Ana Sayfa > Xəbər > ABŞ-ın yeni seçimi - Qubad İbadoğlu
ABŞ-ın yeni seçimi - Qubad İbadoğlu7-04-2015, 15:22. Yazar: admin |
Belə görünür ki, Azərbaycandakı status-kvonun dəyişməsində həddən artıq maraqlı olan Vaşinqton 2018-ci il prezident seçkiləri ərəfəsində müxalif qüvvələrinin yeni nisbətindən ibarət yeni şərait modelləşdirir. ABŞ-ın Azərbaycanda nəyin bahasına olursa-olsun real (aldadıcı yox!) siyasi təlatümlər yaratmaq istəyi artıq heç kimdə şübhə doğurmur. Vaşinqton Əliyevlə anlaşa bilərdimi? Yox. İndiki beynəlxalq şəraitdə, xüsusilə də regionda gərginliyin olduğu bir vaxtda onların anlaşması mümkün olmayacaq. Problem Vaşinqtonun Azərbaycana qəbul etdirməyə çalışdığı həddən artıq yüksək tələb və şərtlərdədir. Əliyevə təzyiq alətləri Yəni Azərbaycanın 90-cı illərin siyasi platformasına qayıdacağı təqdirdə,-bu platforma isə ölkənin daxili siyasətində Qərbin təsirinin aparıcı faktor olması, Rusiya ilə geosiyasi ziddiyyətlər, habelə seçilmiş izqoylara (istər İran, istər Rusiya, istərsə də Türkiyə olsun) qarşı geostrateji platsdarm rolunda çıxış etmək üzərində qurulmuşdu,- Vaşinqtonla bütün problemlər bir saatın içində həll olunacaq. Burada daha bir vacib amil var - birqütblü siyasi sistemin dağılıb getməsi. Vaşinqton himayəsində olan bu və ya digər şəxsi İlham Əliyevin qarşısına çıxarmaq üçün siyasi yelləncək prinsipində israr edir. ABŞ həm də təzyiq mexanizminin bərpa olunmasına çalışır. Özü də bu şərtlə ki, Əli Kərimlinin, İlqar Məmmədovun, yaxud MKİ tərəfindən ələ alınmış jurnalist Xədicə İsmayılın timsalındakı bu təzyiq alətləri toxunulmaz qalmalıdır. Ona görə belə edir ki, İ.Əliyevin öz maraqlarını, yaxud öz hakimiyyətinin maraqlarını (biz hələ ölkənin maraqlarını demirik) müdafiə etməyə qalxacağı təqdirdə bu təzyiq mexanizmi zaman-zaman işə salınsın... Belə deyək ki, Con Kerri Ermənistanla Azərbaycan arasındakı kommunikasiya problemini müzakirə etmək üçün İlham Əliyevin Serj Sərkisyanla bir masa arxasında oturmasına nail olmağa çalışır. Tutaq ki, Əliyev də bundan imtina edir. ABŞ mətbuatında o dəqiqə Xədicə İsmayılın prezidentin kürəkəninin biznesi barədə, necə deyərlər, ictimai atmosferi silkələyən qəzəb və ittiham dolu “araşdırma yazısı” peyda olur. Əli Kərimli ilə İlqar Məmmədov isə bu dəfə artıq “Məhsul” stadionunda da yox, Bakının mərkəzindəki Torqovı küçəsində mitinq çağırır. Usubov da heç nə eləyə bilmir, çünki hakimiyyət öz üzərinə bu müxalifətçilərə toxunmamaq öhdəliyi götürübmüş... Yəni elə bir vəziyyət modelləşdirilir ki, hakimiyyət bu halda öz əlini-ayağını könüllü şəkildə bağlayır. Bu halda belə mənzərə yaranır: əgər Əliyev Ermənistanla əlaqələrin yaradılmasını müzakirə etmək üçün danışıqlar masası arxasına keçirsə, Əli Kərimli müddətsiz aksiya iştırakçılarına müraciət edərək onları yeni aksiyaya qədər dağılışmağa çağırır... Əliyev bu danışıqlara razı olmasa və Vaşinqton Əliyevlə anlaşmağın, onu küncə sıxmağa çalışmağın mümkün olmadığını, daha doğrusu, bunun mənasız olduğunu tam dərk etsə, bu halda səfirlikdən Kərimliyə, “döyüşkən sektor”a və İlqar Məmmədova bu idarəolunmaz və ipə-sapa yatmaz prezidenti devirmək barədə təlimat gələcək. Bütün bunlar necə baş verdi... 