Ana Sayfa > Xəbər > Manatın taleyi necə olacaq?
Manatın taleyi necə olacaq?7-04-2015, 12:52. Yazar: admin |
"Son bir həftədə manatın dollara nisbətdə məzənnəsi 0,011 qəpik ucuzlaşıb. Manatın ucuzlaşması göstərir ki, aprel ayında da dollarlaşma prosesi davam edir". Bunu ANS PRESS-ə açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov söyləyib. Mütəxəssis deyir ki, dolların bahalaşmasının ikinci devalvasiya olduğunu söyləmək çətindir. Çünki, manatın məzənnəsi Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən inzibati yollarla həyata keçirilir: "Manatın valyuta bazarı ilə heç bir əlaqəsi yoxdur. Bu vəziyyətdə AMB-nin hansı addımı atacağını proqnozlaşdırmaq çətindir. Mərkəzi Bank mərhələli şəkildə manata olan inamı bərpa etməli idi. Bununla da AMB intervensiya xərclərini azaltmağa da nail ola bilərdi. Hazırki məzənnə Azərbaycan manatının real dəyərini əks etdirmir. Çünki milli valyutamız inzibati yollarla müəyyən edilir". V.Bayramov manatın üzən məzənnə siyasətinə keçidinin mənfi fəsadları olacağını düşünür. Mütəxəssisin fikrincə, üzən valyuta sisteminə keçid olunarsa və AMB intervensiya xərclərini dayadırarsa, o zaman manatın məzənnəsi kəskin şəkildə aşağı düşəcək: "Hazırda bizim valyutamız real dəyərindən xeyli yüksəkdir. Əslində, 2010-cu ildə neftin qiymətinin yüksək olduğu zaman AMB üzən məzənnə siyasətinə başlamalı idi. Bu isə manatın real bazar qiymətinin müəyyənləşməsinə imkan yaradardı". İqtisadçı-alim qeyd edir ki, Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi müsbətdir. V.Bayramov ölkəyə daxil olan valyutanın ölkədən çıxan valyutadan 2 dəfə çox olduğunu deyir. Mütəxəssis hesab edir ki, məntiqlə manatın məzənnəsi kəskin şəkildə ucuzlaşmamalıdır: "Amma buna rəğmən psixoloji təzyiqlər var. Eyni zamanda, regionda baş verən proseslər fonunda neftin qiymətinin ucuzlaşması dollara olan tələbatın artmasına gətirib çıxarır". Ekspert Rusiyanın məzənnə siyasətinin indiki halda manat üçün ən uğurlu model olduğunu düşünür. V.Bayramov bildirir ki, Rusiyada rublun dəyərinin kəskin şəkildə ucuzlaşmasından sonra, hökumət müqayisəli olaraq valyutanın möhkəmlənməsi prosesini həyata keçirib: "Bu proses ölkədə dollarlaşmanın qarşısını aldı. Nəticədə, rusların rubla olan inamı yenidən bərpa olundu. Amma təəssüf ki, AMB-nin son məzənnə siyasəti manatın inamının qaytarılmasına xidmət etmir. Belə ki, cuzi şəkildə manatın məzənnəsinin dollara nisbətdə yumşalması sürətlə dollarlaşmaya səbəb olur və sonda manata inam azalır. Yaxşı olar ki, AMB manata inamı qaytarmaq üçün növbəti günlərdə milli valyutanın məzənnəsini möhkəmləndirsin", - deyə iqtisadçı-alim vurğulayıb. Geri dön |