Ana Sayfa > Xəbər > "Azərbaycanı heç bir mənada bu gərginliyin içinə salmaq olmaz"

"Azərbaycanı heç bir mənada bu gərginliyin içinə salmaq olmaz"


25-11-2015, 17:37. Yazar: admin
"Azərbaycanı heç bir mənada bu gərginliyin içinə salmaq olmaz"
Müdafiə nazirliyinin sabiq mətbuat xidməti rəisi, polkovnik Eldar Sabiroğlu son günlər baş verən olaylarla bağlı Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi haqqında Moderator.az -ın suallarını cavablandırıb:

Bu hadisənin region üçün arzuolunmaz fəsadları ola bilər. Məsələ bundan ibarətdir ki, belə bir gərginliyə heç cür imkan vermək olmaz. Rusiya və Türkiyəni əvvəlki münasibətlərinə qaytarmaq çətin olsa da, dövlət rəhbərləri səylərini əsirgəməməlidir. Vəziyyəti qızışdırmaq istəyən qüvvələrin qarşısı qətiyyətlə alınmalıdır. Bu, hər iki ölkənin dövlət və milli maraqlarına daha uyğundur. Rusiyanın şəhərlərində baş qaldıran kütləvi millətçilik etirazları əməkdaşlığı dalana dirəyə bilər. Qərbin indiki günlərdə Türkiyəyə dəstək mövqeyini başa düşməklə yanaşı, bunun qıcıq yaradacağını da diqqətdən qaçırmaq doğru olmazdı. Maksimum surətdə çalışmaq lazımdır ki, ölkələr arasında qurulmuş əlaqələr itməsin və əməkdaşlıq yenidən bərpa olunsun. Gərginliyin yumşaldılmasına beynəlxalq birlik gecikmədən öz töhfəsini verməlidir. Üzr istəmək çağırışlarından öncə həqiqət meydana qoyulmalıdır. Türkiyənin hava sərhəddini pozan rus hərbi təyyarəsinin vurulmasını birinci hal kimi bəlkə də bağışlamaq mümkün olardı. Bunun təkrar baş verəcəyi halda artıq güzəşt limitinin olmadığı barədə Rusiya dövləti məlumatlandırılmalı idi. Bizim mətbuat və digər KİV-lər bu məsələdə son dərəcə diqqətli olmalı və birmənalı bəyanat və açıqlamalardan yayınmalıdır. Milli hissləri üstün tutmaqla bərabər reallıq da ciddi nəzərə alınmalıdır. Azərbaycanı heç bir mənada bu gərginliyin içinə salmaq olmaz. Onsuz da bizim problemimiz az deyil. Qardaş Türkiyənin milli maraqlarının Azərbaycana yaxınlığını kimsə inkar edə bilməz. Ancaq yaxın keçmişdə Gürcüstanın başına gətirilən hadisələri, indinin özündə isə Ukraynadakı gərginliyi göz önündə saxlamalıyıq. Mənə belə gəlir ki, bu çətin durumda Azərbaycanın yürütdüyü siyasət bizim dövlət və mili maraqlarımıza cavab verir. Yəqin ki, Türkiyə də bunu anlayışla qarşılayar...

Geri dön