Azərbaycan hansı məhsullarını Rusiyaya sata bilər? – EKSPERT RƏYLƏRİ
Tarix: 21-09-2015, 16:53 | Çap et
Azərbaycan hansı məhsullarını Rusiyaya sata bilər? – EKSPERT RƏYLƏRİ
Son dövrlər Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr artır. Belə ki, Azərbaycan Rusiyadan qaz alışını həyata keçirir. Xatırladaq ki, bir müddət əvvəl “Qazprom eksport” ildə 2 milyard kubmetr qazın “Azərbaycan metanol şirkəti”nə (AzMeCo) satılması haqqında müqavilə imzalayıb. Hətta, Rusiyanın “Qazprom” korporasiyası və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyadan Azərbaycana qaz tədarükünün bərpa edilməsinin perspektivlərini müzakirə ediblər.

Bundan əlavə, Azərbaycan ilə Rusiya arasında mal dövriyyəsi son rəqəmlərə görə 6% artıb. 6%-lik artımın içərisində isə əsasən, meyvə-tərəvəz məhsulları üstünlük təşkil edib.

Bəs hansı sahədə Rusiya ilə əməkdaşlıq Azərbaycan üçün perspektivli ola bilər?

Oxu.Az bu suallar ətrafında yerli ekspertlərin fikirlərini öyrənib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Azərbaycanın Rusiya ilə ortaq məxrəcə gəlməsi, qonşu ölkələr ilə müqayisədə daha əlverişlidir:

““Qazprom eksport” ildə 2 milyard kubmetr qazın “Azərbaycan metanol şirkəti”nə (AzMeCo) satılması haqqında müqavilə imzalamışdı. Axırıncı bu saziş göstərir ki, Rusiya lazım olan vaxtda yardım əlini uzada bilir, çünki ən yaxın neft-qaz qonşusu Azərbaycandır. Düzdür, onun İran kimi neft-qaz qonşusu da var, ancaq məsələ onu göstərir ki, Azərbaycanın İranla danışıqları, bu ölkə ilə apardığı məsləhətləşmələr heç də kommersiya sazişinə gətirib çıxartmır”.

Onun sözlərinə görə, Rusiya ilə bu baxımdan dil tapmaq, ortaq məxrəcə gəlmək imkanları digər ölkələr ilə müqayisədə Azərbaycan üçün daha əlverişli olur. Yəni, bunu praktika göstərib:

“Azərbaycan müstəqillik illərində ilk dəfə bunu 2000-ci ildə sınayıb və periodik olaraq, bu müxtəlif sahələrdə baş verib. Yəni, onlar bizə qaz satıblar, ondan sonra hətta 90-cı illərdə biz onların ərazisindən öz neftimizi dünya bazarına çıxartmışıq.

Bundan başqa, Rusiya şirkəti “Azəri-Çıraq Günəşli”dən 10% pay alıb. Digər məsələ ondan ibarət olub ki, Azərbaycan Rusiyanın neft şirkətinə qısamüddətli bir dövr üçün özünün neftini, yəni sınaq müddəti üçün Bakı-Tbilisi-Ceyhanla ixraca imkan yaradıb.

Başqa tərəfdən, iki ölkənin neft şirkətləri əməkdaşlıq, hətta birgə müəssisə yaratmaq haqqında saziş imzalayıblar. Bu, niyyət protokolu deyil, sazişdir. Azərbaycanı digər qonşu Xəzəryanı 4 ölkə ilə müqayisə etsək, onlar içərisində ən yaxın enerji sahəsində əməkdaşlığını hazırda Rusiya ilə həyata keçirir”.

Energetika üzrə mütəxəssis qeyd edib ki, Türkmənistan, Qazaxıstan kimi ölkələr Azərbaycan ərazisindən sadəcə transfer kimi istifadə edirlər, ancaq Rusiya ilə isə konkret əməkdaşlıq haqqında protokollar, sazişlər var:

“Yəni, Rusiya ilə bu əməkdaşlıq 1994-cü ildə başlayıb. Azərbaycanın Rusiya ilə elektrik enerjisinin alqı-satqısında, həm neft-qazın bir-biri ilə ərazisindən ötürülməsi haqqında əməkdaşlıq haqqında niyyət protokolları var. Kifayət qədər əməkdaşlıq üçün müstəvi var.

Ancaq o biri ölkələr ilə belə bir məsələ yoxdur. Məsələn, Qazaxıstan, Türkmənistan ilə bizim əməkdaşlığımız ancaq, nəqletmə sahəsindədir. Belə ki, onlar bizim infrastrukturumuzdan özlərinin enerji daşıyıcılarını dünya bazarına çıxartmaq üçün istifadə edirlər. İranla isə, Naxçıvana qaz ötürülməsində əməkdaşlıq edirik, bundan o tərəfə də getməmişik. Aramızda da Xəzərin bölünməsi və 2001-ci ildə Araz-Alov - şərqin belə deyərdim yarası, indiyəcən durur”.