1992-ci ilin yazında bu ssenari rusiyalı siyasi texnoloq Burbulisin və Qərb səfirliklərinin çağırışı ilə iki dəfə sınaqdan çıxarıldı. Qurban kimi də prezident Ayaz Mütəllibov seçildi. Oxşar ssenari ikinci dəfə də ikinci prezidentə tətbiq olundu. Yenə də Rusiya xüsusi xidmət orqanları tərəfindən. Elçibəy Naxçıvana qaçıb xilas olmağa məcbur oldu. Sonra isə bu ssenari az qala üçüncü prezident Heydər Əliyevin devrilməsi ilə nəticələnəcəkdi. Bu, 1998-ci ildə oldu. O zaman bütün geosiyasi oyunçular həm Qərb imperializminin, həm də Yeltsin banditizminin qarşısında dayanan Əliyev siyasi hakimiyyətinin devrilməsində maraqlı idilər. Lakin H.Əliyev möcüzəvi şəkildə ayaq üstə qala bildi. Həmin bu oyunu 2005-ci ildə İlham Əliyevin özü ilə də oynamağa çalışdılar. Öz iradələrini İ.Əliyevə qəbul etdirə və ondan ikinci Saakaşvili - geosiyasi təzyiq aləti yarada bilməyəcəklərini birmənalı şəkildə anlayan amerikalılar cini şüşədən buraxdılar. Lakin Əliyevin qətiyyəti həmin cini - “hakimiyyətin islahatçı qanadının başçısı” hesab olunan Fərhad Əliyevi yenidən qovub şüşəyə salmağa, şüşənin tıxacını da bərk-bərk, özü də düz 8 illiyə sıxıb bağlamağa kifayət elədi. Amerikalılar istər respublikaçıların, istərsə də demokratların hakimiyyəti dövründə, 2005-ci ildən bu günə qədər bu “əlverişsiz prezident”ə qarşı təzyiq alətləri yaratmaq və ondan istifadə etmək cəhdlərindən geri çəkilməyiblər. Niyə əlverişsiz? Ona görə ki, İlham Əliyev öz şəxsi hakimiyyətinin maraqlarını milli dövlətin maraqları ilə uzlaşdıra bilib. Əliyevin şəxsi hakimiyyəti milli dövlət təsisatları ilə üzvi şəkildə qaynayıb-qarışıb. Milli dövlətin maraqlarına istənilən təhlükə prezidentin şəxsi hakimiyyətinin dayaqlarına labüd təhlükə deməkdir. Əgər Əliyev bu planı qəbul etsəydi... Beləliklə, amerikalıların Əliyevə qəbul etdirməyə çalışdığı təkliflər paketi (siyasi sistemin dəyişdirilməsi təkliflərindən tutmuş Qarabağ təkliflərinə qədər) bir-biri ilə qarşılıqlı və üzvi şəkildə bağlı olan iki instituta - prezidentin şəxsi hakimiyyətinin dayaqlarına və milli dövlətçiliyin maraqlarına real təhlükə demək idi. Hələ 2007-ci ildə hamıya, ilk növbədə isə amerikalıların özlərinə də birmənalı şəkildə aydın oldu ki, Əliyevi tövsiyələr paketini könüllü şəkildə qəbul etməyə məcbur etmək praktiki olaraq mümkün deyil. Onun yerində hansı ayıq-sayıq siyasətçi olsaydı, belə edərdi. Amerikanın təkliflər paketini qəbul etmək siyasi mövcudluq baxımından intihar qərarı verməyə bərabər idi. Üstəlik onu da nəzərə alaq ki, amerikalılar ləyəndəki su ilə bərabər çox vaxt uşağı da atırlar. Uzağa getməyək, biri elə Gürcüstan. Amerikalılar bu ölkəni özlərinin şübhəli eksperimentləri naminə görün nə günə qoydular... Əvvəlcə Saakaşvilini qızışdırıb Putinin üstünə saldılar. Sonra Mişanı təmiz seçkilər keçirməyə məcbur etdilər. Elə vəziyyət yaratdılar