Ana Sayfa > Xəbər > Hesablama Palatası korrupsiyanın həcmini düzgün hesabladımı?
Hesablama Palatası korrupsiyanın həcmini düzgün hesabladımı?7-04-2015, 15:26. Yazar: admin |
Hesablama Palatası ötən ilin ilginc korrupsiya hesabatını açıqlayıb. Hesabatda deyilir ki, 4 dövlət qurumunda aparılan monitorinqlər zamanı 17,1 milyon manatlıq yeyinti aşkarlanıb. "Trend"in məlumatına görə, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutuna ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların icrasına dair, “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair və dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından 2011-2013-cü illər və 2014-cü ilin I yarımilliyi üzrə Kürdəmir Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair aparılmış nəzarət tədbirlərinin nəticələri Hesablama Palatasının Kollegiyasında müzakirə edilib. Bu qurumların vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, etibar edilmiş dövlət əmlakından, ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə halları, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması halları müəyyən olunub. Hesabatda o da qeyd olunub ki, işində nöqsanlara yol verən 3 nəfər, o cümlədən, RİH başçısının müavini, bir şöbə müdiri və bir böyük məsləhətçi tutduğu vəzifədən azad olunub və yoxlama materialları Baş Prokurorluğa göndərilib. Azərbaycan Dövlət Neft Akademiyasında da büdcədən ayrılan vəsaitlər və büdcədənkənar daxilolmalarla bağlı ciddi nöqsanlar aşkarlanıb, iki prorektor, bir neçə dekan və şöbə müdiri ilə yanaşı, 13 nəfər barəsində tədbir görülüb. Bəs, görəsən başqa hansı dövlət qurumlarında bu kimi hallara yol verilib? Məmurların dövlət əmlakını dağıtması ilə bağlı faktları daha hansı idarələrdə axtarmaq lazımdır? İqtisadçı ekspert Natiq Cəfərli musavat.com-a açıqlamasında bildirdi ki, hansı nazirliklərə və idarələrə büdcədən daha çox maliyyə ayrılıbsa, ilk olaraq, həmin qurumların yoxlanılması həyata keçirilməlidir: “Bunun üçün dünyada qəbul olunmuş parametrlər var. Hesablama Palatasının borcu dövlət tərəfindən ayrılan vəsaitlərin monitorinqini aparmaq və neqativ halları üzə çıxarmaqdı. Bunun ən optimal yolu odur ki, hansı nazirliklərə və idarələrə daha çox maliyyə ayrılıbsa, ilk olaraq, həmin qurumların yoxlanılması həyata keçirilməlidir. Son illərdə büdcədən ən çox vəsait alan nazirliklər Nəqliyyat Nazirliyi, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyidir. Bu nazirliklərdə yoxlamaların aparılması və son illər ayrılmış milyardlarla vəsaitin taleyinin araşdırılması daha məqsədəuyğun olardı. Ancaq hansısa bir rayonda və ya hansısa akademiyada, elmi müəssisədə aparılan yoxlamalar, Azərbaycanda büdcə korrupsiyasının həcminin faciəli bir şəkil aldığı vaxta, bunun heç kimdə şübhə doğurmadığı bir şəraitdə bir neçə ikinci dərəcəli idarələrin yoxlanılması, 17 milyon manat kimi çox cüzi bir yeyintinin ortaya çıxarılması Hesablama Palatası kimi bir qurumun etibarlılığını zədələyir”. Ekspertin sözlərinə görə, Hesablama Palatası çox dürüst bir qurum olmalıdır və bütün nazirliklərin yoxlanılmasında söz sahibi olmalıdır: “Görünən odur ki, indiki sistemdə Hesablama Palatasına ayrılmış rol yalnız fasad rolunu oynayır, yəni bu, formal bir quruma çevrilib. Bu qurum icazəli yoxlamalar aparmaqla, çox cüzi neqativ faktlar aşkarlamaqla, vəzifəsini bitirmiş kimi bir görüntü yaratmağa çalışır. Əslində isə bu, qeyri-ciddi bir yanaşmadır. Dediyim kimi, son illərdə dövlət büdcəsindən ayrılmış milyonlarla manat vəsaitin ünvanları bəllidir və həmin qurumlarda yoxlamalar aparılmalı idi. Azərbaycanda son illərdə korrupsiya faktları ilə bağlı onlarla ciddi araşdırmalar mətbuatda yer alıb. Hesablama Palatası bunlardan hansının üzərinə gedib, hansının nəticələrini araşdırıb? Ona görə də, hansısa rəqəm söyləmək çox çətindir. Ancaq Azərbaycanda büdcə korrupsiyasının beynəlxalq hesabatlarda çox yüksək dərəcədə olduğu təsdiqlənib”. Politoloq Ərəstun Oruclu isə musavat.com-a müsahibəsində bildirdi ki, Hesablama Palatasının bu açıqlamaları ictimai rəyin aldadılmasıdır: “Azərbaycanda mövcud idarəçilik sisteminin bütün sahələrində ağlasığmaz məbləğdə korrupsiya var. Bu, dəfələrlə mətbuatda da öz əksini tapıb. Hesablama Palatasının bu açıqlaması ya insanları ağılsız yerinə qoymaqdır, ya da hesabat xatirinə hesabatdır. Belə rəy yaratmağa çalışırlar ki, guya onlar işləyirlər. Əgər onlar həqiqətən işləyirlərsə, gedib Gömrük Komitəsində araşdırma aparsınlar, ölkəyə daxil olan malların gömrük rüsumunun real məbləği ilə dövlət büdcəsinə köçürülən məbləği müqayisə etsinlər. Düzdür, bu, daha çox hüquq-mühafizə orqanlarının işidir. Amma Hesablama Palatası da bununla məşğul olmalıdır. Çünki dövlət büdcəsinə daxil olan vəsaitlərdən söhbət gedir. Və ya getsinlər Nəqliyyat Nazirliyinin “Azəryolservis” müəssisəsini araşdırsınlar. Hesablasınlar ki, niyə ABŞ, Almaniya kimi dövlətlərdə bir kilometri 3-4 milyon dollara başa gələn yol, Azərbaycanda iki-üç dəfə baha başa gəlir. Səhiyyəyə və kənd təsərrüfatına ayrılan vəsaitləri araşdırsınlar. Ancaq bunu etməyəcəklər. Çünki bu hesabatlar “gözdən pərdə asmaq” xarakteri daşıyır. Təbii ki, bu hesabatlara heç kim inanmır. Beynəlxalq hesabatlarda ən korrupsiyalaşmış dövlətlərdən biri sayılan Azərbaycanda 1 il ərzində cəmi 17 milyon manat vəsaitin mənimsənildiyini açıqlamaq insanları aldatmaqdır”. Geri dön |