Ana Sayfa > Xəbər > “Əmi-dayılar” pul üstə dalaşır, uşaqlar bağçada üşüyür...
“Əmi-dayılar” pul üstə dalaşır, uşaqlar bağçada üşüyür...25-11-2015, 14:49. Yazar: admin |
Son günlərin ən çox müzakirə olunan mövzusu mənzillərin və sosial təyinatlı obyektlərin istiliklə təchiz edilməsi məsələsidir. “Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev mətbuata açıqlamasında noyabrın 15-dən etibarən paytaxtda bütün qazanxanaların işə salınacağını desə də Bakı əhalisinin əksər hissəsi evlərdə istiliyin olmamasından şikayətlənir. ASC-nin qazanxanaların işə salınacağını dediyi vaxtdan isə düz 10 gün keçir. Məsələnin digər tərəfi də odur ki, qazanxanaların işə salınmaması təkcə evləri yox, uşaq bağçalarını da istiliksiz qoyub. Virtualaz.org saytının redaksiyasına müraciət edən bir çox valideynlər uşaq bağçalarında istiliyin olmamasına görə uşaqları ora göndərmədiyini deyir. Bəs qızdırıcıları buz kimi olan bağçalar körpələrə gün ərzində necə baxır? Bu problemi necə həll edirlər? Vəziyyəti yerində öyrənmək üçün bir neçə bağçaya baş çəkdik. İlk üz tutduğumuz ünvan Sabunçu rayonu 192 nömrəli “Göyərçin” körpələr evi-uşaq bağçası oldu. Burada istilik olmadığından otaqlar əlavə elektrik qızıdırıcıları ilə isidilir. Bağçanın müdiri iş yerində olmadığından vəziyyətlə bağlı müəllim Roza xanımla söhbətləşdik: “Bizim bağçada körpədən tutmuş məktəbəqədər hazırlıq yaşına qədər hər yaşda uşaq var. Keçən qışdan fərqli olaraq bu il belə problem yaranıb. Biz də məcburuq ki, qızdırıcı qoyub otaqları isti saxlayaq. Uşaqları həmişəkindən qalın geyindiririk, yatanda da üstlərinə ən azı iki adyal örtürük ki, soyuqlamasınlar. Oyaq olanda da çalışırıq çox hərəkət etsinlər, isti olsun, üşüməsinlər”. Roza xanımın sözlərinə görə, soyuğa baxmayaraq valideynlər məcburiyyətdən uşaqları bağçaya gətirməkdə davam edirlər: “Mənim qrupumda 20 uşaq var, hamısı da bağçaya gəlir. Valideynlər nə etsin? Hamısı işləyir, uşağı harada qoyub işə getsinlərmi?” Müdiriyyətdən heç kim bağçada olmadığından hansı qızıdırıcıdan istifadə olunduğunu görmək üçün içəri daxil olmağımıza icazə verilmədi. Oxşar vəziyyətdə olan digər obyekt isə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi 167 saylı körpələr evi-uşaq bağçasıdır. Burada da bağça müdirini yerində tapa bilməyib məcburən vəziyyət barədə işçilərdən xəbər alırıq. Daha doğrusu, qapını açan işçinin yanında dayanan, əynində qalın paltar, başında papaq olan uşaq özü görüntüsü ilə vəziyyəti aydın izah edir. Burada da istilik yoxdur. Bağçanın adının açıqlanmasından çəkinən əməkdaşı deyir ki, onlar da məcbur olub otaqları başqa qızdırıcı vasitələrlə isti saxlamağa çalışırlar. Bir sözlə, həmişə olduğu kimi böyüklərin öz aralarında yaşadıqları problemlərin cəzasını soyuq otaqlara məhkum olan körpələr çəkir. Bəs niyə belədir? “Azərisitiliktəchizat” ASC abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev isə virtualaz.org saytına açıqlamasında bildirib ki, müəyyən qədər vəsait ödəməklə bəzi qazanxanalar işə salınıb: ““Azərisitiliktəchizat” ASC zərərlə işləyən qurumdur, yəni biz abonentlərdən ödənişləri yığsaq da bu, qurumun xərclərini ödəmir, ona görə də borc yaranır. “Azəriqaz” İstehsalat Birliyinə olan borcumuz isə çox uzun müddət əvvəldən, Bakı İstilik İdarəsi kimi Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan vaxtdan yaranıb. Son illər yaranan borcları çox artmağa qoymuruq, amma istər-istəməz art-arta gedir. “Azəriqaz” da, “Azərisitiliktəchizat” da dövlət qurumudur. Düşünürəm ki, borc məsələsini hökumətin də köməyi ilə sivil qaydada həll etmək olar. İki dövlət qurumu arasında olan problemin cəzasını vətəndaşlar çəkməməlidir. Müəyyən qədər vəsait də ödəmişik, hökumətə də müraciət etmişik ki, problem qısa zamanda həll olsun və bütün qazanxanalar işə düşsün”. Geri dön |