Ana Sayfa > Xəbər > Deputata qarşı Rəsulzadə məhkəməsinə vəkil tapıldı - "...hazıram"

Deputata qarşı Rəsulzadə məhkəməsinə vəkil tapıldı - "...hazıram"


2-12-2015, 15:34. Yazar: admin
Deputata qarşı Rəsulzadə məhkəməsinə vəkil tapıldı - "...hazıram"
Milli Məclisin yeni üzvlərindən olan deputat Naqif Həmzəyevin M.Ə.Rəsulzadə ilə bağlı təhqiramiz fikirləri ölkə ictimaiyyətini qəzəbləndirib. Hər kəs deputatın bu hərəkətinə etiraz bildirir, onun bu hərəkətini pisləyir.

Belə soydaşlarımızdan biri də vəkil Ceyhun Yusifovdur. Onun musavat.com-a göndərdiyi mətni oxucularımıza təqdim edirik:


“Deputat Naqif Həmzəyevin, Məmməd Əmin Rəsulzadəni aşağılayan fikirlər söyləməsi məni də bir vəkil kimi ağrıtdı. Hesab etdim ki, mütləq qaydada öz vətəndaş mövqeyimi bildirməyim zəruridir.

Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Nağı Şeyxzamanov, Əli Nəzmini, Fikrət Əmirov, Qənbər Hüseynli kimi dahi ziyalıları və böyük dövlət adamlarını, o cümlədən qəhrəmanlıq obrazı olan Cavad xanı, torpaqlarımızın azadlığının ilk şəhid qaranquşları olan Bəxtiyarı, Abbasqulunu, Rüzigarı, Nemanı yetirən qədim Gəncəni təmsil etmək mən deyərdim ki, daha böyük, hətta iki qat məsuliyyət tələb edir, cənab Həmzəyev!

Mən bu gənc deputatdan nümunə olacaq davranış gözləyirdim. Təəssüf ki, o, göstərilən etimaddan qaragüruhçuluq üçün istifadə edərək, özünü çoxsaylı qınaqlara məruz qoydu. Rəsulzadə barədə dediyi məntiqsiz və rabitəsiz sözlər ona baş ucalığı gətirə bilməz. Rəsulzadənin yalnız mühacirətdə verdiyi savaşın tarixi bu gəncin yaşından çoxdur!

Rəsulzadənin parlaq ömür və mübarizə salnaməsi haqqında yazılan yüzlərlə dəyərli əsərlərin çəkisini isə onun çəkisi ilə müqayisə etməyə dəyməz. Ən azı, Məmmədəmin bəyin qürbətdə ruhu nigaran qalmasın deyə!!!

Deputat Naqif Həmzəyev təhqiramiz davranışı ilə bağlı Rəsulzadənin nəvəsi Rais Rəsulzadəyə müraciət edərək, tezliklə məhkəmə qaydasında mübahisəyə başlamağa səsləyirəm. Mən də vəkil olaraq bu şərəfli prosesin təmsilçisi olmağa təmənnasız hazıram...”

Geri dön