ki, Putin də sonra Saakaşvilinin dərisini soydu. Nəticəsi də o oldu ki, Gürcüstanda hakimiyyətə Putinin adamı, onun canişini gəldi. Bəs amerikalılar indi nə edir? Onlar indi Saakaşvilini yenidən qızışdırıb Gürcüstana qayıtmaq uğrunda mübarizə aparmağa təhrik edirlər. Saakaşvilini isə öz ölkəsinə bu dəfə artıq Putin buraxmır... Beləliklə, əgər İlham Əliyev 2005-2007-ci illərdə amerikalıların reseptini qəbul etsəydi, Azərbaycanda Allah göstərməsin, nələr olardı. Azərbaycanda da yox, onun əlimizdə qalan bir hissəsində - Abşeron yarımadasında! İndi orada milli-demokratlarla islamçıların koalisiyası hakimiyyətdə olardı... Ölkənin qərb hissəsi rus-erməni ekspedisiyasının hücumlarından sonra xarabalığı xatırladardı. Ölkənin cənubu İran tanklarının tırtılları altında əzilərdi. Ölkənin şimalında isə Şərqi Ukraynadakı rusiyapərəst separatçıların komandirləri Strelkov və Motorolla tipli separatçılar at oynadardı... Dövlət quruluşlarının formalaşmasının və süqutunun iki modeli - Əliyev və gürcü-Ukrayna-moldovan modeli gözümüz önündədir. İkinci model ABŞ reseptinin qəbul ediləcəyi təqdirdə postsovet məkanında nələrin baş verəcəyini əyani şəkildə göstərir. Orada nə baş verir? Bəli, dövlət orqanizmlərinin tam dağılması... ABŞ Əliyevlə bu mövzuda anlaşmağın mümkün olmadığına qəti əmin olandan sonra həyasızcasına barışmaz qarşıdurma xətti götürdü. Vaşinqton çalışırdı ki, burada da gürcü-Ukrayna ssenarisini “əksin”. Bu ssenari hakim elitanın parçalanmasını, narazı kütlənin radikallaşdırılmasını və vətəndaşlar arasında qarşıdurmanın dərinləşdirilməsini nəzərdə tuturdu. Bütün bunlar da sonda prezidentlərin qaçmasını şərtləndirir. Azərbaycanda bu cəhdlər alınmadı. Ondan sonra Vaşinqton “ərəb ssenarisi”ndən istifadə etməyə bir neçə dəfə səy göstərdi. 2011 və 2013-cü illərdəki bu səylər də iflasa uğradı. Hakimiyyətin gözlənilməz və qəfil əks-inqilab həmləsi nəticəsində yeni Amerika strategiyasının tərəfdarlarının çoxu zərərsizləşdirildi. Bəziləri qaçdı, bir çoxu həbsxanaya salındı, vurulanlar, gözdən düşənlər oldu və s. Vaşinqtonun “Axilles dabanı” ABŞ-ın strategiyasının əsas problemi odur ki, Azərbaycan inqilabının hərəkətverici qüvvələri - potensial üsyançıların liderləri ilk növbədə elə narazı elektoratın gözündən düşüb. Amerikalılar əvvəlcə vurulmuş naxçıvanlı tayfa başçısı Rəsul Quliyevə ciddi stavka edirdi. Lakin dövran dəyişdi, tayfabazlıq Azərbaycan siyasi-fəlsəfi sistemindəki aktuallığını itirdi. Nəticədə ilk azərbaycanlı oliqarx da tam nüfuzdan düşdü. Ölkə onu unutdu. Sonra sözəbaxan, əhliləşdirilmiş müxalif düşərgədən Əli Kərimli boy göstərdi. Amma onun əli ilə inqilab tonqalı qalamaq cəhdləri də iflasa uğradı. Kərimli də ümummilli miqyaslı fiqura çevrilə bilmədi. Hətta kənd müxalifəti lideri səviyyəsinə düşdü. Şəhər onu qəbul etmədi, o, yalnız Saatlı narazılarına lazımdır. Kərimlinin keçirdiyi mitinqlərə ənənəvi olaraq bir ovuc adam - uzağı 2-3 min nəfər gəlir. Daha kim qaldı?! İlqar Məmmədov. Onun da ReAl layihəsi sabun köpüyü kimi