Ana Sayfa > Xəbər > Dollar 50, dərmanlar isə 100 faiz qalxdı – REPORTAJ

Dollar 50, dərmanlar isə 100 faiz qalxdı – REPORTAJ


22-12-2015, 13:54. Yazar: admin
Dollar 50, dərmanlar isə 100 faiz qalxdı – REPORTAJ
Ötən gün Azərbaycanda milli valyutanın “üzən məzənnə”yə keçməsi ölkədə bir sıra sahələrdə bahalaşma təbilinin çalınmasına səbəb olub. Ekspertlər isə hələlik bu qiymət artımlarının süni və ya təbii qalxmasını proqnozlaşdırmaqda çətinlik çəkdiklərini deyirlər. Görünən odur ki, bu gün səhər saatlarından başlayaraq, bəzi satış məntəqələri əlli faizə qədər siqaretlərin qiymətlərini qaldırıb. Ötən gün, yəni dekabrın 21–də isə Tarif Şurasının qərarına əsasən, apteklərdə satılan və endirim siyahısına düşən digər dərmanların da qiymətləri düşməli idi. Əgər ABŞ dolları manatı dərəyə yuvarlamasaydı...

Ölkə gündəmini sualları ilə zəbt edən satışda olan dərmanların qiymətində hər hansı bir dəyişmənin olub-olmamasını öyrənmək üçün hafta.az-ın əməkdaşı paytaxtda yerləşən bir sıra dərmanlara baş çəkib.

İlk olaraq yolumuzu paytaxtın Cəfər Cəfərov küçəsində yerləşən apteklərindən saldıq. Əvvəlki günlərə nisbətən dərman satış köşklərinin önü insanların nisbi sıxlığı ilə müşayiət olunurdu. Satıcıların bir ucdan uzun reseptlərlə farmakoloqlardan “o dərman varmı, bu tablet nə vaxt gələr?” - kimi suallarından qulaq tutulurdu. Bir sözlə, baş çəkdiyimiz ilk aptekdən insanlar narazı qayıdırdı desək, yanılmarıq.

Farmakoloq Zöhrə Göyüşova hafta.az-a açıqlamasında bildirdi ki, dərmanları müdiriyyət bu gün səhər baha qiymətlərə gətirib:

“Bu gün depodan mallarımız gəlib. Əvvəlki qiymətlərlə müqayisədə 50 faiz bahalaşma var. Bəzi dərmanlar isə tapılmadığı və ya məhdud sayda gəldiyi üçün onların qiymətlərində artım daha çoxdur. Amma bu dərmanların qiymətləri elə də bahalı deyil. Məsələn, Livonapril, Xymelin kimi həb və məhlulların qiyməti əvvəl 1 manat əlli qəpik idisə, indi 3 manat 22 qəpik olub. Yəni 100 faiz bahalaşıb. Qiymətləri nisbətən baha olan, yəni 40-60 manat arasında dəyişən dərman preparatlarında isə yeni qiymətlər 50 faiz artımla müşayiət olunur”.

Zöhrə xanımın daimi müştərisi olan Hüseyn Babaşov isə əməkdaşımıza açıqlamasında bildirib ki, hər həftə aldığı təzyiq dərmanları bu gün səhər göz qırpında qalxıb:

“Səhər saat səkkizə işləmiş işdən gəlirdim. Zöhrə xanımın aptekinə girib həmişə aldığım dərmanların olub-olmamasını soruşdum, dedi ki, var. Üstümdə pul az idi, evə gedib pul götürüb qayıdacaqdım ki, bir qutu alloprinol tabletkası alım. Çay içib, çörək yeyib düşdüm aşağı. İndi gəlmişəm, deyir ki, siz gələndə on iki manat idi, bir qədər əvvəl qiymətləri qaldırıblar. 20 manat 70 qəpik olub. Belə şeymi olar? Yoldaşım xəstədir, indi mən necə edim? Özüm üçün də dərman alıram. 300 manat maaş alıram. Bu yaşımda gecə növbəsində qarovulçu işləyirəm. Həmin məbləğin də 120-130 manatı dərmanlara gedir. İndi bəs nə edək? Özü də deyirdilər ki, ayın 21-i bizim dərmanların da bəziləri düşəcək. Nə oldu bəs? Nə də ki, səhər üstümdə pul yox idi ki, alım aparım bu "sovxa" qalmış dərmanı”.

