Ana Sayfa > Xəbər > Gələn ildən tikinti sektorunda canlanma olacaq – ekspert

Gələn ildən tikinti sektorunda canlanma olacaq – ekspert


18-12-2015, 11:38. Yazar: admin
Gələn ildən tikinti sektorunda canlanma olacaq – ekspert
“Tikinti şirkətləri mənzil satışından sonra vergi ödəyəcəklər”

Bu sözləri "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyici olmaq hüququnun verilməsi tikinti şirkətlərinin işini asanlaşdırmaqla bərabər onların vergi yükünü azaldacaq. Bu amil bina tikintisini başa çatdırmaq üçün şirkətlərə maliyyə imkanları yaradacaq. Edilmiş dəyişiklik tikinti sektorunda aktivləşəməyə, müəyyən canlanmaya gətirib çıxara bilər.

N.İbrahimov qeyd edib ki, hazırda qüvvədə olan vergi məcəlləsinə görə, bina tikintisi ilə məşğul olan şəxslər mənzilin hər kvadratmetri üçün 55-56 manat vergi ödəyicisidirlər. 2016-cı il 1 yanvar tarixindən qüvvəyə minəcək Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə görə, hazırda bina tikintisi işi ilə məğul olan şəxslər mənzilin hər kvadratmetri üçün hazırkı vergidən 10% az yəni 45 manat dövlət büdcəsinə hesablanmış vergi ödəməli olacaqlar.

“Eyni zamanda sadələşdirilmiş verginin tətbiq olunması mühasibat uçotunu sadələşdirir. Şirkətlər mühasibat işini aparmaq üçün böyük personal ilə çalışmalı olmayacaqlar. Yeni edilən dəyişiklikdə ən böyük üstünlük isə bina tikinti sektorunda fəaliyyət göstərən şirkətlər tikinti yekunlaşana qədər mənzili satmayıblarsa heç bir vergi ödəməyəcəklər. Hazırda qüvvədə olan vergi məcəlləsi isə tələb edir ki, sahibkar vergini tikinti başlayan kimi ödəsin. Yeni vergi Məcəlləsi ilə onlar mənzil satıldıqdan sonra vergi ödəməli olacaqlar. Bununla da sahibkar əlində qalan vəsait ilə tikintini tamamlayıb mənzil satışından sonra vergini dövlət büdcəsinə ödəyə biləcək". - N.İbrahimov bildirib.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etdikləri halda, tikinti-quraşdırma işlərinə başlandığı rübdə tikilən binanın sahəsinin hər kvadratmetri üçün 45 manata Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsallarını tətbiq etməklə sadələşdirilmiş vergi hesablanmalı və hesablanmış vergi bərabər hissələrlə 10 rüb ərzində dövlət büdcəsinə ödənilməlidir. Bu halda hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə ƏDV-nin və gəlir vergisinin ödənilməsindən azad edilirlər.
SalamNews

Geri dön