partladı, uçub yoxa çıxdı. Budur, amerikalılar görünür, yeni oyuna hazırlaşır. Parlament seçkiləri Azərbaycanda həmişə əsas siyasi döyüş - prezident seçkiləri ərəfəsində baş məşq olub. Müxalifət Əliyevin xaricdəki əleyhdarlarının köməyi ilə bir növ siyasi hazırlıqla məşğuldur. Hərçənd ki, seçkiyə qatılacaq bütün iştirakçılar bu seçkilərin seçki məntəqələrinin divarları arxasında keçmədiyini bilirlər. Ölkənin taleyi küçələrdə, meydanlarda həll olunur. 2000, 2005 və 2010-da belə olmuşdu. Görünür, Vaşinqton 2015 ərəfəsində də yeni ssenari hazırlayır. Fizulili Yavlinski Bir neçə ay əvvəl Müsavat Partiyasında böyük qalmaqal yaşandı. Oxucuların xatırladığı kimi, siyasi baxımdan tamamilə müflis olmuş və siyasətdən uzaqlaşmış İsa Qəmbərin postuna (ədalət naminə qeyd edək ki, başqan heç vaxt Qərbdə nəzərləri cəlb etməyib, o, 90-cı illərin sonlarında iranlılarla həddən artıq sıx bağlı idi, 2000-ci illərin ortalarında isə hakimiyyətlə işbirliyinə girdi) iki fiqur - Qəmbərin stavka etdiyi Arif Hacılı və hamıya yaxşı məlum olan Qubad İbadoğlu iddia edirdi. Təxminən fizulili Yavlinski (rusiyalı islahatçı və iqtisadçı Qriqori Yavlinski nəzərdə tutulur-red.) adlandırıla biləcək, texnokratik komandanın lideri, liberal dəyərlərə və Qərb qrantlarına bürünmüş Q.İbadoğlu partiyanın sükanını ələ almağa cəhd göstərdi. Ancaq partiyanın qurultayı Qəmbərin və hakimiyyətin tövsiyələrini nəzərə alıb “idarəolunmaz İbadoğlunun” seçilməsində maraqlı deyildi və “boz” Hacılını seçdi. Axı təkcə Hacılının başqanlığı dövründə ölkə Qəmbərin - bir vaxtlar mövcud olmuş nüfuzunu tamamilə itirən və “DİN drujinnikləri”nin başqanına çevrilən siyasətçinin yoxluğunu hiss edə bilərdi. Hərçənd ki, İbadoğlunun seçilməsi onun milli-müxalif brendin lideri, Qarabağ klanının lideri (Müsavat ənənəvi olaraq Azərbaycanda narazı elektroratın -qarabağlıların az qala Məkkəsi hesab olunub), liberal, qərbyönümlü, yeni dövrün siyasətçisi kimi böyük siyasətə təmtəraqlı gəlişini təmin edəcəkdi. Ancaq təkrar edirik, hakimiyyət Qəmbərin köməyi ilə ən təhlükəli ssenarinin qarşısını aldı. Partiya “lazımdır” dedi, Müsavat cavab verdi: “Oldu!” Azərbaycanın “qrant mafiyasının” atası olan, Qərb institutlarının sonsuz etimadından istifadə edərək 10 ilə yaxın vaxt ərzində 14 milyon dollardan çox qrant alan Q.İbadoğlu Leninin aksiomunda deyildiyi kimi, köhnə işinə qayıtdı və dedi: “Biz başqa yolla gedəcəyik!” Fizulili Yavlinski Qəmbərin hərəkətindən məyus olan, satqınlıq və məğlubiyyətlərə görə deyinən tərəfdarlarını Müsavat sıralarından çıxmağa və onun yeni hərəkatına - ADR-ə qoşulmağa çağırdı. Q.İbadoğlu öz hərəkatına qurucuları arasında Müsavatın da olduğu ilk müstəqil Azərbaycan respublikasının abbreviaturasını da bu cür incəliklə fikirləşdi. Beləliklə, Q.