Ana Sayfa > Xəbər > Evakuatorlar yol hərəkəti qaydalarını niyə pozurlar?

Evakuatorlar yol hərəkəti qaydalarını niyə pozurlar?


23-12-2015, 12:00. Yazar: admin
Evakuatorlar yol hərəkəti qaydalarını niyə pozurlar?
Paytaxt küçələrində fəaliyyət göstərən evakuatorların sürücüləri bəzən özlərini bütün prospektin, küçənin sahibi sayır, dayanma-durma qaydalarına əməl etmir, qadağan olunan yerlərdə dönmə əməliyyatları yerinə yetirir. Bir çox hallarda isə qəza şəraitinin yaranmasına səbəb olurlar. Qanunvericilik evakuatorlara hansı üstünlükləri verir?

Ekspert Ərşad Hüseynov Modern.az saytına deyib ki, evakuator avtomobilləri xüsusi operativ nəqliyyat vasitələri deyil: “Yol hərəkəti haqqında” qanunda operativ nəqliyyat vasitələri kimi evakuatorların adı çəkilmir. Bunlar adi nəqliyyat vasitələridir və heç bir halda qaydaları pozmamalıdırlar.

Onları idarə edənlər digər sürücülərin yanında heç bir üstünlüyə malik deyillər. Bəzi adamlar düşünür ki, evakuatorların üstündə yanıb-sönən sarı, narıncı rəngli xüsusi siqnal onlara üstünlük verir. Nəzərinizə çatdırıram ki, bu siqnal yalnız xəbərdarlıq üçündür.

Əslində evakuatorların üstündə sarı, narıncı işığın olub-olmaması da qanunvericilikdə göstərilmir. Qanunun tələbinə görə həmin işıqlar yol tikintisində, yolların təmirində, yolların təmzilənməsində istifadə olunan nəqliyyat vasitələrində, məsələn zibil daşıyan, yol süpürən, yol yuyan maşınlarda və digərlərində də ola bilər”.

Ərşad Hüseynov bildirib ki, istisna hallarda, yol polisi əməkdaşının xüsusi göstəriş və icazəsi ilə hansısa qayda pozula bilər: “Bununla belə, evakuator dövlət yol polisi əməkdaşı ilə birlikdə xidmət edir. Əgər evakuatorun avtomobili yol hərəkəti qaydalarından kənara çıxmasına zərurət yaranarsa, onda avtomobilin sürücüsü bunu yalnız yol polisi əməkdaşının göstərişi ilə edə bilər.

Tutaq ki, evakuatora qadağan olunmuş yerdən geri dönməsi üçün göstəriş verilib. Geri dönən zaman sürücü digərlərinə mane olmamalıdır”.

Eksperti fikrincə, bu gün Bakı küçələrini evakuatorsız təsəvvür etmək çox çətindir: “Dayanma-durma qaydalarını pozan avtomobillər evakuasiya olunmasa, Bakının bəzi küçə və prospektlərində hərəkət etmək mümkün deyil Amma onların özləri də yüksək dərəcədə intizamlı olmalıdırlar. Bu gün onlara çox böyük ehtiyac var, amma şəxsən məni onların intizamı qane etmir.

Qanunvericilikdə evakuatorda xidmət edən şəxslər üçün xüsusi tələb nəzərdə tutulmur. Onlara ayrıca təlim keçilməlidir, polis əməkdaşı olmalıdırlar. Onlar əmək müqaviləsi ilə bu işə cəlb olunurlar, ona görə hər hansı rütbələrinin olması da tələb edilmir. Amma işə götürülərkən onlara müəyyən təlimatlar verilir”.

Geri dön