Digər alıcı Hidayət Məmmədov isə hafta.az-a açıqlamasında deyib ki, onun aldığı dərmanlarda artım yoxdur:

“Mənim aldığım Prostam və Nepatok dərmanları hələlik aptekdə köhnə qiymətlərlə satılır. Nepatok 23 manat, prostam isə 42 manatdır. Bu dərmanlar heç birinci dəfə də endirim siyahısına salınmamışdı deyəsən. Çünki endirim yox idi”.

Şərifzadə küçəsindəki bir sıra apteklərdə isə yeni və köhnə qiymətlərin tərs mütənasibliyi hiss olunur. Belə ki, Zəfəran aptekdə qiymətlərin bu gündən etibarən qalxdığı bildirilib:
“Dünən yeni qərara əsasən, qiymətləri endirdik. Siyahıda olan dərmanlarda xeyli eniş vardı. Endirilən dərmanlar əsasən dünən depodan gətirilənlərdir. Həmin dərman preparatları qurtarana qədər endirim qiymətləri ilə satılacaq. Bu gün depolardan sifariş verdiyimiz dərmanların isə qiymətlərində əlli faiz bahalaşma var. Bunlar əsasən təzyiq, soyuqdəymə və ağrıkəsici kimi gündəlik tələbat dərmanlarıdır”.

Bəzi depolar bir sıra dərmanların satışını dayandırıb.

Həmin aptekdən on beş-iyirmi metr aralıdakı aptekdə isə vəziyyət tamamilə başqa idi. Müşahidələrimiz əsasında onu deyə bilərik ki, dərmanlar köhnə qiymətlərlə müştərilərə təqdim olunur:

“Müştərilərimizin büdcəsini nəzərə alıb, dünən depodan bir xeyli sayda daimi alıcısı olan dərmanları sifariş etdik. Yəqin ki, hələ bir həftə köhnə qiymətlərlə satış davam edəcək. Ancaq depoların bir hissəsi lazımi dərmanların satışını dayandırıb. Deyirlər ki, dərman yoxdur. Bunlar əsasən pnevmoniya dərmanlarıdır. Həmin dərmanlar da 21 dekabrda qiymətləri endiriləcək dərman preparatlarının siyahısına salınmışdı. Çox güman ki, üzərilərinə yeni qiymətlər yazıb, yenidən satışı təşkil olunacaq”.

Aptekdə müşahidələrimiz zamanı alıcıların bir qismi arxasınca gəldikləri dərmanları tapa bilmədiklərini dedilər. 24 saat ərzində apteklərdən itkin düşmüş preparatların bir qismi tapıldıqda isə əlli faizdən də baha qiymətə alıcılara təqdim edilir. Bunu biz yox, sadə vətəndaşlar deyirlər. Ümumi mənzərə isə ondan ibarətdir ki, dolların qalxması ilə əksəriyyət dərmanların qiyməti 50 faiz qalxsa da, müəyyən qisim həb və tabletlər 2 dəfə baha qiymətə alıcılara təqdim olunur.

Qeyd edək ki, bir sıra dərman vasitələrinin qiyməti Tarif Şurasının 25 avqust 2015-ci il tarixli 6 nömrəli qərarın 1 saylı əlavəsinə əsasən tərtib edilmişdi. 3500-dən çox dərmanın qiyməti isə iki mərhələdə - 1 və 21 dekabrdan başlayaraq yeni qiymətlərlə alıcılara təqdim olunmalı idi. Birinci mərhələ uğurla həyata keçirilsə də, 21 dekabrdan yeni endirim qiymətləri tətbiq edilən dərmanlar sadəcə, bir gün həmin dəyərdə alıcılara təqdim edilib.

Geri dön