Əhməd Əhmədzadə günahı quraqlıqda görür, əslində isə su boldur...
Tarix: 21-09-2015, 16:59 | Çap et
Əhməd Əhmədzadə günahı quraqlıqda görür, əslində isə su boldur...
Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin su itkisi ilə bağlı tərtib edilən siyahısında Azərbaycan birinci yerdədir. Azərbaycan bu “birinciliyi” 34 faiz su itkisinə yol verməklə qazanıb.

Növbəti yerdə 25 faizlə Ermənistan, 19 faizlə Qırğızıstan, 16 faizlə Qazaxıstan, 15 faizlə Ukrayna, 11 faizlə Rusiya, 7 faizlə Moldova, 5 faizlə isə Belarus gəlir. Bu formada təsərrüfatsızlıq isə yalnız bu gün deyil, gələcək üçün də ciddi problem yaradacaq.

Bu barədə virtualaz.org saytına kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib.

V.Məhərrəmovun sözlərinə görə, Beynəlxalq Təbii Resurslar İnstitutu (WRİ) 2040-cı ilə qədər quraqlıqla üzləşəcək ölkələrin siyahısını yayıb: “Siyahıda Azərbaycanın da adı var. Proqnozlara əsasən, 2040-cı ilə qədər dünya ölkələrinin 1/5-də az sululuq problemi yaranacaq. Azərbaycanın rayonlarında indi də su problem var. İqlim dəyişikliyi yağıntıların dövriliyini pozur, əhalinin artması isə suya tələbatı artırır.

Quraqlıq təhlükəsi gözlənən ölkələr sırasında Azərbaycanın da adı var. Azərbaycan 33 ölkədən ibarət siyahıda 18-ci yerdədir. Amma bu, o demək deyil ki, az sululuq dövründə biz də qonşu ölkələr kimi eyni problemləri yaşayacağıq. Bizim tələbatdan 10 dəfə çox su resursumuz olduğu halda ondan səmərəli istifadə edib əkinçiliyi inkişaf etdirə bilmirik”.

Ekspert dedi ki, hazırda suvarılan sahələrin həcmi 1432,7 min hektar təşkil edir. Lakin ölkə əhalisinin sürətli artımı və artan əhalinin ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan ehtiyacı suvarılan torpaq sahələrinin artırılmasını şərtləndirir.

Qeyd edək ki, Azərbaycanda torpaq-iqlim şəraiti və mövcud olan su potensialı suvarılan torpaq sahələrinin 4 milyon hektara qədər artırılmasına imkan verir. Lakin bu sahədə hələ də bir sıra ciddi problemlər öz həllini tapmadığı üçün mövcud su potensialından səmərəli istifadə olunmadığı halda suvarılan sahələrin genişləndirilməsini həyata keçirmək daha çox resurs itkisinə yol açar.

Azərbaycanın 32 milyard kubmetr su potensialı var. Bunun da 60-70 faizi İran, Gürcüstan və Ermənistandan nəql olunur. Qalanı isə ölkə daxilində formalaşır. Azərbaycanın su resursu istehlak tələbatından 10 dəfə çoxdur. Lakin problem ondan ibarətdir ki, su potensialından səmərəli istifadə olunmur.

Kənd Təsərrüfatı Nazirliyi isə Azərbaycanın su ehtiyatlarının çox məhdud olduğunu, ölkənin arid zonada yerləşdiyini vurğulayır.

V.Məhərrəmov deyir ki, başqa ölkələrdən fərqli olaraq Azərbaycanda yağış suyu yığılmır: “Digər ölkələr yağan yağış sularını və çaylarda su bolluğu yaranan zaman onun bir hissəsini xüsusi anbarlara yığırlar. Yay vaxtı ehtiyac yarananda ondan suvarma, yaxud içməli su kimi istifadə edirlər. Baxmayaraq ki, anbarlar var, amma onların əksəriyyətində məmurlar balıqçılıqla məşğuldur. Fermerlərə həmin göllərdən su mənbəyi kimi istifadə etməyə imkan verilmir. Əvvəllər istifadə olunan coxlu sayda təsərrüfat daxili anbarlar isə uzun müddət təmir edilmədiyi üçün sıradan çıxıb, yararsız hala düşüb”.

