Ana Sayfa > Xəbər > Rusiya-Türkiyə münasibətləri Azərbaycana necə təsir edəcək? - ŞƏRH
Rusiya-Türkiyə münasibətləri Azərbaycana necə təsir edəcək? - ŞƏRH1-12-2015, 17:17. Yazar: admin |
Türkiyə Rusiyaya məxsus Su-24 təyyarəsini vurduqdan sonra iki dövlət arasındakı münasibətlər gərgin olaraq qalır. Artıq Rusiya Türkiyə ilə vizasız rejimi də dayandırıb. Bizim üçün maraq doğuran əsas məsələ Rusiya-Türkiyə münasibətlərinin Azərbaycana necə təsir etməsidir. Xüsusilə region üçün ən böyük problem olan Dağlıq Qarabağ münaqişəsilə bağlı məsələ bu baxımdan narahatlıq doğurur. “Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu Modern.az-a açıqlamasında münasibətlərin Azərbaycana, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə təsirini belə şərh edib. “Əvvəla Rusiya üçün Dağlıq Qarabağ məsələsi Qafqaz bölgəsi, Yaxın Şərq siyasətinə aid məsələdir. Yəni geosiyasi məsələdir. Ona görə də Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil və maraqlı olmayacaq. Ən pis variant Cənubi Osetiya və Abxaziya variantıdır. Rusiya onların müstəqilliyini tanıdı. Ehtimal edək ki, Azərbaycan Türkiyənin tərəfini tutur və Rusiya “Dağlıq Qarabağ Respublikası” adlanan qondarma qurumun müstəqilliyini tanıyır. Bununla da prinsip etibarilə ən azı münaqişənin isti fazası bitmiş olur. Məsələ bundadır ki, bu, heç də Rusiyanın maraqlarına cavab vermir. Rusiya münaqişə ilə bağlı bugünkü dondurulmuş statusu saxlamaqda maraqlıdır. Rəsmi Kreml bu mövqeyini davam etdirəcək. Ona görə də Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi konteksində Dağlıq Qarabağ münaqişəsində nəyinsə dəyişəcəyini söyləmək bir qədər reallıqdan uzaqdır. Münaqişənin konkret səbəbi odur ki, Rusiya bölgədə iştirakını qoruyub saxlayır. Məhz bunun naminə Rusiya münaqişəni inkişaf etməyə qoymur”. Ərəstun Oruclu Azərbaycan Türkiyənin tərəfini tutarsa, Rusiyanın da sakit şəkildə izləyici olmayacağını düşünür. “Hətta, Rusiya Ukrayna kimi böyük dövlətə təcavüz etməkdən belə, çəkinmədi. Ona görə də Rusiyanın Azərbaycana təsir etmək üçün bizim təsəvvür etdiyimizdən daha geniş imkanları var. Rusiyanın Azərbaycanın daxilində kifayət qədər təsir imkanları var. Rusiya Azərbaycanda yaşayan milli azlıqlarla bağlı təsir imkanlarına malikdir. Eyni zamanda Dağlıq Qarabağda münaqişəni aktiv fazaya keçirməklə ölkədə sabitliyi pozmaq imkanı var”. Geri dön |