Ana Sayfa > Xəbər > “İraq Rusiya və İrana güvənərək Ankaraya ultimatum verir”
“İraq Rusiya və İrana güvənərək Ankaraya ultimatum verir”9-12-2015, 13:50. Yazar: admin |
Rusiya-Türkiyə münasibətlərində yaranmış gərginlik hələ ki, səngimir, əksinə, artır. Putinin “Türkiyə təkcə pomidorlarla canını qurtara bilməyəcək” bəyanatının nə mənaya gəldiyini tədricən müşahidə edirik. Rusiya diplomatik və hərbi müstəvilərdə aktiv həmlələrlə Türkiyəyə təzyiq etməyə çalışır. Moskva Türkiyənin İraqın şimalındakı hərbi qüvvələrinin çıxarılması tələbi ilə BMT Təhlükəsizlik Şurasını bu gün toplantıya çağırıb. İraq hökuməti isə Türkiyəyə öz əsgərlərini ölkə ərazisindən çıxarması üçün 48 saat vaxt verib və Hərbi Hava Qüvvələrini hazırlıq vəziyyətinə gətirib. Ultimatumun vaxtı bu gün dolur. Bəs hadisələr bundan sonra hansı məcrada davam edəcək? Öz ərazisində kələfin ucunu itirmiş İraq Türkiyəyə ultimatum verəcək qədər cəsarəti haradan alır? Hafta.az-ın verdiyi xəbərə görə, politoloq Şahin Cəfərli məsələyə münasibət bildirib. Politoloq bildirib ki, İraq hökumətinin Türkiyənin üzərinə yeriyəcək cəsarəti özündə tapması xarici faktorla birbaşa əlaqəlidir: “Türkiyənin hazırda İraqın şimalında azı 400 nəfərlik hərbi kontingenti var və onlar yerli kürd, türkmən və sünni ərəb qruplarına hərbi təlim keçir. İŞİD gələndə bir güllə atmadan şəhər və kəndləri, əllərindəki yüzlərlə tankı, topu, banklardakı külli miqdarda nağd pulu atıb qaçan bu qorxaqlar indi Rusiya və İrana güvənərək Türkiyəyə ultimatum verəcək qədər cəsarətləniblər. Rusiyanın regionda şiələrlə qurduğu taktiki ittifaqın önəmli parçası olan İran isə Türkiyənin əlavə təbii qaza ehtiyac duyacağı halda bu qazı verə bilməyəcəyini açıqlayıb. Çox zəif ehtimal da olsa, Putin qəflətən qazı kəsərsə, Türkiyənin alternativ kimi İrana üz tuta bilməyəcəyi və Tehranın ən azı Moskva qədər güvənilməz tərəfdaş olduğu aydınlaşdı. İsrail isə Türkiyənin alternativ qaz tədarükçülərindən biri ola bilər”. Şahin Cəfərlinin sözlərinə görə, Rusiya paralel şəkildə Suriyada və Aralıq dənizində hərbi mövcudluğunu gücləndirməyə davam edir. Politoloq deyib ki, hətta Moskvanın yunan Kiprində hərbi baza yaratmaq üçün yenidən təşəbbüs göstərdiyi də bəlli olub: “Qanadlı raketlər daşıyan “Rostov-na-Donu” sualtı qayığı Suriya sahillərinə göndərilib. Adanın şimalında Türkiyənin güclü hərbi kontingenti mövcuddur və yunanlar bu disbalansı aradan qaldırmaq üçün Rusiyanın təklifini müsbət qarşılaya bilər, lakin yunan Kiprinin Avropa Birliyinin üzvü olması və ərazisində Britaniyanın (dolayısı ilə NATO-nun) iki hərbi bazasının mövcudluğu Qərbin bu işə müsbət yanaşmayacağını söyləməyə əsas verir. Bu arada Rusiya NATO-nun Türkiyənin hava hücumundan müdafiəsini gücləndirməsinə və ümumən ittifaqın şərq cinahına əlavə qüvvə yığmasına etirazını bildirib. Ermənistandakı Rusiya aviasiya qruplaşmasının gücləndirilməsi Moskvanın həm NATO-ya, həm də Türkiyəyə qarşı cavab addımlarından biridir. Lakin Ermənistandakı 102-ci Rusiya hərbi bazasının Türkiyəyə ciddi təhdid yarada biləcək potensialı və Türkiyənin həmin istiqaməti qoruyan 3-cü ordusuna üstünlük quracaq imkanları yoxdur. Aralıq dənizində də balans Türkiyə və NATO-nun xeyrinədir”. Şahin Cəfərlinin sözlərinə görə, Rusiyanın Türkiyə maraqlarına qarşı başqa bir addımı kimi Suriyadakı kürd qruplaşması PYD-yə hərbi dəstəyini artırmasını göstərmək olar: “Lakin neftin ucuzlaşmağa davam etməsi sözsüz ki, Rusiyanın imkanlarını məhdudlaşdırır və onun ambisiyalarının reallaşmasına mane olacaq faktora çevrilir. Moskvanın öz Suriya siyasətini ölkənin cəmi 14-15 faizini əlində saxlayan Əsədin kreslosundan asılı hala gətirməsi və sünni ərəblərlə əlaqələrinin zəifləməsi isə uzaqgörən strategiya deyil. Suriya əgər bölünməyəcəksə, ölkənin gələcəyində məhz sünni ərəblərin söz sahibi olacağı şübhəsizdir”. Geri dön |