Ana Sayfa > Xəbər > “Bu kiçik “soyuq müharibədir”

“Bu kiçik “soyuq müharibədir”


25-11-2015, 15:58. Yazar: admin
“Bu kiçik “soyuq müharibədir”
Noyabrın 24-də Türkiyə-Suriya sərhədində Rusiya Silahlı Qüvvələrinə məxsus Su-24 təyyarəsinin vurulması beynəlxalq aləmdə baş xəbərə çevrilib. Dünya mediası və siyasət aləmi bu insidentin Türkiyə və onun simasında NATO ilə Rusiya arasında yeni gərginlik cəbhəsinin açılmasına səbəb olacağını və Suriya münaqişəsinin həllinə mənfi təsir göstərə biləcəyini qeyd etdi. Dünya siyasətçiləri isə tərəfləri soyuqqanlı olmağa səsləndi. Modern.az ayrı-ayrı ölkə rəsmlərinin insidentlə bağlı fikirlərini təqdim edir.

Almaniyanın kansleri Angela Merkel tərəfləri təmkinli olmağa səsləyib: “Rusiya təyyarəsinin atəşə tutulması Suriyadakı situasiyanı gərginləşdirir. Əlbəttə, ötən gün rus təyyarəsinin vurulması vəziyyəti daha da gərginləşdirib. Biz əlimizdən gələni etməliyik ki, münaqişə şiddətlənməsin. Hamı öz ərazisinin təhlükəsizliyini təmin etmək hüququna malikdir, amma digər tərəfdən biz Suriya və qonşu bölgələrdə gərginliyin ümumi mənzərəsini bilirik. Dünən Türkiyənin baş naziri ilə danışdım və ondan situasiyanı sakitləşdirmək üçün əlindən gələni etməsini xahiş etdim”.

Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond isə Rusiyanın bombardmançı təyyarəsinin vurulmasını kiçik “soyuq müharibə”yə bənzədib: “Heç kəs Cənub-Şərqi Avropada kiçik “soyuq müharibə” görmək istəmir”.

İran prezidenti Həsən Ruhani Rusiyaya aid təyyarənin vurulmasını qiymətləndirərək hər iki ölkədən soyuqqanlı olmalarını istəyib. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin köməkçisi ordu generalı Məsud Cəzairi isə deyib: “Rusiya təyyarəsi vurulmasına görə Suriyadakı aktiv mövqeyini buraxmayacaq”.

Norveçin xarici işlər naziri Börq Brende Ankara və Moskva arasında dialoqun qurulmasının vacibliyindən danışıb: “Türkiyə və Rusiyanın gərginliyi aradan götürməsi üçün birbaşa dialoqu davam etdirməsi çox önəmlidir. Gələcəkdə belə halların təkrar olunmasına yol vermək olmaz”.

Brende bununla belə, NATO-nun, o cümlədən alyansın üzvü Türkiyənin ərazi toxunulmazlığına böyük önəm verdiyini deyib.

Çin Xalq Respublikası da digər dövlətlər kimi tərəfləri danışıqlara dəvət edib. Bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xun Ley baş verənləri diqqətlə izlədiklərini xatırladıb: “Çin antiterror səylərini ciddi izləyir və inanır ki, baş verənlərə baxmayaraq tərəflər öz koordinasiyalı fəaliyyətlərini davam etdirəcəklər. İnsidentin baş vermə şəraiti aydınlaşdırılmalıdır”.

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd, senator Marko Rubio Amerikanın Türkiyəni müdafiə etməli olduğunu deyib: “Əgər Rusiya ilə Türkiyə arasında ehtimal olunacaq münaqişədə ABŞ sonuncunun tərəfini tutmasa, bu NATO-nun effektivliyini və mövcudluğunu sual altına alacaq”.

Qazaxıstan Senatının spikeri Qasim-Jomart Tokaev isə Türkiyəni pisləyərək baş verənlərin təhlükəli presendent yaratdığını deyib: “Türkiyənin F-16 təyyarəsinin raket atəşi ilə Rusiyanın Su-24 təyyarəsini vurması iki ölkə münasibətlərinə ən ağır zərbəni vurdu və heç nə ilə əsaslandırılmadı”.

Yaponiya hökumətinin baş katibi Esixide Suqa keçirdyi mətbuat konfransında baş verən hadisələri diqqətlə izlədiklərini deyib: “Biz tərəflərdən soyuqqanlı davranmağı gözləyirik. İstənilən halda, tərəflərin beynəlxalq terrorizm qarşısında həmrəyilk nümayiş etdirəcəyinə inanırıq”.

Geri dön