Ana Sayfa > Xəbər > Bölgədə siyasət neft qoxusu verir: Rəsmi Baki ilə Ankaranın yaxınlaşmasının önəmi artır
Bölgədə siyasət neft qoxusu verir: Rəsmi Baki ilə Ankaranın yaxınlaşmasının önəmi artır9-12-2015, 15:20. Yazar: admin |
![]() Rusiya-Türkiyə münasibətlərinin gərginləşən andan Moskva Ankaraya satdığı təbii qazı kəsəcəyini bəyan edirdi. Bu müstəvidə ilk addımı İran atdı. Belə ki, Türkiyə ilə İran arasında imzalanan müqaviləyə əsasən, Tehran Ankaraya gündəlik 30 milyon kub metr təbii qaz ixrac edirdi. Tehran qaz ixracı yarıya endirilərək 14-15 milyon kubmetr qaz satacağını bildirib. Amma Türkiyə hökumətinin əsas qorxusu isə eyni addımın Rusiya tərəfindən də atılmasıdır. Çünki Türkiyə, Rusiyadan gələn Mavi Axın vasitəsilə 47 milyon kubmetr, Qərb Xətti vasitəsilə isə 42 milyon kubmetr qaz alır ki, bu da gündəlik ehtiyacın yarısının rus qazı ilə qarşılanması deməkdir. Rusiya və İranın Ankaranı “qaz şantajı”na məruz qoyması, Bakının önəmini artıtır. Belə ki, Azərbaycan qaz sektorunda müstəqil oyunçu olduğunu göstərərək, vaxtilə, Türkiyə ilə “Trans Anadolu” (TANAP) qaz boru kəmərinin çəkilməsi barədə qarşılıqlı anlaşma memoranduma imza atıb. Son proqnozlara əsasən, Azərbaycanda 2025-ci ildə yeni yataqların işə salınması nəticəsində qaz tədarükünü 50 milyard kubmetrə çatdırmaq olar və ölkəmiz bunun haradasa 30-35 milyard kubmetrini ixrac edə bilər. Bunun üçün isə qazın kimə və necə ixrac olunacağını müəyyənləşdirmək lazım idi. Bu müddətdə Azərbaycan qaz məsələləri ilə bağlı Rusiya və “Transxəzər” layihəsini dəstəkləyən Avropa Komissiyası ilə danışıqlar aparırdı. Lakin sonda Azərbaycan hakimiyyəti Türkiyənin xeyrinə olan qərara imza atdı. Qeyd edək ki, “Trans Anadolu” qaz kəmərinin əsas resurs bazası kimi “Şahdəniz” qaz yatağının ikinci mərhələsində hasil ediləcək qaz nəzərdə tutulur. 2017-ci ildə işə düşəcəyi gözlənilən layihənin dəyəri 5-7 milyard dollar həcmində qiymətləndirilir. Gözlənilir ki, kəmərin ilkin gücü ildə 16 milyard kubmetr təşkil edəcək. Onun 6 milyard kubmetrə yaxını Türkiyəyə ayrılacaq, yerdə qalan 10 milyard kubmetri isə Avropaya ötürüləcək. Məhz bu səbəbdən, bu gün Azərbaycan Türkiyə ərazisindən Avropaya qaz nəql etmənin yollarını axtarır. İkinci mərhələdə isə qazın həcminin 24 milyard kubmetrə qədər artırılacağı gözlənilir. TANAP layihəsindəki iştirak payının 80 faizi Azərbaycana, 20 faizi isə Türkiyəyə məxsus olacaq. Keçən il Azərbaycan tərəfi Qərbə “Transxəzər”in ehtiyacları üçün 2017-ci ildə 10 milyard kubmetr qaz ayıracağını bildirmişdi. TANAR layihəsinə imza atmaqla, rəsmi Bakı bu ideyanı dəfn etmiş oldu. TANAP “Nabucco”nun qarşısını tamamilə almasa da, 31 milyard kubmetr ötürmə gücündə olması planlaşdırılan “Transxəzər” layihəsinin Azərbaycanın qazı olmadan reallaşacağı inandırıcı deyil. Daha maraqlı bir məqam ondan ibarətdir ki, Azərbaycan qazı TANAP vasitəsilə Rusiyadan yan keçməklə Avropaya nəql olunacaq, odur ki, “Transxəzər”in qarşısında duran məsələlər “Trans Anadolu”nun hesabına həll oluna bilər, lakin hətta ikinci mərhələdən sonra da TANAP “Nabucco”dan 2 dəfə