Ana Sayfa > Xəbər > “Azərbaycan Rusiya bazarında Türkiyənin yerini tuta bilər”

“Azərbaycan Rusiya bazarında Türkiyənin yerini tuta bilər”


26-11-2015, 11:03. Yazar: admin
“Azərbaycan Rusiya bazarında Türkiyənin yerini tuta bilər”
Türkiyənin Suriya sərhədində, Hatay bölgəsində Rusiyanın Su-24 bombardmançı təyyarəsini vurması bölgədə vəziyyəti gərginləşdirib. Uzun müddət iqtisadi əməkdaşlıq edən ölkələr arasında münasibətlər indidən pozulmağa başlayıb.

İqtisadçı Vüqar Bayramov Modern.z saytına açıqlamasında deyib ki, Rusiyada fəaliyyət göstərən turizm şirkətlərinin əksəriyyəti dünəndən etibarən Türkiyəyə səyahət paketlərinin satışını dayandırıblar:

“Şimal qonşumuz Türkiyənin turizm sektorunda gəlirlərin formalaşmasında aparıcı ölkələrdən hesab edilir. Ötən il 4 milyon 480 min rusiyalı turist Türkiyədə dincəlib və onların da ölkə iqtisadiyyatına xeyri 4 milyard dollardan çox olub. Müqayisə üçün qeyd edim ki, ötən il Türkiyəyə 40 milyona yaxın turist gəlib və turizm sektorunun illik gəliri 34,3 milyard dollar olub.

Deməli, Rusiyalı turistlər Türkiyədə ümumi turizm gəlirlərinin 12 faizini formalaşdırırlar ki, bu da heç də kiçik rəqəm deyil. Əslində son illər Türkiyə-Rusiya iqtisadi əlaqələri inkişaf etməsi müşahidə edilirdi. Ötən il Türkiyənin Rusiyaya ixracı 5,9 milyard dollar olub. Bir fakta diqqət yetirmək lazımdır ki, Türkiyənin ixrac etdiyi qida məhsulların 20, yüngül sənaye məlumatlarının isə 15 faizi məhz Rusiyaya göndərilir”. Ekspert qeyd edib ki, bütün bunlar qardaş ölkədə strateji sektorlar hesab edilən yüngül sənaye və qida sənayesi ixracının ciddi səviyyədə Rusiyadan asılı olması anlamına gəlir:

“Ötən il Rusiyadan Türkiyəyə ixrac 25 milyard dollar olub. Şimal qonşumuzun ixracının məbləğinin çox olması Türkiyənin enerji resurslarına tələbin ödənilməsində Rusiyanın dominant mövqeyi ilə bağlıdır. Rusiyadan ildə 28 milyard kub metr mavi qaz idxalı bu enerji növünə olan tələbin 57 faizi deməkdir.

Türkiyə Almaniyadan sonra Rusiyadan ən çox mavi qaz idxal edən ölkədir. Türkiyə istehlak etdiyi neftin də 30 faizini Rusiyadan gətirir.

İki ölkə arasındakı ticarət rəqəmləri son gərginliyin dərinləşməsinin Türkiyəyə iqtisadi baxımdan mənfi təsir edəcəyini söyləməyə əsas versə də, Rusiya tərəfi də bu prosesdə itkisiz çıxmayacaq. Türkiyə Misir ilə birlikdə Rusiyadan ən çox taxıl məhsulları idxal edən ölkələr sırasındadır.

Hər il Rusiya iş adamları Türkiyə bazarında 4,1 milyon ton taxıl satırlar. Eyni zamanda, Türkiyə Rusiya istehsalı polad məhsullarının əsas alıcılarındadır. Başqa tərəfdən, iki ölkə arasındakı investisiya layihələrinə kifayət qədər aparıcı dövlət və özəl şirkətlər cəlb ediliblər.

Türkiyənin Rusiyanın dövlət şirkəti olan “Rosatom” ilə 2013-cü ildə 1.200 meqavatt reaktorun quraşdırılması haqda bağladığı müqavilənin dəyəri 20 milyard dollardır. Söhbət birbaşa Rusiya şirkətinin faydalandığı layihədən gedir. Avropa İttifaqının “Cənub axını”na “yox” deməsindən sonra Moskva hələ də “Türk axını” ideyasına alternativ qaz nəqli layihəsi kimi baxır”. Vüqar Bayramov Azərbaycanın bu iki ölkə arasındakı münasibətlərin gərginləşməməsində maraqlı olduğunu vurğulayıb:

“Rusiyaya tətbiq edilən sanksiyalar fonunda şimal qonşumuzda alıcılıq qabiliyyətinin aşağı düşməsi bu il sözügedən ölkələrin iqtisadi münasibətlərinə təsirsiz ötüşməyib.

Belə ki, bu ilin 9 ayında Türkiyənin Rusiyaya ixracatı 40 faiz azalaraq 2.7 milyard dollara düşüb.

Azərbaycan Türkiyə və Rusiya arasındakı münasibətlərinin gərginləşməsində maraqlı olmayan ölkədir. Mübahisəsiz, ölkəmiz bu dövlətlər arasında əlaqələrin yaxşı olmasını ən çox istəyənlərdəndir.

Bu qonşularımız arasında yaxşı münasibətlərin olması bizim strateji maraqlarımıza uyğundur. Bununla belə, adı çəkilən ölkələr arasında münasibətlər gərginləşərsə, Azərbaycan şirkətləri Türkiyə qida, xüsusən də aqrar məhsullarının Rusiya bazarında boşalan yerini tutmağa və şimal qonşumuzun turistlərinin cəlb etməyə çalışmalıdırlar.

Bunlara rəğmən, bölgədə sabitliyin qorunub saxlanması və Türkiyə ilə şimal qonşumuz arasında münasibətlərin qısa zamanda yaxşılaşması rasional olaraq dövlətimizin strateji maraqlarına birbaşa xidmət edir”.

Geri dön