Ana Sayfa > Xəbər > Parlament tarixində ən gənc komitə rəhbəri - O, öz sözünü deyəcək

Parlament tarixində ən gənc komitə rəhbəri - O, öz sözünü deyəcək


3-12-2015, 16:08. Yazar: admin
Parlament tarixində ən gənc komitə rəhbəri - O, öz sözünü deyəcək
Beşinci çağırış Milli Məclisdə deputat Fuad Muradov Gənclər və idman komitəsinin sədri seçilib.

Bununla da Fuad Muradov Azərbaycan parlament tarixinə ən gənc komitə sədri kimi düşüb.

Maraqlıdır, parlament jurnalistləri bu seçimi necə qiymətləndirir, ondan gözləntiləri nədir?

“Gün.az ” saytının əməkdaşı Kamil Həmzəoğlu Fuad Muradovun öz fəaliyyəti ilə bu vəzifəni haqq etdiyini düşünür: “Fuad Muradov bu etimadı öz fəaliyəti ilə haqq etdiyini sübut edib. Neçə illərdir ki, gənclər siyasəti ilə məşğul olur, Azərbaycan gəncliyini hər zaman hər yerdə, hər tribunada layiqincə təmsil edərək dövlət gənclər siyasətinin həyata keçirilməsində yaxından iştirak edənlərdən biri olub. Ona görə də düşünürəm ki, Fuad Muradovun belə bir komitəyə sədr seçilməsində təəccüb doğuracaq bir şey yoxdur. Əminəm ki, o, göstərilən etimadı tam doğruldacaq”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan Fuad Muradovun Gənclər və idman komitəsinə sədr seçilməsini müsbət dəyərləndirdiyini bildirib. Onu da qeyd edib ki, gənc deputatın bu komitəyə rəhbərlik etməsi üçün biliyi və təcrübəsi yetərincədir:
“Fuad Muradov uzun illər gənclər təşkilatına rəhbərlik edib və bu sahə ilə yaxından tanışdır. Eyni zamanda, onun idmanla məşğul olduğunu da bilirəm. Yaxşı futbol oynayır, bir yerdə oynamışıq, görmüşəm. Hücumda olduqca yaxşıdır. O, idmandkı hücum taktikasını siyasətdə də yerinə yetirir. Və hər zaman onun hücum siyasəti qələbə ilə nəticələnir.
Fuad Muradov Gənclər Təşkilatları Milli Şurasına rəhbərlik etdiyi dövrdə Gənclər və İdman Nazirliyi ilə bir sıra layihələrdə əməkdaşlıq edib.
Düşünürəm ki, o, bu sahədə yetərincə məlumatlıdır və inanıram ki, gənclər və idman sahəsində qanunvericiliyin təkmilləşdirilməsində, lazım gələrsə yeni bir qanun layihəsinin qəbul edilməsi üçün öz əməyini əsirgəməyəcək”.

Aqil Aslan Fuad Muradovu bu vəzifəyə layiq görənləri də təqdir edib: “Əslində 36 yaş tam olaraq gənclik yaşı olmasa da, faktiki olaraq o, Milli Məclisin komitə sədrləri arasında ən gəncidir. Ümumiyyətlə, yaxşı olardı ki, Azərbaycanda parlament və hökumət üzvlərinin əksəriyyəti layiqli, vətənpərvər gənclərdən ibarət olardı. Bu gün parlament və hökumətimizdə elələri var ki, onlar Azərbaycanın müstəqilliyinin əleyhinə səs veriblər. Onların hələ də vəzifədə saxlanılmasını isə başa düşmürəm. Bir sözlə, düşünürəm ki, Fuad Muradov bu vəzifəyə layiqdir, mən də ona bu işində uğurlar arzulayıram”.

Jurnalist Fərəh Sabirqızı Milli Məclisdə Gənclər və idman komitəsinin sədrliyinə ən layiqli namizədin məhz Fuad Muradlı olduğunu düşünürmüş:
“Fuad bəyin komitə sədri seçilməsi şəxsən mənə çox xoş oldu. Onu uzun illərdir tanıyıram, gördüyü işin keyfiyyəti ilə də tanışam. Məlumdur ki, Fuad Muradov uzun illər gənclərlə çalışıb və bir çox uğurlara imza atıb. İstər Gənclər Təşkilatlarının Milli Şurasında, istər də sonra yaratdığı beynəlxalq şəbəkədə onun rəhbərliyi ilə həyata keçirdiyi layihələr regionda səs-küy yaradan proyektlərdən olub. Dəfələrlə Parlament Jurnalistləri Birliyi tərəfindən “İlin ən aktiv deputat” adını alan Fuad Muradov həm də səmimiliyi ilə jurnalistlərin simpatiyasını qazanıb.
Elə buna görə də, seçki öncəsi keçirdiyi yaddaqalan təbliğat kampaniyasında gənclərlə yanaşı, jurnalistlər də onun ətrafında idi. Düşünürəm ki, Milli Məclisdə Gənclər və idman komitəsinin sədrliyinə ən layiqli namizəd məhz o, ola bilərdi”.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal parlamentdə Gənclər və idman komitəsinin yaradılmasının zəruri olduğunu söyləyib:
“Fuad Muradovun sədr seçilməsi olduqca məqsədəuyğundur. Birincisi, ona görə ki, Fuad Muradov gəncliyinin ilkin çağlarından ölkədə gənclər siyasəti sahəsində fəal iştirak edib, bu sahənin təşkilatçılarından olub. Eyni zamanda, parlament fəaliyyəti dövründə də, istər Milli Məclis tribunasından, istərsə ictimai həyatda hər zaman gənclərin problemlərini, o cümlədən, idman, bədən tərbiyəsi ilə bağlı məsələləri gündəmə gətirib. Bu yöndə çoxsaylı tədbirlərə, layihələrə təşəbbüskarlıq və təşkilatçılıq edib. Ona görə də hesab edirəm ki, Fuad Muradova həmkarlarının göstərdiyi etimad yerində verilən qərardır. İnanıram ki, bu yeni missiya Fuad Muradovun gənclər və idman sahəsindəki çoxşaxəli fəaliyyətinə yeni imkanlar yaradacaq”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı Fuad Muradovu deputat seçilməzdən də əvvəl tanıdığını deyib: “Elə o vaxtlar da çox fəal bir gənc idi. İndi də fəaldır. Məncə, Fuad müəllim bu komitənin işini uğurlu şəkildə təşkil edəcək. Gəncləri narahat edən məsələlərlə bağlı qanunların hazırlanmasında bilavasitə təşəbbüskar olacaq. Onun gənclərlə bağlı xidmətləri böyükdür. Bunu danmaq olmaz. Eyni zamanda, Qarabağ məsələsində gənclərin aktiv rolunun formalaşmasında da Fuad Muradovun rolu böyük olub. Dəfələrlə müxtəlif sənədlərin qəbuluna nail olub. Yəni bütün bunlar hamısı gənc deputat olaraq, onun xidmətləridir. Komitə sədri kimi, gənc yaşında deputat olanda da çoxları inanmırdı ki, Fuad Muradov nəsə edə biləcək, amma o bacardı. Komitə sədri kimi də vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə inanıram. Özündə Azərbaycan gəncliyinin enerjisini, Azərbaycan idmançısının gücünü cəmləşdirən Fuad Muradov komitə rəhbəri kimi həm daxildə, həm xaricdə öz sözünü deyəcək. Biz buna əminik”.

Geri dön