Ana Sayfa > Xəbər > 2016 – Dağlıq Qarabağ münaqişəsi üçün “açar il”

2016 – Dağlıq Qarabağ münaqişəsi üçün “açar il”


14-12-2015, 09:32. Yazar: admin
2016 – Dağlıq Qarabağ münaqişəsi üçün “açar il”
2015-ci ilin son ayını, son günlərini yaşayırıq. Azərbaycan xalqı bu ili də Qarabağ problemi ilə başa vurur. Faktiki olaraq, bu illə bağlı ötənlərdə olan ümidlər özünü doğrultmadı. Düzdür, bu ilin sonunda bir ciddi gözlənti var; Dekabrın sonunda Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sərkisyanın görüşünün baş tutacağı gözlənilir. ATƏT-in Minsk Qrupunun həmsədrləri bir neçə gün öncə açıqlama yaydılar ki, bölgəyə son səfərləri zamanı tərəflər buna razılıq veriblər. Ancaq bu görüşün hansısa bir nəticəsinin 2015-ci ildə özünü göstərəcəyi, necə deyərlər, artıq gecdir. O üzdən bütün ümidlər 2016-cı ilə qalır...


Təhlilçilər hesab edir ki, 2015-ci ildə atılan bir sıra addımlar 2016-ya ümidlər yaradır. Xüsusi ilə ilin sonunda - “Böyük iyirmilər”in (G20) 2015-ci ilin noyabrında Antalyada baş tutan sammitində də Qarabağ danışıqlarını durğunluq dövründən çıxarmaq üçün müəyyən müzakirələr aparılıb.

Bu arada diqqəti Minsk Qrupunun fəaliyyətinin aktiv fazaya keçirilməsi məsələsinin gündəmə gəlməsi də cəlb edir. De-fakto 23 ildir Minsk Qrupu formatında Dağlıq Qarabağ münaqişəsinə dair aparılan danışıqlar səmərəsiz olub, bu format və ya bu formatlın iştirakçılarının real addımlar atmaması səbirləri tükədib. Bunun əsas səbəb haqda kifayət qədər danışılıb. Söhbət vasitəçilərin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair məlum qətnamələrini, işğal faktını və işğalçını qulaqardı eləməsi, bununla paralel olaraq, Ermənistana gizli rəğbət bəsləməsindən gedir.

Ekspertlər bildirir ki, problemin həllində Rusiyanın bəlli səbəblərdən maraqlı olmaması amilini də yaddan çıxarmaq olmaz. Ancaq əsas motiv, əlbəttə ki, həmsədrlərin konfliktin həllinə konseptual yanaşmamasından qaynaqlanır. Amerikalı vasitəçi Ceyms Uorlikin, ardınca isə Minsk Qrupu rəhbərliyinin ötən həftə AŞPA-da Ermənistanla bağlı qəbul edilən son obyektiv qərardan rahatsız olması da elə məhz bu yanlış yanaşma ilə bağlıdır. O üzdən onlar Ermənistanı birmənalı təcavüzkar kimi tanıyan fərqli və ədalətli sənəd və qətnamələri qısqanclıqla qarşılayırlar. Məhz bu üzdən də Azərbaycan tərəfi Uorlikin həmsədr postundan uzaqlaşdırılması tələbini irəli sürüb.

Təhlillər göstərir ki, son illərdə Minsk Qrupunda balans işğalçı tərəfin xeyrinə aşkaranə şəkildə pozulub. Həmsədrlər Qarabağ məsələsində beynəlxalq hüquq normalarından, nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrindən deyil, müharibənin nəticələrindən, bugünkü durumla bağlı çıxış eləməyə və ilk növbədə işğalçıları, separatçıları razı salmağa başlayıblar. Bu da haqlı olaraq, Azərbaycanı narahat edir, Bakını yeni və obyektiv həll formatı axtarışı zorunda qoyur.

Elə bir format seçilməsi təşəbbüsü ilə çıxış edilir ki, bu, münaqişənin həllində hərbi qarşıdurumanın nəticələrindən deyil, birmənalı şəkildə beynəlxalq hüquqdan çıxış eləsin, vasitəçilikdə balansı gözləsin, tərəflərin hər birini öz adı ilə adlandırmağı bacarsın.
Daha əvvəllər də danışıqlara Türkiyə və Almaniyanın da həmsədr qismində cəlb edilməsi təklifi irəli sürülüb. Lakin hələlik bunlar ciddi müzakirə olunsa da, qərar layihəsi halında belə mövcud deyil.

Ancaq ortada ümidlər, bəzi faktlar və ehtimallar var ki, buna söykənib 2016-cı ildə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində mühüm dönüş ola biləcəyini düşünməyə əsaslar yaradır.

