Ana Sayfa > Xəbər > “Məmməd Aslanı Sabir Rüstəmxanlının evində kəşf etdim”

“Məmməd Aslanı Sabir Rüstəmxanlının evində kəşf etdim”


23-12-2015, 13:04. Yazar: admin
“Məmməd Aslanı Sabir Rüstəmxanlının evində kəşf etdim”
Bu gün çağdaş Azərbaycan xalq poeziyasının görkəmli nümayəndələrindən olan Məmməd Aslanın 76 yaşı tamam olur. 1939-cu ilin bu günündə Kəlbəcərdə anadan olan şair iki ay bundan əvvəl sentyabrın 23-də dünyasını dəyişdi. Modern.az saytı Məmməd Aslanın yaxın dostu şair Musa Yaqubla onun barəsində söhbət edib:
Məmməd Aslanın son günləri

Son günlərində Məmməd Aslanla çox az görüşərdik. O, bir az xəstə idi, ona görə tez-tez görüşmək imkanımız olmurdu. Bununla belə, son günlərində Məmməd Aslanla ən çox əlaqə saxlayan adamlardan biri də mən olmuşam. Onun, yaxud mənim qəzetdə, jurnalda şeirlərimiz çıxanda, yaxud yeni kitabımız çap olunanda biz bir -birimizə zəng vurardıq. Təbrik etməklə bərabər şeirdəki müsbət və mənfi tərəfləri də deyirdik.

Mənim bir babat şeirim olanda Məmməd elə sevinirdi ki, sanki onun öz şeiridir. Ömrünün son günlərində “Bu dünyanın qara daşı göyərməz” adlı kitabıma şeir həsr etdi. Həmin şeirdən çox təsirləndim və zəng edib təşəkkürümü bildirdim.

Sabir Rüstəmxanlının evində...

Mən Məmmədi ən çox Sabir Rüstəmxanlının Yardımlıdakı evində tanıdım. İkimiz də qonaq idik. Onda Məmmədin görünməyən tərəflərini də kəşf etdim. Onun təbiəti, vətəni, Arazı, Arazdan o tərəfdəki Güneyi nə dərəcədə çox sevdiyini gördüm. Onunla bu mövzularda xeyli söhbət etmişdik. İndi də həmin görüşü unuda bilmirəm.

Onu ilk dəfə görəndə

Məmməd Aslanla ilk görüşümüz 1965-ci ildə Azərbaycan Yazıçılar İttifaqında olub. Onda şeir gecələri keçirilirdi. Rəhmətlik Məmməd Araz həmin gecələrin aparıcısı idi. Azərbaycan ədəbiyyatının bütün qaymaqları - Rəsul Rza, Süleyman Rüstəm, Mirzə İbrahimov- hamısı orada idilər. Onda üçümüz - Məmməd Aslan, mən və Ənvər Əhməd şeirlərimizi dedik. O vaxtdan elə birlikdə olduq. Xoş günlərimiz keçdi. Bir dəfə Qarabağ tərəfə birlikdə getdik. Yazın əvvəlləri idi. Orada “laləli zəmilər dizimdən mənim” misrası ilə başlayan elə gözəl bir şeir yazdı ki, indi də yadımdan çıxmır. Sonra mən İsmayıllıya, Məmməd Kəlbəcərə, Ənvər isə Ağdama getdik. Amma o günlər yaşandı. Sonradan hər ikimiz Bakıya köçüb eyni şəhərdə yaşadıq.

Xarakteri çox çətin idi

Məmmədin xasiyyətində çətinlik var idi. Hamı onunla dil tapa bilmirdi. Amma mən onun dilini bilirdim. Bilirdim nədən danışmalıyam ki, Məmməd məndən inciməsin. Çünki tez-tez küsərdi. Adətən, onunla ünsiyyətdə olmaq çətin idi.

Bir dəfə də məndən incidi


Bir dəfə İsmayıllıya gəldi. Mən ona “Yalanqoz” adlı şeir həsr etdim. O, başa düşdü ki, yalanqoz nə deməkdir. Şeir xoşuna gəldi. Mən də əlyazısında üzərində yazdımışdım ki, bu şeir şair dostum Məmməd Aslana ithaf olunub. Amma kitabımı çapa verəndə bu şeiri nədənsə çıxardılar.

Sonradan xəbər tutdum, nəşriyyatda çıxarmışdılar. Məmməd sonra kitaba baxıb ona həsr olunan şeiri görməyəndə çox pərt oldu və məndən azacıq incidi. Dedim, istəyirsənsə kitabın nəşriyyata verdiyim əlyazma versiyasını sənə göstərim. Orada həmin şeiri görəcəksən. Guya o zaman kiməsə ithaf olunan, həsr edilən şeirlərin çapına imkan vermirdilər.

Məmməd Aslanın özəlliyi

Ədəbiyyatımızda Məmməd Aslanın ayrıca yolu, öz ruhu, öz hissiyyatı var. Bu gün də onun yoxluğu hiss olunur. Çünki onun ruha, vətənə, təbiətə olan yanaşması ayrıca bir poeziya yolu idi. Bu gün artıq o yol yoxdur.

Ən yaxşı qoşmaları yazardı...

Çağdaş Azərbaycan ədəbiyyatında ən yaxşı qoşmaları Məmməd Aslan yazıb. Onun ruhu, onun yolu tamam ayrıdır. O, yol, o ruh bu gün onun kitablarında, şeirlərində yaşayır və yaşayacaq.

Məmmədlə Qarabağda

Biz Məmməd Aslanla Qarabağda ancaq sovet dövründə olmuşuq. Çox təəssüf ki, Qarabağ müharibəsi zamanında Məmmədlə birlikdə orada ola bilmədim. Təbii ki, ayrı -ayrılıqda o da, mən də həmin ərəfələrdə Qarabağa səfər edirdik.

Onunla birlikdə “Azərbaycan” jurnalında işləyəndə Qarabağa getmişdik. Təxminən 1974-75-ci illər idi. Orada yaşayan Azərbaycan və erməni şairlərinin şeirlərini yığıb çap etdik. O zaman Qarabağda Azərbaycan dilində yazan erməni şairləri də var idi.

İlk və son görüşümüz

İlk görüşümüz dediyim kimi, 1965-ci ildə olmuşdu. Şeir axşamlarında şeirlərimizi oxuduq. Ondan sonra gedib bir yerdə bunu qeyd etdik. Hər şey də bundan sonra başladı. Ondan sonra o qədər görüşdük ki... Mən yenidən Bakıdan İsmayıllıya qayıdanda Məmməd tez-tez qonaq gələrdi. O zaman birinci katib Qəşəm İsmayılovla araları yaxşı idi. Mən də bir qəzetin baş redaktoru idim. Üçlükdə görüşərdik. Son görüşümüz isə bir məclisə təsadüf etdi. Həmin məclisi indi xatırlamıram. Bilmirəm, niyə yığışmışdıq, harada yığışmışdıq.

Məmmədin ölümünü eşidəndə...

Onun ölümünü eşidəndə İsmayıllının Buynuz kəndində idim. Sonra bildim ki, vəfat edəndən sonra cənazəsini Zaqataladan İsmayıllı yolu ilə Bakıya aparıblar. Məmməd hər zaman İsmayıllı yolunu keçəndə mənə zəng edərdi. Amma onda etmədi. Sonradan bildim ki, rəhmətə gedib. Bu məni çox ağrıtdı..

Geri dön