Nazim İmanov qeyri-dövlət pensiya fondlarından DANIŞDI
Tarix: 9-10-2015, 12:57 |
Çap et
Oktyabrın 8-də AMEA İqtisadiyyat İnstitutunda Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri və Latviyadan olan beynəlxalq ekspert qrupu ilə birlikdə “Sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi və qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna dəstək” tvinninq layihəsi çərçivəsində hazırlanmış qanun layihələrinin müzakirəsi keçirilib. Müzakirələrdə Milli Məclisin Sosial siyasət komitəsinin sədri, professor Hadı Rəcəbli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin nümayəndələri də iştirak ediblər.
Modern.az xəbər verir ki, AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli (İmanov) hazırlanmış “Əmək pensiyasının yığım hissəsi haqqında” və “Qeyri-dövlət pensiya fondları haqqında” qanun layihələrinin əhəmiyyətini qeyd etməklə yanaşı bildirib ki, onlar indiyədək bir necə qurumda, institutda müzakirə edilib.
Sonra Latviyadan olan ekspertlər - Latviya tərəfindən Tvinninq layihəsinin Rezident məsləhətçisi Aqrita Qroza, Latviya Rifah Nazirliyinin sosial sığorta şöbəsinin müdiri Yana Müjnike, Latviya Rifah Nazirliyinin eksperti, SEB Bankının Pensiya Fondunun baş icraçı direktoru Datse Brencena, Maliyyə və Kapital Bazarı Komissiyasının Pensiya və İnvestisiya Fondları sektorunun müdiri Yeva Ose, Latviya Rifah Nazirliyinin nümayəndəsi, qanun layihələrinin hazırlanması üzrə məsul şəxs Harijs Svarcs, Tvinninq layihəsinin Rezident məsləhətçisinin köməkçisi Rafiks Misirovs qanun layihələri ilə bağlı geniş və əhatəli məlumat veriblər.
Layihələrdə DSMF-yə əlavə funksiyaların verilməsi, onun dada çox inzibati yığımla məşğul olması nəzərdə tutulur. Əsas diqqət isə Azərbaycanda qeyri-dövlət pensiya fondlarının formalaşdırılmasına yönəldilib. Ölkədə bir necə özəl pensiya fondu yaradıla bilər. Onlar DSMF ilə müqavilə bağlayacaqlar, rübdə bir dəfə DSMF-yə məlumat verəcəklər. Həmin fondların depozitləri isə seçiləcək bankda yerləşdiriləcək. Adətən, qeyri-dövlət pensiya fondlarının fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə müəyyən vergi güzəştləri tədbiq olunur. Dövlət və qeyri-dövlət pensiya fondları arasında müəyyən oxşar və fərqli cəhətlər də var. Məsələn, özəl pensiya fondunda sığortaçı 55 yaşında da pensiyaya çıxa bilər. Layihələrin hazırlanmasında Almaniya və Latviya təcrübəsindən istifadə olunub. Latviya bu sahədə dünya reytinqində 9-cu yerdədir.
Tədbirdə xarici ekspertlər qeyri-dövlət pensiya fondlarına marağın və inamın formalaşdırılması, belə fondlar arasında rəqabət mühitinin yaradılması, onlara vergi güzəştlərinin verilməsi, sıgortaçının təqaüdə çıxdıqda alacağı pensiyanın məbləği, fondlara yığımın təşkili və vəsaitlərin idarə olunması, böhran şəraitində pensiya fondlarının fəaliyyəti və s. barədə çoxsaylı sualları cavablandırdılar