Siyasətin tamaşaçısız stadionu
Tarix: 1-10-2015, 12:24 |
Çap et
Filosof Jan Bodriyyar özünün “Terrorizmin güzgüsü” əsərində yazırdı:“Siyasi hadisələr sanki tamaşaçıları kənarlaşdırıldırılmış boş stadionda cərəyan edir. Tamaşaçıların potensial canlı reaksiyaları arzuolunmazdır. Və hadisə yerindən televiziya siqnalından (təsvir, statistika, sorğuların nəticələri) başqa heç nə yayımlanmır...”
Reallıqdır. Dünyada cərəyan edən hadisələr fizikadakı “qara qutu”nu xatırladır: Bu qutuya nəyin daxil olduğu məlumdur (bəzən), nəyin çıxdığı da fiksə olunur (yenə bəzən), ancaq daxildə hansı çevrilmə və proseslərin getdiyi məchul və qaranlıqdır.
İllərdir dünya siyasətinin dəbverəni və istiqamətləndirmə “motiv”inə çevrilmiş “İslam terroru” da bu tipli mövzulardandır.
Bu terrorçular haradan peyda oldu, harada yetişdirildi və yetişdirilməkdə davam edir? Onların maliyyə və davranış “atalar”ı kimdir? Onlar hansı qüvvələrin əlində oyuncaqdır?
Mətbuat və təbliğat bu tipli sualları sevmir. Halbuki “soyuq müharibə”nin son illərindən başlayaraq bu günə qədər nədənsə bu qüvvələrin NATO-nun qeyri-nizami ordusu kimi çıxış etdiyi də gözdən yayınmır.
“Mister Bin”ə bənzəyən Bin Laden - bu təqaüdə göndərilmiş təbliğat məhsulu illərlə toxunulmaz saxlanıb. Gərəksizləşəndə isə Pakistanda qadın və uşaqlarının gözü qarşısında qətlə yetirildiyi gün də oxşar suallar yaranmışdı.
Sanki ABŞ kəşfiyyatı illərlə qoruyub saxladığı personajı ballastlaşan kimi ortadan götürdü. Çünki onun odiozlaşmış imici yeni siyasi dönəmdə nəinki gərəksizləşmiş, hətta ziyanlı olmuşdu. Yeni personajlar yetişdirilibsə, köhnəyə nə ehtiyac? Sanki köhnəlmiş mebeldən qurtulurlar, yaxud nimdaş paltarı yenisinə dəyişirlər.
O da faktdır ki, bu bəslənmiş fiqurların nəzarətdən çıxmaq etimalı həmişə var. Mif yaradılır, sonra bu mif ifrat özünə inama sahib olur və öz oyununu oynamaq istəyir. Patoloji özünəinama mübtəla olan personajlar sahibləri üçün baş ağrısına çevrilir. Elə bil ki, Ayzek Azimovun robototexnika qanunları pozulur: robot öz yaradıcısına qarşı çıxmamalıdır; çıxırsa - məhv edilməlidir.
Və bu robotların doğuluşu, böyüməsi, ölümü - bütün həyat tsikli o qədər gözdən uzaq, Bodriyyarın yazdığı “boş stadionlarda” baş verir ki, real mənzərəni fraqmentar bilgilərdən quraşdırmaq çox müşkül işə çevrilir. Ümid qalır fəhmə, erudisiyaya və induksiya metoduna.
***
Məsələn, son illər aktuallaşmış, epidemiya formatı almış bir fenomen - azərbaycanlıların Suriyada Bəşər Əsədin ordusuna qarşı vuruşaraq bir milçək kimi tələf olması hadisəsi (ən son yenilik sentyabrın 25-nə aiddir. Rakkada bombardmanda Suriyadakı “Azərbaycan taboru” məhv edilib). Öldürülənlərin dəqiq statistikası yoxdur, ancaq mətbuat bir nəticədə həmrəydir ki, söhbət artıq 100-dən çox cəsəddən gedir.
Əlbəttə, bu, sporadik hal deyil, kütləvidir, deməli, onun saz mexanizmli sistem kimi işləməsini təmin edən ideoloqları, təşkilatçıları, maliyyəçiləri və ifaçıları var. Nəzərə alsaq ki “böyük qardaş” hər yerdədir, o, “beynəlxalq İslam terroru”nu öz xarici siyasətinin əsas prioritetlərindən biri (vaxtilə isə birincisi) elan edib, Snoudenin və Vikiliksin açıqladığı faktların işığında isə onun əli hər yerə çatır - deməli, Suriyadakı qırğın “böyük qardaş”a sərf edir.
Bu, sadəcə sol filosof Devid Harvinin “Kapitalizm heç vaxt böhranı həll etmir, o, böhranı yeni ərazilərə yaymaqla müvəqqəti xilas olur” tezisinin təntənəsi də deyil.
Suriyadakı qırğını kataliz etməkdə neoimperalizmin maraqları da çeşidlidir. Ancaq yenə də heç kəs əmin ola bilməz ki, NATO-nun bu yeni qeyri-nizami orduları - yeni cihadçılar sahiblərinin nəzarətindən çıxmayacaqlar. Nəzərə alaq ki, artıq sahiblərin də sayı artıb, hərəsinin də o birisinə müvafiq gəlməyən öz oyunu var.
Qaynar qazana dönən müsəlman Şərqində sürətlə sərhədlər silinir və mərkəzləşmiş dövlətlərin rolu, gücü azalır. Bəs dünyanı beynəlxalq terrordan “xilas edənlər” hara baxır?
Yenə də Bodriyyarın həmin əsərindən sitata diqqət edək: “Siyasət hələ də işləyir, hətta bizim diqqətimizi cəlb də edir. Ancaq get-gedə ona bənzəyir ki, elə bil hansısa Beynəlxalq Siyasət Federasiyası qeyri-müəyyən müddətə cəmiyyətin fəaliyyətini dondurub və oyunun obyektiv aparılmasına mane olmasınlar deyə tamaşaçıları bütün stadionlardan qovub...”
Yəni proseslər heç də nəzarətsiz deyil (nəzarətdən çıxa bilər ancaq), sadəcə seyrçilər “stadiondan qovulduğundan” bu təəssürat yaranıb.
Müharibə ləng, ancaq dönməz şəkildə bütün bölgəni ağuşuna alır. Elə məqsəd də aydındır: alovun bütün bölgəyə yayılması. Hələlik hər şey planla gedir. Ancaq hələlik. Sərhədlər yox olur, mərkəzləşmiş dövlətlər süqut edir. Yeni xəritələr cızılır.
“Müasir trans-siyasi arena bu cürdür: kütləvi fəzanın şəffaf forması - bu fəzadan bütün iştirakçılar yox edilib və hadisənin təmiz forması - oradan bütün ehtiraslar sıxışdırılıb” - bunu da Jan Bodriyyar “Terrorizmin güzgüsü”ndə yazır...
Məmməd Süleymanov
Virtualaz.org