İbadoğlu bir vaxtlar aparıcı olan partiyanın bölünməsinə nail olmaqla öz gücünü göstərdi. Və faktiki olaraq daha həyat qabiliyyətli, aktual və nüfuzlu, ən başlıcası isə Müsavatın real müxalifət olan klonunu yaratdı. “Əgər sən Müsavata qarşısansa, deməli, Xalq Cəbhəsinin adamısan” - müxalif düşüncənin aksiomlarından biri də budur. Qəmbərlə Kərimlinin bir-birlərindən pataloji olaraq zəhlələrinin getməsi, hətta onların arasında hüdudsuz nifrət Azərbaycanın iki partiyasının arasında əbədi müharibədə özünü göstərir. Və hamıya elə gəlirdi ki, Q.İbadoğlu Ə.Kərimli ilə oynamağa başlayacaq və Milli Şuranın qalan hissəsinə stavka edəcək (Rüstəm İbrahimbəyovun və məşhur Milyarderlər İttifaqının timsalında rusiyayönümlü qanad 2013-cü il prezident seçkilərindən dərhal sonra müxalif şuranı tərk etmişdi). Lakin Q.İbadoğlu burada da öz yolu ilə getməyə qərar verdi. Yaxud amerikalılarla məsləhətləşdi: tirajdan düşmüş liderə ümidləri boş yerə niyə bağlayasan? Axı Ə.Kərimli sakitliyin pozucusu və yüksək hakimiyyətə mümkün iddiaçı qismində tamamilə tirajdan düşüb. Onun partiya “tusovka”ları və mitinqləri cəmi bir neçə yüz narazı kəndlini və üzütüklü mariginalları toplaya bilir. Amerikalılar dərk edirlər ki, ölkədə heç kim AXCP-nin sistem qüvvəsi kimi yenidən dirçəlməsinə inanmır, onun ümummilli hərəkata çevrilməsi şansından isə heç söhbət belə getmir. ADR-ə stavka Beləliklə, hər şey hakimiyyətin, ekspertlərin, üstəlik müxalifətçilərin özlərinin də gözlədiyi kimi sadə olmadı. ADR-in yaradılmasını elan etməklə və opportunist müsavatçıların sıralarından yeni hərəkatın ilk özəyini formalaşırmaqla Q.İbadoğlu tamamilə gözlənilmədən martın əvvəllərində Vaşinqtona yollandı. Və bu, əsl sürpriz oldu. Vaşinqton yeni lider üçün xüsusi olaraq 5 aylıq proqram hazırladı. Və diqqət yetirin, bu xüsusi proqramı başa vurandan dərhal sonra İbadoğlu Azərbaycana dönəcək - düz 2015-ci il parlament seçkiləri ərəfəsində. Siyasi mübarizənin ən qızğın mərhələsində. Özü də İbadoğlunun Amerika proqramı bilavasitə Azərbaycandakı siyasi kataklizmlərin dəstəkçisi kimi yaxşı tanınan NED Fondunun bilavasitə dəstəyi ilə həyata keçirilir. Bəli, bəli, söhbət məhz Mərkəzi Kəşfiyyat İdarəsinin həmin leqal laboratoriyasından, öz fəaliyyəti ilə hamıya yaxşı bəlli olan Milli Demokratiya İnstitutunu təkrar edən fonddan gedir. 2013-cü il seçkiləri ərəfəsindəki Aleks Qriqoryevsi və həmin institutu xatırlayırsınız? Onlar yenidən hərəkətə keçiblər. Qubad İbadoğlunun missiyası ətrafındakı şübhələr onun anti-Əliyev təbliğat maşınının mərkəzi fiqurları ilə görüşlərindən və məsləhətləşmələrindən sonra daha da artır: burada eks-səfir Riçard Kozlariç, dövlət katibinin keçmiş köməkçisi Devid Kremer, NED-in prezidenti Karl Gerşman, Soros Fondunun Avrasiya proqramlarının rəhbəri Ceff Qoldeşteyn, MDİ-nin Avrasiya proqramlarının rəhbəri Laura Cevet və bir çox başqaları yer alır. Bütün bu soyadlar Azərbaycan oxucusuna yaxşı tanışdır. Onlar sanksiyalara çağırırlar, Əliyev hakimiyyətinin devrilməsini qaçılmaz hesab edib bunun üzərində hesablar qururlar. Q.İbadoğlu Vaşinqtonda fəaliyyətdədir: o, “Amerikanın səsi”indən tutmuş məşhur fransız nəşri “Le Monde” ə qədər aparıcı dünya KİV-lərinə müsahibələr verir, Amerika elitasında məşhur olan, Azərbaycan və Türkiyədəki situasiyanı tənqid edən oratorların arasında tribunalarda görünür. Böyük ehtimalla Q.