Ana Sayfa > Xəbər > Balıq qətliamı: Brokonyerlərə qarşı mübarizə başladıldı
Balıq qətliamı: Brokonyerlərə qarşı mübarizə başladıldı24-11-2015, 15:26. Yazar: admin |
Balıqçılar biraraya gələrək, sosial şəbəkə üzərindən etiraz edirlər. Musavat.com xəbər verir ki, balıqçı qruplarının və klublarının üzvləri birləşərək, qanunsuz balıq ovu ilə məşğul olanlara qarşı mübarizə aparmağa qərar veriblər. Zaman keçdikdə qanunsuz balıq ovlayanların sayı çoxalır. Harada balıq varsa, həmin yerə torlar qururlar. Bəzən də suya elektrik verərək, balıqların hamısını öldürürlər. Bu da soyqırım deməkdir. Gözlərini pul bağlamış bəzi şəxslər üçün balıqların nəslinin kəsilməsi, təbiətə vurduqları ziyan heç də maraqlı deyil. Onların qarşısını da alan olmadığı üçün rahat şəkildə öz çirkin əməllərinə davam edirlər. Bir zamanlar hər kəsin balıq tutduğu və heç vaxt əliboş qayıtmadığı Şirvan kanalında hazırda vəziyyət acınacaqlıdır. Kanalda tor, ventel qurulmayan yer qalmayıb. Ən xırda balıq belə oradan keçə bilməz. Bu yolla da balıqların çaylara gəlişi mümkünsüzləşir. Balıqlar kürülərini tökmədən, qanunsuz ovçular tərəfindən tutulurlar. Bu hadisə son illərdə daha da aktuallaşıb. Qış aylarından başlayaraq, balıqlar kürü tökmək üçün əsasən şirin su ilə zəngin Kür çayına doğru hərəkət edirlər. Lakin nəsiltörədici balıqların əksər hallarda brokonyerlərin toruna düşməsi balıqçılığın inkişafına ağır zərbə vurur. Artıq Kür çayının Salyan və Neftçala rayonlarından keçən hissəsində balıqların azalması müşahidə olunur. Balıqçılar əvvəllər bu peşə sayəsində dolanışıqlarını təmin edirdilər. İndi isə bu, mümkün deyil. Kür çayında balığın azalmasının əsas səbəbi çayın dənizə tökülən hissəsində qeyri-qanuni olaraq iri balıq torlarının qurulmasıdır. Gizli qurulan və çayın tam enini əhatə edən bu nəhəng torlar Xəzərdəki balıqların Kür çayı ilə əlaqəsini tamamilə kəsir. Bir müddətdir ki, məşhurlaşan və balıqçıların tilovlarını götürüb, üz tutduğu digər bir yer isə brokonyerlər tərəfindən işğal edilib. Söhbət Neftçala rayonunun ərazisində yerləşən Mil-Muğan kollektorundan gedir. Burada da artıq kanalın müxtəlif yerlərində balıq torlarını görmək mümkündür. Balıqçılar bu təhlükəyə qarşı mübarizə məqsədilə imza kampaniyası da başladıblar. Onlar prezidentə müraciət edəcəklər: "Azərbaycanda balıqçılığa nəzarət edən bir qurum rəsmi olaraq var. Amma balıqların kütləvi halda kökünün kəsilməsinin qarşısını ala bilmirlər. Hamımız bilirik ki, balıq kürü tökmək, nəslini artırmaq üçün şirin su hövzələrinə girir. Amma Kürün, Şirvan, Mil-Muğan kanallarının və bütün dənizlə birləşən şirin suların önündə tor quraraq, elektrik verərək və kimyəvi maddələr tökərək, balıqların kökünü kəsirlər. Dəfələrlə balıqda olduğumuz zaman elektrik cərəyanı ilə balıq tutanların, tor səpənlərin şahidi olmuşuq. Qarşımıza çıxan bütün torları kəsib, məhv etmişik. Amma biz bununla onların qarşısını ala bilməyəcəyik. Son ümid kimi nazirliyə və ölkə başçısına müraciət edəcəyik. Bu vəziyyət bundan sonra da davam etsə, balıqların kökü kəsiləcək". Geri dön |