İlk növbədə 2016-cı il Qarabağa dair formatının dəyişdirilməsi ili də ola bilər. Təbii ki, əsas vasitəçi dövlətlər, xüsusi ilə Rusiya buna mane olmasa, qeyd edilən ümidlər doğrula bilər.
Formatın dəyişdirilməsi nəticə etibarı ilə danışıqların aktiv fazaya keçməsinə və ilkin sülh anlaşmasının ortaya çıxmasına, imzalanmasına səbəb ola bilər...

Bir nüansı qeyd edək ki, hər dəfə vasitəçilərin tənqidi baş verən verəndə, vasitəçi ölkələr dərhal ümidləndirici bəyanatlar verməyə başlayırlar. Bu cür bəyanatlardan biri də ötən həftə açıqlandı.

ATƏT Nazirlər Şurasının Belqradda keçirilən iclasında Rusiya, ABŞ və Fransa nümayəndə heyətlərinin rəhbərləri - Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri və Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desirin birgə bəyanatında “Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçiliyə sadiq qalırıq” deyə, qeyd edilir.

Bəyanatda qeyd edilir ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşkilatçılığı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkısyan arasında qarşıda gözlənilən görüşü onlar da dəstəkləyir: “Baş verən son gərginliklərin fonunda biz tərəfləri münaqişənin sülh yolu ilə həll prosesinə sadiqliyi təkrar nümayiş etdirməyə və sülh prosesində ciddi olmayan istənilən yanlış təsəvvürləri danışıqlar yolu ilə dağıtmağa çağırırıq. Tərəflər 2014-cü ildə hərtərəfli həlli nəzərdə tutulan Soçi, Uels v Paris görüşlərindəki danışıqları, 2016-cı ildə də hazırda danışılar prosesində olan təkliflər üzrə intensiv dialoqu davam etdirməlidirlər”.
Həmin bəyanatda son vaxtlar cəbhə xəttindəki gərginliyin artmasından dolayı həmsədr ölkələrin müharibə variantından xüsusi narahatlıqları aydın sezilir: “Biz xüsusilə minaatan və digər ağır silahlardan istifadəni pisləyir və bu silahların istifadə olunması səbəbilə dinc insanların xəsarət almasından təəssüf hissi keçiririk. Dağlıq Qarabağ promleminin hərbi yolla həlli yoxdur. Günahsız insanların ölümü və yaralanmasına bəraət qazandırmaq olmaz. Biz tərəfləri ən sərt dillə gərginliyi azaltmağa və insanların həyatını qorumağa çağırırıq. Həmsədrlər risk azaldıcı təkliflər irəli sürüblər. Ümid edirik ki, ATƏT araşdırma mexanizmi də daxil olmaqla tərəflər bu təklifləri qəbul edəcəklər”.

Ekspertlər vurğulayır ki, həmsədr ölkələr, eləcə də beynəlxalq qurumlar başa düşməlidir ki, əgər Ermənistanı işğal etdikləri ərazilərdən beynəlxalq hüquq normalarının tələbləri çərçivəsində çıxmağa məcbur etməsələr, o zaman hərbi yol qaçılmaz olacaq. Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev, həmçinin müdafiə naziri, general-polkovnik Zakir Həsənov da verdikləri bəyanatlarda ermənilər sülh danışıqlarından qaçacaqları təqdirdə, müharibə haqqımızdan istifadə ediləcəyini bəyan ediblər...

Rusiya-Türkiyə əlaqələrinin hazırkı böhranlı durumunda da növbəti Əliyev-Sərkisyan görüşünün “5 rayon” məsələsi kontekstində məhsuldar ola biləcəyini söyləyib. İşin içində olan siyasət adamları və diplomatlar isə fərqli fikirdədirlər. Bunu ATƏT XİN Başçıları Şurasının təzəcə başa çatan və Qarabağ probleminə ötəri toxunulan Belqrad sammiti də təsdiqləmiş oldu.

Bu da o anlama gəlir ki, Güney Qafqazda yeni Qarabağ müharibəsinin alovlanması ehtimalı ciddi olaraq qalır və bəlkə də artmaqdadır. Ona görə ki, istənilən sülhün alternativi müharibədir. Mövcud durumu qəlizləşdirən yeni amillərdən biri isə məsələyə kifayət qədər güclü təsir imkanı olan Türkiyə və Rusiya arasında münasibətlərin kəskinləşməsidir.
Bəzi analitiklərə görə, iki ölkə birbaşa hərbi qarşıdurmada maraqlı olmasa da, Dağlıq Qarabağ münaqişə zonası onların qarşıdurma meydanına çevrilə bilər. Başqa qisim siyasi şərhçilər isə hesab edirlər ki, münasibətlər hər halda qaynar fazaya keçməyəcək.

