Ana Sayfa > Xəbər > “MİATSUM”UN 20 İLDƏN SONRA “ŞİRİN NƏTİCƏLƏRİ”
“MİATSUM”UN 20 İLDƏN SONRA “ŞİRİN NƏTİCƏLƏRİ”8-04-2015, 15:39. Yazar: admin |
Ermənilər tərəfindən xalqa verilən vədlər boşa çıxdı, son 20 il ərzində yaradılan erməni ordusu güclü ordu iqtisadiyyatının isə güclü iqtisadiyyat olması barədə mifdən əsər-əlamət qalmayıb Cari ilin əvvəlindən başlayaraq cəbhə bölgəsində yaranmış gərgin vəziyyət, ermənilərin bir-birinin ardınca uğursuzluqla nəticələnən kəşfiyyat-diversiya fəaliyyətləri və atəşkəs rejiminin gündəlik pozulması nəticəsində erməni tərəfinin çoxsaylı itkilər verməsi işğal olunmuş ərazilərdə fəaliyyət göstərən qondarma rejim ilə yanaşı Ermənistan rəhbərliyinin və ictimaiyyətinin də ciddi narahatlığına səbəb olmuşdur. Narahatlığı bir qədər də artıran səbəblərdən biri bu cür vəziyyətin beynəlxalq ictimaiyyət tərəfindən iqtisadi sanksiyaların tətbiq edilməsi nəticəsində Ermənistanın əsas siyasi, iqtisadi və strateji tərəfdaşı, həmçinin hərbi müttəfiqi olan Rusiyada ictimai-siyasi vəziyyətin və iqtisadi durumun gərginləşməsi fonunda yaranmasıdır. Belə ki, ölkə iqtisadiyyatının birbaşa asılı olduğu Rusiyada iqtisadi durumun pisləşməsi nəticəsində Ermənistanın böhranlı iqtisadiyyatının bir qədər də zəifləməsi son zamanlar Ermənistanda və işğal olunmuş ərazilərdə əhalinin sosial-iqtisadi durumunu və həyat tərzini kritik həddə çatdırmış, ordunun təminat və təchizatında ciddi çətinliklər yaranmışdır. İşğal olunmuş ərazilərin bir sıra bölgələrində, xüsusilə də Ağdərə rayonunun Madagiz və Talış kəndlərində istər mülki əhali, istərsə də hərbçilər arasında kütləvi şəkildə vərəm və bu tipli infeksion xəstəlikləri yayılmışdır. Buna səbəb ağır sosial-iqtisadi vəziyyət nəticəsində yaranmış qida çatışmazlığı üzündən həmin ərazilərdə yaşayan insanların immunitetinin zəifləməsi, antisanitar vəziyyət və bir sıra digər problemlər olmuşdur. Artıq həmin ərazilərdə dislokasiya olunmuş hərbi hissələrdə xidmət edən bütün hərbi qulluqçular və mülki əhali icbari qaydada rentgen-flüoroqrafiya vasitəsilə müayinədən keçirilir, profilaktik və stasionar müalicəyə cəlb olunurlar. Lakin, lazımi tibbi ləvazimatların və dərmanların məhdudluğu səbəbindən bu sahədə də çətinliklər müşahidə olunur. Xocavənd rayonunda dislokasiya olunmuş hərbi hissələrin birində isə hərbi qulluqçular arasında suçiçəyi xəstəliyinin kütləvi şəkildə yayılması yeni açılmış tibb məntəqəsinin xəstələrlə dolmasına səbəb olmuşdur. Cəbhədəki gərginlik ön xətdə xidmət edən erməni zabit, gizir, həmçinin müqavilə əsasında xidmət edən hərbi qulluqçular və onların ailələrinin, xüsusilə də müddətli hərbi xidmət keçən hərbi qulluqçuların valideynlərinin qorxu və həyəcan içində yaşamalarına səbəb olmuşdur ki, bu da hərbi qulluqçular ilə onların ailə üzvləri arasında rabitə əlaqələrini kifayət qədər intensivləşdirmişdir. Ermənistanda fəaliyyət göstərən ATS qovşağının və mobil GSM operatorlarının məlumatına görə, son 3 ay ərzində Ermənistan ilə işğal olunmuş ərazilər arasında mobil telefon danışıqlarının sayı bir neçə dəfə artmışdır. Danışıqlar əsasən cəbhədəki gərgin vəziyyət, hərbi qulluqçular arasında döyüş və qeyri-döyüş itkilərinin