İqtisadçı-ekspert Oqtay Haqverdiyev isə qeyd edib ki, 6%-lik artım içərisində meyvə-tərəvəz məhsullarının üstünlük təşkil etməsi, Azərbaycanın meyvə-tərəvəz məhsullarının Avropa bazarı üçün cəlbedici olmaması ilə bağlıdır:

“Azərbaycanın Rusiyaya meyvə-tərəvəz ixracı o biri illərə nisbətən təxminən 3-4 dəfə artıb. 6%-lik artım bunun hesabınadır. Biz öz meyvə-tərəvəz məhsullarımızı Avropa bazarına çıxarda bilmirik. Çünki, Azərbaycanın adıçəkilən məhsulları Avropa bazarı üçün lazım olan standartlara gəlib çıxa bilməyib. Ona görə də, SSRİ dönəmində də Azərbaycandan Rusiyaya əsasən meyvə-tərəvəz məhsulları ixrac olunurdu.

O.Haqverdiyev bildirib ki, Azərbaycanın Rusiyaya satmağa başqa məhsulu olsa da, bu, onlara lazım olmur.

Ekspert həmçinin əlavə edib ki, bu məhsullar təkcə, Moskvaya deyil, Rusiyanın digər şəhərlərinə də ixrac olunur:

“Rusiya dedikdə bir çoxları Moskva başa düşür. Rusiyanın bir çox şəhərlərinə meyvə-tərəvəz məhsulları satırıq”.

Ekspert Azərbaycanın bəzi məhsullarının artıq Rusiya bazarında brendə çevrildiyini də qeyd edib:

“Rusiya bazarı üçün meyvə-tərəvəz məhsullarının idxalı cəlbedici ola bilər. Adətən bunu bazar müəyyən edir. Məsələn, Rusiyada brend var - pomidor. Deyirlər ki, Azərbaycan pomidoru ən dadlıdır və s.. Belə məsələlər var. Ancaq Azərbaycanın neft-qaz, maşınqayırma və s. məhsulların mübadiləsi üzrə elə də əlaqələri yoxdur”.

Milli Məclisin deputatı Vahid Əhmədov isə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin iki dəfə artdığını bildirib:

“Ümumiyyətlə, Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq həmişə yüksək səviyyədə olub. Əvvəllər Rusiya ilə 2 milyard dollara qədər ticarət dövriyyəmiz var idisə, indi bu rəqəm 4 milyard dollara yaxınlaşır. Bu, çox yaxşı haldır, çünki Rusiya bizə qonşu, sərhəd dövlətdir, həmçinin strateji əməkdaşlarımızdan biridir. Orda həmçinin bizim həmvətənlərimiz də yaşayır və s.. Yəni, iki dövlət arasında ciddi problemlərimiz yoxdur.

Bundan başqa, Dağlıq Qarabağla əlaqədar məsələlərdə biz istəyirik ki, Rusiya bizə yardımçı olsun. İqtisadi cəhətdən əməkdaşlıq isə neft-qaz, digər ticarət sahəsində, neft sektorunda, qeyri-neft sektorunda yüksək səviyyədədir. Bu, davam edir. Elə də ciddi problem yoxdur” - deyə, deputat qeyd edib.

“Azərbaycan Rusiyaya meyvə-tərəvəzdən başqa hansı məhsulunu sata bilər?” sualına isə deputat bu cür aydınlıq gətirib:

“Əvvəllər də, Rusiyaya meyvə-tərəvəzin ixracı ilə əlaqədar məsələlər həmişə çox ciddi olub. Daima biz öz meyvə-tərəvəz məhsullarımızı Rusiyaya ixrac etmişik. Rusiya bizim üçün əsas bazar olub. Hazırda Rusiyada ciddi sanksiyalar qəbul edildiyi üçün Azərbaycanın meyvə-tərəvəz məhsullarına böyük ehtiyacı var. Bundan başqa, hərbi sənaye kompleksi ilə əlaqədar müəyyən ciddi əlaqələrimiz var. Digər sənaye materiallarının idxalı-ixracı üzrə də əməkdaşlıq var. Bu əlaqələr günü-gündən genişlənir. Bu, müsbət haldır”.

Onun sözlərinə görə, Rusiyadan həmçinin Azərbaycanda çatışmayan xammallar da idxal olunur. Bu da ticarət dövriyyəsində öz əksini tapır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net