Ana Sayfa > Xəbər > “Eldar Mahmudov Səfər Əbiyevin normal işləməsinə imkan vermirdi”

“Eldar Mahmudov Səfər Əbiyevin normal işləməsinə imkan vermirdi”


9-12-2015, 14:58. Yazar: admin
“Eldar Mahmudov Səfər Əbiyevin normal işləməsinə imkan vermirdi”
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudası, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevin həbsi hətta “Günəşli” yatağında baş vermiş ağır faciənin fonunda belə diqqətdən kənarda qalmadı.
Azərbaycan hakimiyyəti daxilində hədsiz səlahiyyət sahibinə çevrilmiş qudalardan birinin həbsə göndərilməsi E.Mahmudovun ev dustaqlığında çox qalmayacağı, tezliklə ona da Kürdəxanı təcridxanasında “yer veriləcəyi” haqda ehtimalları gücləndirir.
Məlumata görə, artıq istintaqda E.Mahmudovun həbsi üçün kifayət qədər sübutlar mövcuddur. C.Hacıyevin işdən çıxarılandan 9 ay sonra həbs edilməsi onu göstərdi ki, qudalar vəd etdikləri, daha doğrusu, dövlətdən mənimsədikləri pulu qaytara bilməyiblər.
Bəzi mənbələr bu vəsaitin 2-8 milyard manat civarında olduğunu deyir. C.Hacıyev hələ mart ayında işdən çıxarılanda və bank vəsaitinin mənimsənilməsində E.Mahmudovun da şərikliyi üzə çıxdıqdan sonra nazir qudasını həbsdən bir şərtlə qoruya bilmişdi: mənimsənilən pullar qaytarılacaq.
Amma zaman keçdikcə E.Mahmudov bandasının MTN-də törətdiyi cinayətlər də aşkar olundu ki, bu da qüdrətli daha bir qudanın da vəzifədən çıxarılması ilə nəticələndi.
E.Mahmudovla C.Hacıyev, sadəcə, quda olmayıblar, onlar bu qohumluqdan illər öncə bütün bizneslərini, gizli sirlərini bölüşüblər, bir-birilərinə informasiya dəstəyi verərək milyardlara sahibləniblər.
E.Mahmudov ona geniş maliyyə kanalları yaratmış C.Hacıyevə “borclu qalmayıb”. O, C.Hacıyevin iqtisadi komandada rəqiblərini ən müxtəlif üsullarla işdən qovdurub, şantaj edib və susdurub. Bundan başqa, iqtidar komandasında da sabiq MTN şefinin həbsini istəyənlərin sayı çoxdur. E.Mahmudov zamanında onların bəzilərini hətta kabinetinə belə çağırtdırıb, hədə-qorxu dilində danışıb.
Eyni zamanda E. Mahmudov bir neçə məmuru – keçmiş təhsil naziri Misir Mərdanov, keçmiş müdafiə naziri Səfər Əbiyev və başqaları haqda kompromatlar toplayıb. Buna isə həmin nazirlərin E.Mahmudovun “çaldığı havaya” oynamamaları səbəb olub.
maxresdefaultMəsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri, prezidentliyə keçmiş namizəd Hafiz HACIYEV AİM.Az-a deyib ki, E.Mahmudov təcili həbs edilməlidir. Qurum sədrinin sözlərinə görə, sabiq nazirin ətrafında olan qüvvələr Azərbaycanda qarışıqlıq salmaq istəyirlər ki, onun həbsini unutdursunlar:
“Hakimiyyətə ən sadiq adam kimi tanınan E.Mahmudov belə hərəkətlər etdisə, gör, digərləri hansı oyunlardan çıxırlar. Düşünürəm ki, təcili kadr islahatları başladılmalıdır. Bir neçə şəxs istisna olmaqla, əksər məmurlar dövlət başçısına xəyanət edir. Onlar dövlətçiliklə deyil, başqa işlərlə məşğuldurlar. E.Mahmudovun saxlanılmaması ölkəmizdə növbəti çaxnaşmaların yaşanmasına yol aça bilər. Qorxmaq zamanı deyil. Cəsarətli addım atmağın və radikal kadr islahatlarını reallaşdırmağın vaxtıdır. E.Mahmudov və onun “çetesinə”daxil olanların hamısı həbsə alınmalıdır. Həbslər olmasa, ölkəmizdə ciddi qarşıdurmalar və təxribatlar baş verəcək.”