Ekspertin sözlərinə görə, su itkisinin yaranma səbəbi su kanallarında sovet dövründən təmir-bərpa işlərinin aparılmaması, nəticədə sızmaların yaranmasıdır. Sızmaların yaranması ətrafdakı əkin sahələrində bataqlıq yaradır, şoranlaşmaya gətirib çıxarır. Sudan qənaətlə istifadə olunmaması da səbəblər sırasındadır. Köhnə qayda ilə aparılan primitiv selləmə suvarma bitkinin normal qidalanmasına və havalanmasına imkan vermir.

Digər səbəb isə su itkisinin həddən artıq şişirdilməsidir. Azərbaycanda 12 milyard kubmetr təbii su mənbəyindən su götürülür, bunun 8 milyardından istifadə edilir, 4 milyardı itkiyə gedir.

“Bu göstəricilər onu deməyə əsas verir ki, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti ölkənin əkin sularına olan ehtiyacının ödənilməsini heç vaxt təmin edə bilməyəcək. ASC Azərbaycanın su ehtiyatlarının çox məhdud olduğunu vurğulayır. Bununla yanaşı hər il də istifadə olunan suyun həcminin artdığını göstərir. Bu da azmış kimi orta illik su çatışmazlığının 4,5-5 milyard kubmetr arasında dəyişdiyini göstərir. Su çatışmazlığının bu qədər olması iddiası əlbəttə ki, süni şəkildə yaradılır. Bu sahədə mövcud olan çatışmazlıqları, təsərrüfatsızlığı ört-basdır etmək məqsədi güdür. Şirin su çatışmazlığı ilə bağlı bir sıra ölkələrdə ciddi problemlər olduğu halda onlar bu problemi çox asanlıqla öz xeyirlərinə həll ediblər. İsrafçılığın qarşısını qısa müddətdə almaqla kənd təsərrüfatında yüksək göstəricilər əldə ediblər” - deyə V.Məhərrəmov bildirir.

Uzun müddətdir ki, su təsərrüfatını yaxşılaşdırmaq məqsədi ilə beynəlxalq maliyyə institutlarından kredit və qrant şəklində külli miqdarda maliyyə vəsaitləri əldə edilir. Bundan əlavə, dövlət büdcəsindən bu istiqamətə maliyyə ayrılır. 2004-2011-ci illərdə meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 6,3, işçilərin əməkhaqqı isə 7,4 dəfə artıb.

Lakin bu sahədə vəziyyət heç də yaxşılaşmır, əksinə, ölkənin suvarma suyuna olan ehtiyacı ödənilmir. Azərbaycan Respublikasının Su Məcəlləsi və digər qanunlar, qaydalar, regionların inkişafı ilə bağlı bir neçə Dövlət Proqramı qəbul olunub.

Sonuncu, yəni 2010-2013-cü illərdə həyata keçirilən Dövlət Proqramında ölkədə, o cümlədən bütün aran rayonları ərazisində torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsini, əkin sahələrinin su təminatının yaxşılaşdırılmasını nəzərdə tutulurdu. Dövlət proqramının icra müddəti 1 ildən çoxdur ki, tam başa çatıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ili yekunlaşır. Lakin təsərrüfatlarda su çatışmazlığı problemi həllini tapmır. Əksər fermerlər, kəndlilər suvarma suyu çatışmazlığından əziyyət çəkir.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışı zamanı belə demişdi: “Bildiyiniz kimi, 2014-cü ildə havaların kəskin isti və quraq keçməsi səbəbindən respublikanın çaylarında sululuq çoxillik normalardan xeyli az olub, bir sıra dağ çaylarının suyu tamamilə quruyub. Mingəçevir, Şəmkir, Araz, Ağstafaçay, Coqazcay və digər su anbarlarında toplanılmış su həcmləri də normadan az oldu. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə təmin edildi, respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1361 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarıldı”.

V.Məhərrəmov isə Əhməd Əhmədzadənin əvvəlki il də bu cür çıxış etdiyini xatırladır: “Əhməd Əhmədzadə suvarma ilə bağlı rəqəm təqdim edir. Hesabatlarda suvarılan sahələrin həcmi rəqəmlərlə artsa da real olaraq bu sahədəki problemlər bitmir”.

Taxtakörpü və Şəmkirçay su anbarlarının istifadəyə verilməsinə gəldikdə isə Şəmkirçay su anbarlarının inşasına 700 milyon manatdan çox dövlət vəsaiti xərclənib. Taxtakörpü su anbarına qoyulan investisiya isə 1 milyard manat təşkil edir. Bu anbarlar hesabına təxminən 50 min hektara yaxın əkin sahəsinin suvarılması nəzərdə tutulur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net