qısa olacaq. Bundan əlavə, “Nabucco” bütöv Xəzər qazının Qərb ölkələrinə nəqlini nəzərdə tuturdusa, TANAP yalnız Azərbaycan qazının nəqlini planlaşdırır. “Trans Anadolu”nun daha bir üstünlüyü Ukraynanın da bura qoşulmaq istəməsidir. Vurğulayaq ki, bu layihə ilə Türkiyə qaz tranziti ölkəsinə çevrilmək arzusuna qovuşmaq üzrədir. Lakin Ankaranın Avropa ölkələrinə qaz nəql etmək iddiası Rusiyanın qəzəbinə səbəb olur. Azərbaycan qazını Avropaya nəql etmək üçün Türkiyə ərazisində təqribən 1200 km məsafə qət etmək lazım olacaq. Yəni bu tariflə 10 mlrd. kubmetr qazı Avropa Birliyi sərhədinə çıxartmaq üçün “Şahdəniz” layihəsi iştirakçılarının 240 mln. avro vəsait ödəməsi lazım olacaq. Azərbaycan və “Şahdəniz” layihəsi iştirakçıları Britaniya qanunvericiliyinin tətbiq edilməsini təklif etsələr də, Türkiyə buna qəti etirazını bildirib və öz qanunlarının tətbiqində israrlı olub. Sonradan beynəlxalq layihə üçün tərəflər İsveçrə qanunvericiliyini nəzərdən keçiriblər. Beləliklə, bölgədə siyasət neft qoxusu verir. Əgər Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqlinə böyük siyasət mane olmasa, tərəflər əldə etdikləri razılaşmanı həyata keçirəcəklər. Xatırladaq ki, Rusiya Azərbaycan qazını tam həcmdə almağa səy göstərirdi. Bununla Moskva “Nabucco” layihəsini dəfn etmək istəyirdi. Bu boru kəmərinin sərf edici formada işləyə bilməsi üçün Azərbaycan və Türkmənistan qazının onun vasitəsilə nəqlinə ehtiyac var. ABŞ İran qazının həmin kəmərlə nəqlinə qarşıdır. Rusiya uzun müddət Azərbaycanın Qərblə enerji daşıyıcıları sahəsində strateji müttəfiqliyinə son qoymaq istəyini gizlətmirdi. Azərbaycanın maraqları isə Türkiyə və Qərblə əməkdaşlığını mühüm edir. Bu isə Rusiyanın inhisarına son qoyur. Rusiya Avropanı qaz təmin etmək inhisarını əldən verərsə, Türkiyəyə və Avropaya təzyiq vasitələrinin ən mühümündən məhrum ola bilər. Rəsmi Bakı “qaz savaşında” Ankaraya doğru reverans edir.Odur ki, Moskvanın Azərbaycanı təhdid edəcəyini, habelə Türkiyənin maraqlarına zidd addımlar atmağı tələb edəcəyini ehtimal etmək olar. Rusiya rəhbərliyi dəfələrlə qeyd edib ki, Azərbaycan onlar üçün çox vacib strateji tərəfdaşdır. Azərbaycanın ABŞ-a reveranslarının, o cümlədən də Türkiyə ilə qaz anlaşmasının kontekstində təhlil etdikdə, məsələ aydınlaşır. Rusiya Azərbaycan hakimiyyətinə qəzəblidir və bu səbəbdən də onu açıq şəkildə təhdid edir. Müstəqil bir dövlətə qarşı bu cür bəyanat vermək, onu təhdid etmək, əlbəttə ki, sadə bir məsələ deyil; ölkəmizin suverenliyinə sayğısızlıqla bərabər, həm də beynəlxalq hüququn normalarını tapdamaqdır. Onu da vurğulamaq lazım gəlir ki, rəsmi Bakı “Böyük qaz oyunu”nun mənzərəsini dəyişərək, həm ixrac və idxalçı, həm də tranzit ölkələrə siyasi və kommersiya baxımından sərfəli şərait yaradıb. Bakının “qaz diplomatiyası” Türkiyənin Avropanın enerji təhlükəsizliyinə mümkün töhfəsinə açıq təminat verməklə yanaşı, həm də yeni mənbələrin cəlbi imkanı yaradır. Eyni zamanda, Bakı və Ankara yaxınlaşması bölgəni Rusiyanın təsir dairəsindən azad olmağa yardım edir. Avropa.info-nun ekspert qrupu Geri dön |