E.Mahmudovun sabiq nazirlərin- Misir Mərdanov və Səfər Əbiyevin vəzifədən azad olunmasına yönəlik kompramatlar hazırlamasına gəlincə, təşkilat sədri qeyd edib ki, bu ortada olan faktdır:
“Çox ciddi məsələlər mövcuddur. E.Mahmudov digər məmurları şantaj edirmiş. Ölkə başçısına xəyanət edirmiş. 2005-ci ildə müəyyən məmurlar həbs olundu. Bundan əlavə, E.Mahmudov nazirləri şərləyib, onlardan “haqq” yığırmış. O cümlədən E.Mahmudov Səfər Əbiyevin dönəmində də orduda çaxnaşma yaratmaq istəyirdi. S.Əbiyevin normal işləməsinə imkan vermirdi. Ona maneə törətməyə çalışırdı. E.Mahmudov bax bu cür qanunsuzluqlarla külli miqdarda pul qazanıb. O yaxşı əks-kəşfiyyatçı olsaydı, torpaqlarımızı işğaldan azad edərdi. E.Mahmudov ancaq ki, başını prezidentə xəyanət etməyə işlədib.”
E.Mahmudovun adamlarının Müdafiə Nazirliyində (MN) qanusuz araşdırmalar aparmasının qarşısını almaq məqsədilə Səfər Əbiyevin onları Müdafiə Nazirliyinə buraxmamasına münasibət bildirən H.Hacıyev bildirib ki, S.Əbiyev həmişə dövlətçiliyə sadiq adam olub:
“S.Əbiyev işdən çıxdıqdan sonra kimsə arxasınca danışırsa, böyük yanlışlığa yol verir. Ümummilli liderimizin və Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında S.Əbiyevin Azərbaycan ordusunun formalaşması və güclənməsində böyük xidmətləri olub. S.Əbiyev həqiqəti ortaya qoydu. Gördülər ki, artıq E.Mahmudovun bütün xəyanətlərinin üstü açılır. Ona görə də, E.Mahmudov özünü, pis əməllərini ört-basdır etmək üçün orduda təxribatlar yaratdı. Bununla da S.Əbiyevə təzyiqlər göstərirdi. E.Mahmudovu himayə edən insanlar S.Əbiyevin müdafiə naziri vəzifəsindən kənarlaşdırılmasına imkan yaratdılar. Amma S.Əbiyev nazir olduğu müddətdə çox şərəf və ləyaqətlə çalışıb.”
Həmsöhbətimiz qeyd edib ki, E.Mahmudovun başında bir “ana” məmur dayanır:
“Həmin ana məmur bu gün də Azərbaycana xəyanət edir. Həmin məmur E.Mahmudovun həbsə alınmasına mane olur. Mənim əziz qardaşım, cənab İlham Əliyev həmin adamlardan soruşmalıdır ki, niyə E.Mahmudovun sözünə baxırdınız? Niyə ölkəyə, xalqa, dövlətçiliyə, Azərbaycançılığa xəyanət edirdiniz? Bu sualları verməlidir. Şəxsən mən cənab prezidentimiz İlham Əliyevi tam gücümlə dəstəkləyirəm. Azərbaycanın sağlam müxalif qüvvələri ilə ciddi danışıqlar aparıram. Bütün o qüvvələri qardaşım İlham Əliyevin ətrafında toplayıb, ona kadr islahatlarını sona çatdırmaqda yardımçı olacağıq.”
Həmsöhbətimiz bildirib ki, E.Mahmudov ölkədə təxribatla məşğul olub:
“Bununla yanaşı, o müxalif qüvvələrlə də əməkdaşlıq edib. Qardaşım İ.Əliyevə təzyiqlər göstərmək məqsədilə özlərinin adamlarının iştirakı ilə mitinqlər təşkil etdirirdilər. Bu səbəbdən düşünürəm ki, E.Mahmudovun çöldə qalması yenə də ölkədə dövlət çevrilişinə cəhdi aktuallaşdıra bilər.”
Müsahibimiz diqqətə çatdırıb ki, “Günəşli” yatağında baş verən yanğında və Nardaran hadisələrində də E.Mahmudovun “əli” olub:
“Bunun da acı və ağrısını xalq çəkir. Belə olaylar törətməklə E.Mahmudovun “MTN işi”ni yaddan çıxartmaq istəyirlər. E.Mahmudovun adamlarının siyahısı ortaya çıxmalıdır. Bu siyahı ortaya çıxmayınca, təxribatlar dayanmayacaq. Nə qədər ki, onun adamları hakimiyyətdədir, ölkəmizdə vəziyyət gərgin olacaq.”

Geri dön