İbadoğlu ölkələrin və xalqların taleyini onların əvəzinə müəyyən edən paytaxtda baş səhnədədir və diqqət mərkəzindədir. Və o, baş məşqdə uğur qazanmaq üçün ciddi təklif edir. Q.İbadoğlunun antirusiya ritorikası və Vaşinqtona ünvanlanmış bəyanatlarındakı açıq panegirik tonu da diqqəti cəlb edir. Əgər o, müxalif düşərgəyə, ilk növbədə ADR-in büdcəsinə ciddi maliyyə axınını təmin edə bilsə,- hansı ki, amerikalıların kart-blanşı və ona olan böyük etimad, vətəndaş cəmiyyətindəki əvvəlki iş təcrübəsi sayəsində bunu etməyə qadirdir,- öz səylərini Kərimlinin qismində radikal qüvvələrin qalıqları və hətta simvolik fiqura çevrilən Cəmil Həsənli ilə birləşdirsə, o zaman parlament seçkiləri ərəfəsində biz tamamilə yeni situasiya ilə üzləşə bilərik. Doğrudur, amerikalıların yeni proqramının reallaşmasından əvvəl Q.İbadoğlu Bakı aeroportuna enməli və sərhəd zastavasını keçməlidir. Hansı ki, mənim buna böyük şübhəm var. Ancaq ən ağlasığmaz variantı təsəvvür edək: Q.İbadoğlu İbrahimbəyovun pasport əhvalatından fərqli olaraq belə problem yaşamır və aeroporta enir, sərhəd zastavasını keçib Bakıdakı tərəfdarlarının yanına yollanır. Bu, indiki hakimiyyət üçün nə deməkdir? Şübhəsiz ki, real təhlükə deməkdir. Əgər bu dəfə də amerikalılar siyasi məkana həddən artıq böyük dollar kütləsi atmağa nail olsalar, o zaman “Məhsul” stadionundakı müxalif kütlə qar topası kimi sürətlə böyüyəcək. Xüsusən də manatın devalvasiyası, iqtisadi və maliyyə böhranının ilk əlamətləri fonunda... Q.İbadoğölu cəmiyyətdəki narazılığı bilərək hər çıxışında bunlar haqda yorulmadan danışır. Əgər Q.İbadoğlu sübut edə bilsə ki o, ritorika adamı deyil, iş görəndir, o zaman amerikalılarla tam anlaşacaq, üzərinə müəyyən öhdəliklər götürəcək, aparıcı Amerika fondlarının maliyyə dəstəyini əldə edəcək və Avropa Oyunlarının başa çatmasından dərhal sonra parlament seçkilərinə hazırlığın avqustda başlayacaq qızğın dövründə hakimiyyəti xoşagəlməz sürprizlər gözləyəcək... Və daha bir mühüm detalı yaddan çıxarmayaq. Qarabağlı olmasına baxmayaraq Q.İbadoğlu Qarabağ probleminin radikal həllinə tərəfdardır. ABŞ-dakı çıxışlarında o, bu tezisi tez-tez təkrar edir ki, Qarabağ Azərbaycanın dövlət orqanizmində kor bağırsağa çevrilib. Və o, problemin radikal və birdəfəlik həllinin tərəfdarı kimi çıxış edir. Söhbət torpaqların heç də müharibə yolu ilə geri qaytarılmasından getmir. Pasifist-liberal Qarabağ uğrunda mübarizəni və müharibəni tamamilə rədd edərək bolşevik formulu olan “ərazilərin əvəzində hakimiyyət” prinsipini qəbul etməyə hazır olanlardan birinə çevrilir. Bu, qüdrətli erməni diasporunun təsiri altında olan ABŞ administrasiyası üçün necə də cəlbedicidir, elə deyilmi?! Beləliklə, hakimiyyət çox qızğın siyasi mövsümə hazırlaşmalıdır. Avropa Oyunlarından dərhal sonraya. Bizə amerikalıların qeyri-sabitlik dalğası gətirən yeni strategiyası hücuma keçir... Eynulla Fətullayev Geri dön |