sayının, həmçinin nizamnamədən kənar münasibətlər hallarının artması, ön xətt mövqelərdə olan hərbi hissələrdə ərzaq, əşya, su, dərman, yanacaq, odun və digər sahələrdə təminat probleminin olması, şəxsi heyət çatışmazlığı səbəbindən döyüş postlarında mövcud olan nöqsanlar, Ermənistan rəhbərliyi və qondarma rejimin zəifliyi, rüşvətxorluğu, əhaliyə qarşı laqeyd münasibətləri və əhali arasında işsizliyin artması barədə olan mövzuları əhatə edir. Ərzaq çatışmazlığı və talançılıq səbəbindən hərbi hissələrə normadan əskik və əksəriyyətinin istifadə müddəti keçmiş köhnə məhsulların verilməsi müddətli hərbi qulluqçuları arasında narazılıqlara gətirib çıxarmışdır. Cari ilin 24 aprel tarixində qondarma “erməni soyqırımı” ərəfəsində guya Azərbaycan tərəfindən cəbhə boyu genişmiqyaslı hərbi əməliyyatların həyata keçiriləcəyi barədə söhbətlər isə Dağlıq Qarabağdakı mülki əhali və hərbi qulluqçular arasında ciddi təşvişə səbəb olmuşdur. Hərbi qulluqçuların valideynlərinin və yaxınlarının onlara “Vətəni qorumaq” deyil, nəyin bahasına olursa-olsun evlərinə salamat qayıtmaları barədə çağırışları isə erməni hərbçiləri arasında xidmətə qarşı soyuqluq və ümidsizlik yaratmışdır. Yaranmış vəziyyətdə əhali Ermənistan prezidenti Serj Sarqsyan başda olmaqla ölkə rəhbərliyi ilə yanaşı Rusiya prezidenti Vladimir Putini də günahlandırır. Onların fikrincə, əhalinin qorxu və təşviş içində yaşamasına səbəb Serj Sarqsyan hakimiyyətinin səriştəsizliyi, sosial-iqtisadi durumun pisləşməsinə səbəb isə Serj Sarqsyan tərəfindən Ermənistanın Rusiyaya sanki icarəyə verilməsidir. Sosial-iqtisadi durumun pisləşməsi əhalinin öz məvaciblərini belə banklardan almasında problemlər yaratmışdır. Məlum olmuşdur ki, son zamanlar banklarda və bankomatların qabaqlarında uzun növbələr əmələ gəlir. Bəzi insanlar öz maaş kartlarını İrəvana (hazırda Yerevan) gedən tanışlarına verir və maaşlarının oradakı bankomatlardan çıxarmalarını xahiş edirlər. Bu cür hallar əhali arasında narazılıqları bir qədər də artırmışdır. Cəbhədəki gərgin vəziyyət təkcə əhalini deyil, eyni zamanda qondarma “DQR” rejimini də çıxılmaz vəziyyətə salmışdır. Məhz təmas xəttindəki gərginlik, erməni tərəfinin itkilərinin sayının artması və bölgədə yaranmış sosial-iqtisadi durum son zamanlar Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında tez-tez qanlı münaqişələrə səbəb olur. Bu qarşıdurmalar son zamanda orduda da pik nöqtəsinə çatıq. Sosial-iqtisadi vəziyyətdən əziyyət çəkən yerli əhali və yerli hərbi qulluqçular ilə Ermənistandan gələn hərbçilər arasında mütəmadi olaraq toqquşmalar baş verir. Vəziyyətin bu cür davam edəcəyi təqdirdə istər Ermənistanda, istərsə də qondarma “DQR”da əhalinin hiddətinin daha da artacağı və vəziyyətin nəzarət altından çıxa biləcəyi istisna edilmir. PS: “Miatsum”un 20 ildən sonra “şirin nəticələri” və ya Ermənistanda hakimiyyəti ələ keçirən bir qrup millətçi erməni xalqını necə aldadır, Qarabağın tanınması problemi fonunda öz hakimiyyətini saxlayaraq müstəqillik barədə boş vədlər verir. Vədlərin nəticəsi göz qabağındadır, sosial-iqtisadi böhran, aclıq, lazımsız ölümlər. Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi Geri dön |