“Qudurğan məmur övladlarının lotuluq ruhu yerindəcə axtalanmalıdır”
Tarix: 1-04-2015, 17:28 | Çap et
 “Qudurğan məmur övladlarının lotuluq ruhu yerindəcə axtalanmalıdır”
Martın 28-də Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərovun tutduğu vəzifədən qəfil uzaqlaşdırılması media kuluarlarında və ələlxüsus da iqtidar “mətbəx”ində ciddi müzakirələrə yol açıb. Ortalıqda vəhhabi ittihamından tutmuş içki mövzusuna qədər müxtəlif versiyalar səslənir.

Mövzu ilə bağlı müraciət etdiyimiz ekspert, iqtidaryönlü Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin fikirləri də kifayət qədər sərt oldu: “Allahverdi Səfərovun hansı səbəbdən işdən azad olunduğunu deyə bilmərəm. Tam səmimi sözümdür. Çünki həqiqətən məsələ ilə bağlı təfsilatlı məlumatım yoxdur. Bəlkə də çox adi bir səbəbdir. Amma altını çizərək vurğulamaq istədiyim bir faktın varlığı dəqiqdir: bu ölkədə prezidentin etimadını doğrultmayan, vəzifəsindən sağına-soluna yetərincə bəhrələnən, əlindəki fürsətlərdən, vəzifə imkanlarından sui-istifadə edən kifayət qədər sayda məmurlarımız var. Həm də bir tək məmurlar deyil, onların ailələri və övladları. Hansı ki, vətəndaşları mövcud hakimiyyətə qarşı qaldırmaq üçün əllərindən gələni əsirgəmirlər. Övladları isə üzərində qanunsuz silah gəzdirməkdən tutmuş, ofisiant söyməyə, yol süpürən köməksiz, fağır süpürgəçini təhqir etməyə qədər bir çox şərəfsizlikləri etməyə qadirdirlər. Bax, belələrinin lotuluq ruhu yerindəcə axtalanmalıdır.

Fəqət bütün bu söylədiklərimlə bərabər mən nazir, icra başçısı, məmur övladı da tanıyıram ki, onlara verilən tərbiyə qarşısında baş əymək olar. Gerçəkdən. Düzdür onların miqyas, say etibarilə nə qədər olduğunu deyə bilmərəm. Amma arzulayaq ki, çox olsunlar. Çünki həmin sıraya aid edilməyənlərin ağrısını, neqativini bütün hallarda şərəfli, dövlətçiliyə bağlı insanlar çəkir. Hamının yerinə.

Ayrıca, ölkə başçısı hər kəsin yaxşı xatırladığı məlum müşavirədə də həmin təbəqəyə son və kəskin mesajını çatdırmışdı. Ki, özünüzü yığışdırın. Özünüzü və övladlarınızı. Əgər prosesə start verilibsə, nə gözəl. Buna yalnız sevinmək lazımdır. Çünki mövcud iqtidarın yürütdüyü siyasi xətt kiminsə incidilməsinə, ya da hansısa məmurun və ailəsinin özbaşınalıq etməsinə deyil, vətəndaşların müdafiəsinə, onların qorunmasına yönəlik bir xətdir. Kim özünü bu xətdə görmürsə, görmək istəmirsə, bu artıq onun şəxsi işidir. Bildiyi, anladığı kimi də davransın. Amma cəzasız qalacağını da düşünməsin”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net