Ana Sayfa > Xəbər > Tahir Kərimlidən Arif Hacılıya SƏRT CAVAB: “Niyə beləsi ilə eyni hakimiyyətdə olmuşam...”
Tahir Kərimlidən Arif Hacılıya SƏRT CAVAB: “Niyə beləsi ilə eyni hakimiyyətdə olmuşam...”16-12-2015, 17:39. Yazar: admin |
![]() Vəhdət Partiyasının sədri, Ali Məhkəmənin keçmiş sədri, deputat, Tahir Kərimlinin AXC hakimiyyəti əleyhinə fikirlər səsləndirməsi birmənalı qarşılanmayıb. Müsavat Partiyasının başqanı, Əblüfəz Elçibəyin hakimiyyəti illərində dövlət müşaviri vəzifəsində işləmiş Arif Hacılının isə Tahir Kərimlini ittiham edib: “Tahir Kərimli qeyri-ciddi adamdır. Öz davranışları ilə bir siyasətçi kimi də, şəxsiyyət kimi də iflasa uğrayıb. Elçibəy hökimətinin müəyyən səhvləri olub. O hökumətin ən ciddi səhvlərindən biri də Tahir Kərimli kimi adamın Ali Məhkəmənin sədri təyin olunması olub”,-deyə A.Hacılı qeyd edib. Tahir Kərimli Arif Hacılının açıqlamasında münasibət bildirib. O, Modern.az saytına açıqlamasında deyib ki, Arif Hacılı bir neçə dəfə ona sataşsa da, bunun üstündən keçib. Deputat Arif Hacılıya cavab vermək zərurətinin yarandığını belə izah edib: “Əvvəla deyim ki, Tahir Kərimlinin iflasa uğraması faciə deyil. Faciə Məhəmməd Əmin Rəsulzadənin yaradıcısı olduğu partiyaya Arif Hacılının sədr olmasındadır. Bu gün Arif Hacılı tarixi Müsavat Partiyasının iflasa uğramasının dərdini çəkməlidir. Təklif edirəm ki, bu gün Müsavat Partiyasının heç olmasa qalıqları varsa, onları oradan-buradan yığıb təcili bir qurultay keçirib bu təşkilatı xilas etsinlər. Bunları Medvedev-Putin oyunu oynamaqdan başqa çarələri yoxdur. Xarizmatik lider olmadan köhnə komandanı toplamaq mümkün deyil. Müsavat elə bir tarixi partiya idi ki, onun özünün Nəsiman Yaqublu kimi Buxarini, Hikmət Hacızadə kimi Trotskisi var idi. İndi isə hamısı sıradan çıxıb. Bu gün Arif Hacılı “işgüzarlığının” sayəsində qurultaya xeyli sayda öz adamlarını yığa bildi. Özünü başqan elədi”. Tahir Kərimli Arif Hacılını qabalıqda da ittiham edib: “Görün bu adam nə qədər kobud, nə qədər təkəbbürlüdür. Bu adam diktorluqdan vəzifəyə gəldi, AXC Ali Məclisinin sədri oldu. Həmin təklif mənə də gəlmişdi, mən bunu qəbul etməmişdim. İndi bu adam özünə görün nə qədər vurğundur ki, Müsavat Partiyasını məhv etdiyini anlamır. Özünün bir qram xarizması yoxdur, ancaq mənim iflasımdan danışır. Zaman göstərir ki, kim iflasa uğrayıb. Sabir Rüstəmxanlının o vaxt yaxşı bir sözü var idi. Arif Hacılı və onun kimilərə müraciət edirdi ki, Tahir Kərimli ilə işiniz olmasın. O deyirdi ki, Tahir Kərimli kotan kimidir, işlədikcə, parıldayır”. Tahir Kərimli sözünə belə davam edib: “Bu adamlar məni çox ittiham ediblər, amma cavablarını verməmişəm. İndi isə bir neçə məsələni xatırlatmağın vaxtıdır. Bu adam deyir ki, “AXC hakimiyyətinin ən böyük səhvi Tahir Kərimlinin Ali Məhkəmə sədri təyin olunması idi”. Mənə elə gəlir ki, o doğru deyir. Niyə görə? Çünki Tahir Kərimli Ali Məhkəmədə işləyən zaman yeganə hakim-deputat