Ana Sayfa > Xəbər > Baloğlan Əşrəfov: “Toya 10-15 minə gedirik dedilər, indi nazirliklə problemləri var"

Baloğlan Əşrəfov: “Toya 10-15 minə gedirik dedilər, indi nazirliklə problemləri var"


14-12-2015, 16:41. Yazar: admin
Baloğlan Əşrəfov: “Toya 10-15 minə gedirik dedilər, indi nazirliklə problemləri var"
Əməkdar artist Baloğlan Əşrəfov yeni yaradıcılıq işlərindən danışıb. Musavat.com saytının suallarını cavablandıran əməkdar artist bildirib ki, yeni mahnılar üzərində çalışır:

“Ötən gün yanımdakı dostlarımdan hansı mahnımı bəyəndiklərini soruşdum. 6 nəfərin hər biri müxtəlif mahnımın adını çəkdi. Bu müğənninin uğurudur ki, dinləyicilər fərqli mahnılarını sevirlər. Sənət fəaliyyətimi heç vaxt dayandırmıram. Çalışıram ki, tamaşaçıların qarşısına yeni mahnılarla çıxım, həmişə yeni sözlər, şeirlər axtarıram. 2016-cı ildə 3 mahnı lentə aldıracam. Musiqisi Sevda Məmmədli, sözləri Ağa Zahidin “Qədrini bilmədim, bilmədim sənin” mahnısını aranjeman etdirirəm. Vaxtilə populyar olub, indi musiqi təlabatını ödəməyən bir neçə mahnı var ki, onları yeni aranjemanda dinləyicilərə təqdim edəcəm”.

- Əvvəllər tez-tez konsertlər verirdiniz. İki-üç ildir ki, bu ənənənizi davam etdirmirsiniz. Sevənlərinizi önümüzdəki il konsert gözləyir?

- 2015-ci ildə tamaşaçılarıma böyük konsert proqramı vəd etdim, amma başım televiziya çəkilişlərinə, tədbirlərə qarışdı. Müğənni özünə və tamaşaçılara hörmət etməlidir. Hər dəfə eyni mahnılarla tamaşaçının qarşısına çıxmaq olmaz. İki-üç ildir ki, konsert vermirəm. Gələn il konsert verəcəyəm, ayını isə hələ ki, açıqlamıram. Çünki tarix deyirəm, sonra işlər çıxır, konsert təxirə düşür.

- Son zamanlar gənc müğənnilər tez-tez tənqid olunur, onların köhnə mahnıları gözdən saldığı bildirilir.

- Bu fikirlərlə razı deyiləm. Əlbəttə, gənclər köhnə mahnıları oxumalıdırlar. Lakin bunun bir qaydası var. Böyük sənətkarlarımız, xalq artistlərimizin oxuduğu mahnılar o dövrün tələbatına uyğun olub, musiqi çoxşaxəli olmayıb. İndi bəstəkarlarımız, aranjemançılarımız var. O dövrdə ifa olunan mahnıya indi bəstəkar öz dəst-xətti ilə yanaşır. O qədər gözəl mahnılarımız var ki, onu indiki dövrdə yeni aranjemanla oxumaq lazımdır. “Araz axar” xalq mahnısını aranjeman etdirib oxumuşdum. Sonra araşdırıb gördüm ki, mahnının sözlərində fərq var. Mənanı aydınlaşdırandan sonra səhv oxuduğumu anladım və o mahnını oxumağa utandım. İndi bütün müğənnilər mahnını səhvlə oxuyurlar.

Araz axar qıyqacı,
Budur gəlir cüt bacı
Biri mənim öz yarım,
Biri başımın tacı

Hamı mahnını bu cür oxuyur. Sonra araşdırdım ki, sözlər fərqlidir. Əslində isə mahnı belədir:

Araz axar qıyqacı
Budur gəlir cüt bacı
Biri mənim öz yarım,
Biri onun dilmancı

Bir müğənni səhv edəndə digərləri onu təkrarlayır. Ona görə mahnıları araşdırmaq, düzgün oxumaq lazımdır. “Bağa girdim üzümə” xalq mahnısının da sözlərini səhv oxuyuruq.

Bağa girdim üzümə,
Tikan batdı dizimə.
Əyildim çıxartmağa
Yar sataşdı gözümə.

Əslində mahnınını sözləri fərqlidir. Bu bayatıda səhvə yol verilib.

Bağa girdim üzümə,
Yar sataşdı gözümə.
Əyildim ki, gizlənim,
Tikan batdı dizimə.

Yarı görən aşiq gizlənir. Yar bağda uzanmayıb ki, aşiq əyiləndə onu görsün. “Araz axar” və “Bağa girdim üzümə” mahnılarını aranjeman etdirsəm də, indi oxumuram. Televiziyada, radioda bütün müğənnilər o mahnıları bərbad gündə oxuyurlar. Mən səhv oxumağı özümə yaraşdırmıram. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini oxumuşam. Bədii ədəbiyyata uşaq vaxtımdan marağım olub. Araşdırıb tapmağı çox sevirəm. Ona görə də xalq mahnılarını oxumamışdan öncə araşdırıram.

- Hazırda müğənnilərə “Bozbaş müğənni”, “ara müğənnisi”, “toy müğənnisi” kimi adlar qoyulur. Bu adlara münasibətiniz necədir?

