“Kaş kamança qədər məni başa düşən olardı...”
Tarix: 11-09-2015, 13:24 |
Çap et
Vertikal.az “Qafqazinfo”ya istinadən bir neçə gün öncə vəfat edən kaman ustası Habil Əliyev hələ 2007-ci ildə “İki sahil” qəzetinə verdiyi müsahibəni təqdim edir. Qeyd edək ki, müsahibə kamança ustasının 80 illik yubileyi ərəfəsində alınmışdı.
-Habil müəllim, sizi 80 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, sizə cansağlığı, uzun ömür arzulayırıq.
-Çox sağ olun. Diqqət və qayğınıza görə kollektivinizin hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm.
-Ustadı olduğunuz bu sənətə gəlişinizi təsadüfi hesab etmək olarmı? Çünki məşhur tarzən Əhməd Ağdamski sizin evdə kirayədə yaşamasaydı, bəlkə də başqa peşənin sahibi olardınız.
-Demək olar ki, həyatda çox şey təsadüfdən yaranır. Rəhmətliyin bu mənada bizim evdə kirayədə qalması mənim həyatımda böyük əhəmiyyət kəsb etdi. Bir çox tanınmış sənətkarlar hər axşam onun başına toplaşar, çalıb oxuyardılar. Elə o vaxtdan -6 yaşımdan sənətə bağlandım. Anamın da bu sahədə böyük rolu oldu.
-Deməli, siz sənətə Əhməd Ağdamskinin tövsiyəsi və ananızın öyüd-nəsihəti ilə gəlmisiniz...
-Anam musiqini çox sevirdi. Bu sahəyə olan həvəsimi görüb məni Ağdaş musiqi məktəbinə apardı. O vaxt məktəbin direktoru anamın dayısı oğlu Bilal Muradov idi.
-İlk yoxlanışdan necə keçdiniz?
-Mənə çalmaq üçün tar verdilər. Zəif uşaq olduğumdan tarı əlimdə saxlaya bilmədim. Bundan sonra qəlbimi qırmamaq üçün Bilal dayı dedi ki, eybi yox, bir ildən sonra gələr.
- Bəs necə oldu kamançaya bağlandınız?
- Anamın təkidini, mənim isə ağladığımı görüb, bu dəfə kamançada yoxladılar. Allah üzümə baxdı, kamançanı saxlaya bildim. Amma necə... Gördüm ki, kamançanı dizimin üstünə qoysam, saxlaya bilməyəcəyəm, ona görə də stulun kənarına qoydum. Bunu görən məktəbin direktoru dedi ki, yaxşı qoy gəlsin-getsin, sonra baxarıq... Beləliklə də kamançaya bağlandım.
- Onda kamança sizin üçün nədir ?
- Mənim dörd övladım var, amma kamançanı beşinci övladım yox, birinci övladım hesab edirəm. Çünki həyatımda kamançanın hədsiz dərəcədə böyük rolu olub. Məni Habil Əliyev zirvəsinə məhz o qaldırıb. Mənim üçün yuxarıda Allah, aşağıda kamançadır.
-Dostluğunuz necə, alınıbmı?
-Kamança mənə elə dost, övlad, sirdaş, valideyn olub ki, bunu həyatda təsəvvür etmək belə mümkün deyil. Bəlkə də onlar istəsəydilər bunu bacarmazdılar. Amma... mən də kamançanı utandırmamışam. Harada olmuşamsa, ona hörmət gətirmişəm.
-Böyük Vətən müharibəsi illərində bu çalğı aləti həm də ailənizin dolanışıq mənbəyi olub.
-Bəli, elədir. Müharibənin ağır vaxtlarında mən kamançaya bağlanaraq ailəmizi dolandırmışam. İnanın, o vaxt pul qazanmasaydım, ailəmiz acından ölərdi.
-Kamança sizə təkcə müharibə illərində çörək ağacı olub, yoxsa...
-Ömür boyu.
-Bəlkə bu da ona sevginizi artırıb?
-Bunun da öz rolu var.
-Ağdaş rayon məktəbində 1938-ci ildə keçirilən gecədə ilk konsertinizdən sonra ağlamısınız. Həyəcandan, yoxsa sənətə ilk addım sevincindən?
-Əlbəttə ki, sevincdən. Birdən-birə böyük bir auditoriyanın qarşısında ifa etmək yüksək peşəkarlıq və risk tələb edirdi.
-Həmin anı necə xatırlayırsınız?
-Əvvəlcə bərk həyəcanlandım. Bir də ki, ayaqlarım yerə çatmırdı. Belə bir məqamda səslənən gurultulu alqışlar məni ağlatmaya bilməzdi.
-Habil müəllimlə kamança bir-birini hansı səviyyədə başa düşür?
-Kaş dünyada kamança qədər məni başa düşən olardı.
-Bəs kamançanı sizin qədər necə?
-Bu barədə danışsam, lovğalıq olar. Amma kamança məni çox gözəl başa düşdü. Fikirlərimi hər yerə çatdıran kamança oldu. O həm də həyatımın fəlsəfəsidir.
-Elə vaxt olubmu ki, kiməsə fikrinizi sözlə deyil, kamança ilə çatdırmısınız ?
-Bəli. Rəhmətlik prezidentimiz Heydər Əliyev məni “Şöhrət” ordeni ilə təltif edəndə dedim ki, möhtərəm Prezident, mənim də bir-iki sözüm var. Dedi ay Habil, sən sözünü kamança ilə deyirsən. Mən demək istədiklərimi kamançaya köçürmüşəm.