idi, başqa birisi yox idi ki, ora qoysunlar. Tahir Kərimlinin ürəyi getmirdi ki, kimsə onu Ali Məhkəmənin sədri qoysun. Ali Məhkəmədə işləyəndə mən hansısa qanunsuzluğa yol vermişəm, dövlətimə hansısa ləkə gətirmişəm?! Amma indi bunlar mənə ləkə yaxmağa başlayıblar. Əvvəla deyim ki, mən heç vaxt Ali Məhkəmənin sədri olmağımla öyünməmişəm. Məni 1990-cı illərdə xalq deputat seçəndə AXC Ali Soveti Konstitusiyaya zidd olaraq deputatlığımı məhv etdi. Amma bunların bəyənmədiyi indiki hakimiyyət seçkilərdə qələbə qazanmağımı tanıyıb, hörmətlə yanaşıb. Biriniz deputatlığı mənim əlimdən almısınız, indiki isə hüququmu tanıyıb. Ona görə də Arif Hacılı kimiləri xəbərdarlıq edirəm. Bir tərəfdən də səhv məndədir ki, belələri ilə eyni hakimiyyətdə olmuşam. O vaxtı AXC-nin sıravi üzvləri mənim Ali Məhkəmənin sədri olmağımı istəyirdi”. Tahir Kərimli Ali Məhkəmə sədrliyindən iki dəfə istefa verməsinin səbəblərinin də danışıb: “Bunun səbəblərini ilk dəfə sizə deyirəm. Birincisi belə olmuşdu: eşitdim ki, həmin AXC hakimiyyəti gizli şəkildə Milli Məclisdə MDB-yə girmək barədə müzakirələr aparır. Onlar MDB-yə girmək haqqında qərar qəbul etmək istəyirdilər. Mən onda əlimdə istefa ərizəsi ilə getdim. Stenoqramlar var. Dedim ki, MDB-yə girən idiksə, Ayaz Mütəllibovu niyə yıxdıq? Dedim ki, bu, nə iyrənclikdir, bu, nə ikiüzlülükdür? Gərək mən həmin vaxt çıxıb bunların müzakirələri barədə xalqa danışardım, bunlar da cavab verməli olardılar. İkinci istefam mən xaricdən gələndən sonra baş verdi. Gördüm ki, məhkəmə-hüquq islahatlarına dair hazırladığımız qanun layihələri mənim birinci müavinim Xanlar Hacıyevin iştirakı ilə rədd edilib. Mən əlimdə istefa ərizəsi ilə gəldim və onu Milli Məclisə təqdim etdim. Lakin sonunda mən məcburən o qanunları qəbul elətdirdim. Bu gün də o qanunları hansı dərin quyuya atdılar bilinmədi! Mənim müavinim, Hərbi Kollegiyanın sədri, yeganə hərbi hakim, general İbrahimovu mənim xəbərim olmadan təqdimat verib işdən çıxardılar. İbrahimovun ürəyi partladı öldü. Ölənə qədər elə bildi ki, onu işdən mən çıxarmışam. Halbuki, o bilmirdi ki, onu mən işdən çıxarmamışam. O vaxt Murad Babayev gəldi mənə dedi ki, ondan tələb edirlər ki, qatı cinayətkara 4 il iş versin. İndi bunlar hansı ədalətdən, hansı demokratiyadan danışır?!”. Ali Məhkəmənin eks-sədri qeyd edib ki, Arif Hacılı AXC hakimiyyətində intriqalarla, məşğul olan, “Yurd” qruplaşması ilə savaşan, hökuməti iki yerə bölən adam kimi tanınırdı. “Bu adam həmişə belə bir obrazını yaradıb. İndi Xoşqədəm Hidayətqızı sağdır. Onun baş redaktoru olduğu “Üç nöqtə” qəzetində 1990-cı illərdə belə bir məlumat çıxdı ki, Tahir Kərimli qardaşı ilə benzin alveri ilə məşğuldur. Bilirsiniz, bu böhtanı qəzetə kim ötürmüşdü? Mən qəzeti məhkəməyə vermək istəyəndə bu işin altından elə adamın ad çıxdı ki, məəttəl qaldım. O adam bizim hakimiyyətdə birinci şəxslərdən biri idi. Mən yenə də bu məsələnin üstündən keçdim”. Geri dön |