubunu ondan almağa çalışanlara qarşı duruş gətirə bildi. Üstəlik, ad çəkməsə də ona qarşı cəbhə alan Məmmədovları hədələdi də. Məlumatlara görə, H.Məmmədov “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovdan da borcunu geri alıb. Daha doğrusu, “yuxarıdan” deyilib ki, borc ödənilsin. Xatırladaq ki,"Hafka" 2009-cü ildə M.Mənsimovun 24 milyona olan təyyarəsini almaq üçün 8 milyon avro ödəyib. H.Məmmədov qalan 16 milyonu Mübariz Mənsimovun İsveçrə bankındakı borcunu bağlamalı idi. Səkkiz milyon ödədikdən sonra “Hafka”nın da vəziyyəti pisləşib və o, ödədiyi pulu geri istəyib. Bir müddət sonra “Palmali” pulun tən yarısını ödəsə də, 4 milyonu qaytarmayıb. Bu məsələ ictimailəşəndən sonra M.Mənsimovun “Hafka”ya qalan 4 milyonu da ödədiyi deyilir. Beləliklə, barəsində gah həbs ediləcəyi, gah biznesinin xaricə köçürəcəyi barədə məlumatlar yayılan H.Məmmədov yenidən əvvəlki mövqelərini bərpa edir. Bu sirli dönüşün əsl səbəbləri yəqin ki, yaxın aylarda bilinəcək. Mümkündür ki, “Hafka”nın yenidən meydana qaytarılması nəqliyyat naziri Ziya Məmmədovun zəiflədilməsi planının bir hissəsidir... (musavat.com) Geri dön |