-Sənətdə qısqanclıqla necə, qarşılaşmısınızmı ?
-Qısqanclıq bütün dünyada var, bizdə isə bir qədər çoxdur. O vaxt filarmoniyada Nefton Qriqoryan adlı kamançaçalan bir erməni işləyirdi. Xan əmini qardaşı Allahyarla bərabər o da müşayiət edərdi. O qədər lovğa idi ki, səhnəyə Xan əmidən sonra gələrdi ki, onu daha çox alqışlasınlar. Kamança çalan tək olduğuna görə hamıdan çox da o, qazanırdı. Mən Bakıya gələn kimi Soltan Hacıbəyov Hacı Məmmədovun vasitəsi ilə məni yanına çağırtdırıb filarmoniyaya işə götürdü.
-Nefton Qriqoryanla sonradan qarşılaşdınızmı?
-Bir dəfə 1960-cı illərin əvvəllərində böyük bir konsertdə “Cücələr”imi kamança ilə yeni bir formada canlandırdım. Konsertdən sonra o mənə yaxınlaşaraq ironiya ilə dedi ki, yaman banlayırsan.
-Cavabınız necə oldu?
-Dedim, mən sənə müəllim deyə müraciət edirəm, sən isə... Bərk dilxor olduğumu görüb, könlümü almaq üçün dedi ki, gərək səndən bu cür banlamağı öyrənəm. Mən isə dedim ki, sizə banlamağı öyrənmək ayıbdır. Siz gərək anqırmağı öyrənəsiniz. Yanımızda olan yoldaşlar da onu tənbeh etdi.
-Qurban Pirimov, Xan Şuşinski və digər bu kimi sənətkarlarla birlikdə çalışmaq böyük məktəbdir. Bu məktəbdən nələri öyrənə bilmirsiniz?
-Mən onlardan təkcə sənətin incəliklərini deyil, çox şey öyrənmişəm.
-Televiziyada ilk konsertinizi necə xatırlayırsınız?
-Azərbaycan Dövlət Televiziyasının açılış mərasimində çıxış edəndə sevincimin həddi-hüdudu yox idi. Heç cür təsəvvürümə gətirə bilmirdim ki, mən çalıram, evlərdə oturub mənə tamaşa edirlər. O vaxt az-az adamlarda televizor olmağına baxmayaraq bizdə də vardı. Uşaqlar sevinclərindən tullanıb-düşürdülər. Evə gələn kimi dedilər ki, televizorda səni göstərirdilər, özünə elə oxşayırdın ki...
-“Segah”, “Bayatı-Qacar”, “Bəstənigar”, “Bayatı-Şiraz”, “Rahab”, “Bayatı-Kürd”, “Cahargah”, “Rast” və digər muğamlara yeni kamança həyatı bəxş etmisiniz...
-Hər ifaçının öz dəst-xətti olmalıdır. Hər meyvənin dadı, hər gülün ətri olan kimi. Ona görə özümü xoşbəxt sayıram ki, axtarışlarım səmərə verib. Çalışırdım kamançanın səsi xalqa xoş gəlsin.
-Dünyanın bir çox ölkələrində Azərbaycanı təmsil etmisiniz...
-Mən harada olmuşam, vətənimizin mədəniyyətini layiqincə təbliğ etməyə çalışmışam. Kamançanın həzin səsinə üstünlük vermişəm.
-Umduğunuz qayğını, yaxud köməkliyi görmüsünüzmü?
-Həyatımdan razıyam. Xalqdan da, dövlət rəhbərlərindən də çox razıyam. Sənətimə böyük hörmət görmüşəm.
-Həyatda ən böyük qazancınız nə olub?
-Özümü qazanmağım. Heç vaxt rahatlıq bilməmişəm. Üzərimdə həmişə çalışmışam. Əməkdar artist fəxri adı almağı heç təsəvvürümə belə gətirməzdim. Allah rəhmət eləsin, ümummilli liderimiz Heydər Əliyevə. Məndən qayğı və köməkliyini əsirgəmədi. Atanın övlada qayğısı kimi. Oğlu Respublika Prezidenti İlham Əliyevdən də yerlə-göy qədər razıyam. Bir sıra dövlət təltifləri ilə bərabər, Prezidentin fərdi təqaüdünə layiq görülməyimə görə ona dərin minnətdarlığımı bildirirəm.
-Nəvəsi və nəticəsi olan bir şəxs kimi sizdən soruşmaq istərdik. Nəvə şirindir, yoxsa nəticə?
-Məndə olan nəvə-baba sevgisini hamıya arzu edərdim. Nəticə olandan sonra isə nəvə bir az böyük görünür. Amma hamısı bir-birindən sirindir.
-Bu qədər şan-şöhrətin və sevginin içində nəyə təəssüflənirsiniz?
-Həmişə ümid edirdim ki, orta məktəbə gedib, onu bitirib instituta qəbul olaram. 80 yaş haradan gəlib məni haqladı. Orta məktəbi bitirməyənin də 80 yaşı olar !?
-Yubileyiniz ərəfəsində oxucularımıza sözünüz...
-Pərəstişkarlarımın hər birinə dərin minnətdarlığımı bildirirəm. Onların haqqımda maraqlanmaları mənə qol-qanad verir. Arzu edirəm ki, hər bir şəxs mənim kimi ömür sürsün.
Müsahibəni apardı:
Mikayıl Nərimanoğlu