Müsavatçılar Milli Şuranın mitinqinə qatılacaqmı? – SORĞU
Tarix: 4-04-2015, 12:26 | Çap et
Müsavatçılar Milli Şuranın mitinqinə qatılacaqmı? – SORĞU
Xəbər verdiyimiz kimi, sabah Milli Şuranın növbəti mitinqi keçiriləcək. Uzun müddətdir aralarında “soyuq savaş” yaşanan Müsavat Partiyası üzvlərinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının “Talana son” aksiyasında iştirak edib-etməyəcəyi ilə maraqlandıq.

Müsavat Partiyasının divan üzvü Mustafa Hacıbəyli Hafta.az-a açıqlamasında sabahkı mitinqə getdib-getməyəcəyi haqqında birmənalı cavab verib:

“Sabahkı mitinqə Milli Şuranın Müsavata rəsmi dəvət göndərib-göndərməməyindən xəbərsizəm. Elə indi də boş deyiləm, iclasdayam. Amma özüm şəxsən sabahkı mitinqdə iştirak edəcəyəm”.

Müsavat Partiyası başqanlığına keçmiş namizəd Tural Abbaslı isə sabahkı mitinqlərə qatılacağını deyib:

“Mən Milli Şuranın sonuncu mitinqinə də qatılmışam. İnşallah sabahkı mitinqinə də qatılacağam. Çünki bu aksiyalar siyasi yox, sosial xarakterli mitinqlərdir. Sabahkı aksiya qiymət artımına görə keçirilir. Bu isə ümummilli məsələdir. Qiymət artımları hansısa müxalifət partiyası üçün nəzərdə tutulmayıb ki? Hər kəsin iştirak edə biləcəyi bir aksiyadır. Ona görə də mən və tərəfdarlarımız o mitinqdə iştirak edəcəyik”.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı sədrinin birinci müavini Vurğun Əyyub isə sabahkı mitinqdə iştirakla bağlı onlara rəsmi dəvət gəlmədiyini bildirib:

“Bu barədə bizə rəsmi dəvət göndərilməyib. Amma ADR üzvləri mitinqə gedib-getməməkdə sərbəstdirlər. Mən özüm qatılıb-qatılmayacağım barədə sabah qərar qəbul edəcəm”.

Xatırladaq ki, Milli Şuranın “Talana son” adlanan mitinqi sabah saat 15:00-da Məhsul stadionunda keçiriləcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net