Həmin toplantıda həmçinin həmsədr ölkələr Dağlıq Qarabağa dair birgə bəyanatla çıxış edib. “Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçiliyə sadiq qalırıq”. Bu barədə Sergey Lavrov, Con Kerri və Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desirin qəbul elədiyi sənəddə deyilir.

“Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşkilatçılığı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkısyan arasında qarşıda gözlənilən görüşü dəstəkləyirik. Baş verən son gərginliklərin fonunda biz tərəfləri münaqişənin sülh yolu ilə həll prosesinə sadiqliyi təkrar nümayiş etdirməyə və sülh prosesində ciddi olmayan istənilən yanlış təsəvvürləri danışıqlar yolu ilə dağıtmağa çağırırıq. Tərəflər 2014-cü ildə hərtərəfli həlli nəzərdə tutan Soçi, Uels v Paris görüşlərindəki danışıqları, 2016-cı ildə də hazırda danışıqlar prosesində olan təkliflər üzrə intensiv dialoqu davam etdirməlidirlər”, - deyə bəyanatda vurğulanır.

Sənəddə daha sonra qeyd olunur ki, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində zorakılıq hallarının ciddi şəkildə artması ilə bağlı status-kvo bu il qeyri-stabil olub. “Biz xüsusilə minaatan və digər ağır silahlardan istifadəni pisləyir və bu silahların istifadə olunması səbəbilə dinc insanların xəsarət almasından təəssüf hissi keçiririk. Dağlıq Qarabağ probleminin hərbi yolla həlli yoxdur. Günahsız insanların ölümü və yaralanmasına bəraət qazandırmaq olmaz. Biz tərəfləri ən sərt dillə gərginliyi azaltmağa və insanların həyatını qorumağa çağırırıq. Həmsədrlər riskazaldıcı təkliflər irəli sürüblər. Ümid edirik ki, ATƏT araşdırma mexanizmi də daxil olmaqla, tərəflər bu təklifləri qəbul edəcəklər”, - deyə sənəddə ümid ifadə olunur...

Bir sıra ekspertlər qeyd edirlər ki, 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi və nəticələrə, anlaşmalara yönəlik danışıqlar başlayarsa, bu, ilkin mərhələdə Dağlıq Qarabağ ətrafında işğal edilmiş 5 rayonun boşaldılması ilə bağlı olacaq. Burada bir incə məqama diqqət edək ki, Azərbaycan tərəfi məsələnin yalnız beş rayonun boşaldılması üzərindən aparılmasına qətiyyətlə razı deyil və söhbət həm də Dağlıq Qarabağın azad edilməsindən gedir. Bu baxımdan əgər hər hansı bir danışıqlar başlayarsa, bu, kompleks bir xarakter daşıyacaq. Əks təqdirdə, Azərbaycanın hər hansı itki ilə nəticələnəcək danışıqlara getməsi inandırıcı və mümkün deyil.

Ekspertlər bir məqama da diqqət çəkirlər ki, 2016-cı ildə nə Azərbaycanda, nə də Ermənistanda seçkilərin olmaması da münaqişənin həllinə dair prosesi sürətləndirən amillərdəndir.

Və sonda 2016-cı ildə Qarabağ münaqişəsinin həlli perspektivlərinə dair bir detalı da qeyd edək. Hələ 2014-cü ilin sonlarında belə bir açıqlama yayıldı ki, 2016-cı ilədək Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ əraziləri 2016-cı ilədək minalardan təmizlənəcək. Bu barədə USAİD-in İrəvandakı nümayəndəliyinin direktoru Karen Hilliard bildirmişdi. O qeyd etmişdi ki, Dağlıq Qarabağ ərazisi 2016-cı ilədək minalardan tam təmizlənmiş olacaq...

Görünür, baş verən olayların, danışıqlar prosesinin gedişatı beynəlxalq aləmdə bu qənaəti formalaşdırıbmış ki, 2016-cı ildə münaqişə həllini tapa bilər, onadək ərazilərin minalardan təmizlənməsi də bir şərt kimi qoyulub.

Hər halda, ortada olan ehtimal və faktlar 2016-cı ildə Qarabağ məsələsində çox ciddi bir yeniliklərin şahidi olacağımızı düşünməyə əsas verir. Ən azı bu il sülh, yoxsa hərb yolunu seçmək məsələsinə tam aydınlıq gələcəyi ümidi var...

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

Geri dön