Ana Sayfa > Xəbər > Rəsulzadə: 31 yanvar, yoxsa 29 fevral? – Tapıntı
Rəsulzadə: 31 yanvar, yoxsa 29 fevral? – Tapıntı9-12-2015, 12:49. Yazar: admin |
Azərbaycan Respublikasının əməkdar müəllimi, Jurnalistlər Birliyinin üzvü Nazim Nəsrəddinov Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin doğum tarixi ilə bağlı maraqlı fakt əldə edib. Axar.az xəbər verir ki, N. Nəsrəddinov M.Ə.Rəsulzadənin 31 yanvar 1884-cü ildə deyil, 29 fevral 1884-cü ildə anadan olduğunu iddia edir. Onun fikrincə, yeni tapılmış sənədlər M.Ə.Rəsulzadəni düz 1 ay cavanlaşdırır: “Azərbaycan Respublikasının Dövlət Tarix Arxivindəki 290 nömrəli Fondda Zaqafqaziya Şiə Ruhani İdarəsinə aid materiallar saxlanılır. Bu fond uzun illər boyu bir növ kölgədə qalıb, ondan nadir hallarda istifadə olunub. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi (ARDTA). 290 nömrəli fond, saxlama vahidi - 2266. Cəmi 10 səhifəlik materialdır. Bakı Quberniya Şiə Məclisinin üzvü Axund Molla hacı Ağa (M.Ə.Rəsulzadənin atası. Onun adı həm də, Axund Hacı Molla Ələkbərdir - red). Molla Ağa Rəsulzadə Bakı Quberniya Şiə Məclisinin üzvüdür, 54 yaşı var, şiə təriqətinə mənsubdur. Fərqlənmə nişanı yoxdur. İldə 300 rubl maaş alır. Məhəmməd anadan olan il 366 gün olub. İl 4 rəqəminə qalıqsız bölünürdü. Axund Molla Ağa ruhani zümrəsindən olub. Bakının Spasski küçəsində 155 nömrəli evdə qardaşları ilə şərikli mülkü və həyəti olub. Axundun Bakıda Xoca Həsən küçəsində (N 29) ayrıca evi və həyəti də var imiş. Bakıda təhsili alıb, xüsusi məktəb bitirməyib. Bakı qubernatorunun 7 may 1888-ci il tarixli 7088 nömrəli əmri ilə Hacı Pirverdi məscidinə prixod mollası təyin olunub. Elə həmin qubernatorun 02 noyabr 1892-ci il tarixli 1692 nömrəli əmri ilə Bakı Quberniya Şiə Məclisinin üzvü təyin olunub. Axund Hacı Molla Ağanın arvadı Bakı sakini Zinət Xanım Məşədi Zal qızı olub. Oğlu Məhəmməd Əmin 29 fevral 1884 -cü ildə, qızı Şəhrəbanu isə 9 sentyabr 1888-cı ildə anadan olub”. Tədqiqatçının sözlərinə görə, əksər arxiv sənədlərində Rəsulzadənin doğum günü 31 yanvar yox, 29 fevral göstərilib: “Maraqlıdır ki, M.Ə.Rəsulzadənin təvəllüdü bütün elmi mənbələrdə 31 yanvar 1884-cü il göstərilir. Rəsulzadənin doğum gününün oxuduğumuz digər mənbələrdə 31 yanvar 1884-cü il göstərilməsi, yəqin ki, digər arxiv sənədlərə əsaslanır. Aşkarladığımız yeni sənədlərdəki maraqlı məqamlar, ələlxüsus, M.Ə Rəsulzadənin 29 fevral 1884-cü ildə anadan olması faktı Azərbaycan Cümhuriyyəti Milli Şurasının sədrini düz bir ay cavanlaşdırır. Təəssüf ki, elmi ictimaiyyət iki ildən çoxdur ki, bu mövzuda yazdığım yazılara etinasızlıq göstərir. Mən də öz fikrimdə israrlı olduğum üçün bir daha bu mövzuya qayıtmağı lazım bildim”. Geri dön |