- Heç vaxt kiminsə xətrinə dəymək istəməmişəm. “Bozbaş müğənni” ifadəsini ermənilərdən götürüb bizə sırıyıblar. Ermənilər bizim ən gözəl yeməyimiz bozbaşı lağa qoyurlar, bizimkilər də müğənniyə bu adı qoyublar. Müğənnini ya yaxşı, ya pis olaraq kateqoriyalara bölmək olar. “Ara müğənnisi” ifadəsini qəbul etmirəm. Müğənni konsertdə, toyda oxuyur. Bu ad sovet dövründən qalıb. O zaman hansı gözəl müğənni kənd təsərrüfatı zəhmətkeşləri, qəhrəmanlar, çobanlar, tanınmışlar haqda oxumayanda “ara müğənnisi” adlandırılırdı. Bizə erməni-müsəlman dostluğundan oxutdurmaq istəyirdilər. Biz isə anadan, sevgidən oxuyurduq. Bu mövzuda oxuyan müğənnilər rəğbətlə qarşılanırdı. Amma bizə “ara müğənnisi” adı qoyulurdu, çünki onların istədiklərini oxumurduq. Şükür Allaha ki, müstəqillik qazandıq və istədiyimiz mahnıları oxuyuruq.
Mahnıda söz mənalı olmalıdır. İndi müğənnilər həm şeir yazırlar, həm musiqi bəstələyirlər. Mahnıda əsas sözdür. Söz pis olandan sonra ulu bəstəkarlarımızı qəbirdən çıxartsan da, o sözlərə mahnı yazmazlar. Çünki onlar şeiriyyatı gözəl bilirdilər, savadlı idilər. Ramiz Mirişli, Emin Sabitoğlu əvvəl sözə baxırdılar. Əvvəllər bədii şura vardı, mahnıya baxıb qiymət verərdilər. Biz 5 mahnı verirdik, onun ikisi seçiləndə sevinərdik. İndi elə şey yoxdur. Mən 35 ildir ki, “Uçan quşlar” mahnısını oxuyuram. Çünki tamaşaçılar tələb edir. “Ara müğənnisi” ifadəsini Məmmədbağır Bağırzadə, Ağadadaş Ağayev, mənim üçün də işlədirdilər.

- Gənc müğənnilərdən kimləri dinləyirsiniz? Onlara hər hansı tövsiyəniz varmı?

- Gənc müğənnilər içərisində səsi çox güclü ifaçılar var. Allah onların səsini qorusun. Amma mahnı seçə bilmirlər. Muğam ifaçılarına 50 il öncə oxunan qəzəli öyrədirlər. Bəzi müğənnilər isə ağzına gələni oxuyur. Müğənnilərimizin səsinin, istedadının olmadığını desəm, insafsızlıq etmiş olaram. Çalışsınlar düzgün mahnı seçsinlər.

- Baloğlan bəy, illərdir ki, səhnədəsiniz, xalq sizi sevir. Sizə niyə xalq artisti adı vermirlər?

- Inşallah, verərlər. Bu haqda danışmağım yersizdir.

- Maddi durumunuz necədir? Çətinliyiniz yoxdur?

- Orta səviyyədə yaşayırıq. Müğənnilərimizin hamısı orta səviyyədə yaşayır. Bəziləri özləri-özlərinə şər atdılar, bildirdilər ki, toya 10-15 minə gedirlər. Onlar səhvə yol verdikləri üçün hazırda Vergilər Nazirliyi ilə problemləri yaranıb. Toya 10 musiqiçi, bir səs rejissoru, aparaturanın daşıyanları, bir qız ifaçı aparıram. 13-14 nəfərlə məclisə gedən müğənni güclü pul qazanmır. Özlərini yüksək tutmaq üçün böyük məbləğlər dedilər, amma bilmədilər ki, gün gələcək, sıxışdırılacaqlar. Super yaşayanlar da var, amma onlar haqda heç nə deyə bilmərəm.

- Haqqınızda tez-tez ölüm xəbərləri yayılır. Bu sizə necə təsir edir?

- Allah ölüm xəbərimi yayanlara insaf versin. Onların ya əxlaqı yerində deyil, ya ailə tərkibində qüsur var. Qastrola gedən, bir ay ev ilə əlaqəsi olmayan, xalq tərəfindən sevilən sənətkar haqda yalan məlumat yaymaq düzgün deyil. Ailə sevgisi görən şəxs ölüm xəbəri yaymaz. Heç kim ölüm-itimdən sığortalanmayıb. Amma gərək məlumatı dəqiqləşdirəsən. Bəzən mənə deyirlər ki, məhkəməyə ver. Fikirləşirəm ki, xalq tərəfindən sevilən biriyəm, o adamı məhkəməyə verməyim düzgün deyil, mənə ayıbdır. Allah o şəxsə ağıl versin. Mənim başımdan bir tük əskik olsa, televiziyalarda xəbərlər yayımlanar.

- Hazırda səhhətiniz necədir?

- Səhhətim əladır. Tibb elminin inkişafına kömək edənlərə Allah can sağlığı versin. Hər şey qaydasındadır.

- Ölüm hissini dadmış insansınız. Xəstəlikdən sonra həyata baxışınız dəyişdimi?

- Ölüm hissini Türkiyədə qaraciyərimdən əməliyyat olunanda yaşamışam. Allah insana ölüm hissini yaşatmadan bu dünyadan aparsın. Ölüm hissi ilə yaşamaq çətindir, heç kim öləcəyini bilmək istəmir. Öz həyatını düzgün yaşayan insan ölümü düşünməyə vaxt tapmaz. Ölüm gülməli şey deyil, onunla zarafat etmək olmaz. İnsana 1 həftəyə öləcəyini desələr, 10 ilə ağarmayacaq saçı ağarar. 45 ildir oxuyuram, bu sevgini qram-qram qazanmışam. Amma 45 ilin hörmətini bir saatda itirmək asandır. Ona görə həyatı şərəfli yaşamaq lazımdır ki, ölüm anı gələndə təəssüflənməyəsən.


Geri dön