
Cəbhədə baş verən qanlı toqquşmalardan sonra Ermənistan prezidenti Serj Sarkisyanın Putinlə görüşə yollanması, Moskvada baş tutan kritik görüş günün əsas müzakirə mövzusudur.
Bağlı qapılar arxasında keçirilən görüşdə Sarkisyan Putinə şikayət edərək, Azərbaycanın artilleriyadan istifadə etdiyini deyib.
“Rusiyaya Qarabağ münaqişəsinin həllində verdiyi töhfəyə görə minnatdarlığımı bildirirəm. Son iki həftə ərzində sərhəddə vəziyyət çox gərginləşib. Azərbaycan tərəfi iriçaplı silahlarla yanaşı, artilleriyadan da istifadə edir. Əlbəttə, biz cavab vermək məcburiyyətindəyik. Mən bu barədə Düşənbədə KTMT sammitində ətraflı danışacağam”,- deyə Ermənistan prezidenti Putinə bildirib.
Lavrovun gizli Bakı səfərindən sonra Sarkisyanın Putinin qəbuluna yollanması ciddi suallar yaradır.
Qeyd olunan məsələlər və son olaylarla bağlı politoloq Arzu Nağıyev AzVision.az-ın suallarını cavablandırıb.
- Arzu müəllim, Serj Sarkisyanın Rusiya səfərinin pərdəarxası məqamları nələrdir?
-Düşünürəm ki, hər şeydən əvvəl bu bir hesabat və yeni təlimatlar görüşü idi. Görüşün əsas istiqamətinin iqtisadi tərəfdaşlıq kimi təqdim edilməsinə baxmayaraq, bir sıra regional məsələlər də müzakirə edilib. Ermənistan iqtisadiyyatının demək olar ki, yarıdan çoxu Rusiyadan asılıdır və bu istiqamətdə Sarkisyan bir sıra qiymətlərin aşağı salınması məsələsini qaldırdı və bunun da əsas məqsədi öz hakimiyyətini saxlamaq üçün geniş kütləyə bir mesaj idi.
Rusiya öz növbəsində Ermənistana satdığı qazın qiymətini 189 dollardan 165- ə salmağa razılıq verdi. Bundan başqa Ermənistandakı Atom Elektrik Stansiyasının daha da modernləşdiriliməsi üçün Rusiya tərəfi sərmayə qoymağı planlaşdırır.
Əlbəttə ki, bizi maraqlandıran əsas məsələ Dağlıq Qarabağ münaqişəsi və onun həlli yollarıdır. Sarkisyan təbii ki, Putinlə bu məsələni müzakirə edib və bir daha Rusiya birmənalı şəkildə onların tərəfdaşı olduğunu büruzə verir.
Gözlənildiyi kimi iri çaplı silahlardan guya Azərbaycan tərfinin istifadə etdiyini bildirən Sərkisyan bunun qarşısının alınması üçün Rusiyadan yeni silah almaq niyyətində olduğunu bildirdi. Rusiya da öz növbəsində silah almaq üçün 200 milyon dollar həcmində güzəştli kredit ayırdı. Yəni, Rusiya Ermənistana silah veriləcək.
Bir sözlə bu görüşdə ermənilərin əsas məqsədi silahlanma və iqtidarda qalmaq üçün imtiyazlar əldə etmə, hətta rus hərbçisi Permyakovla bağlı məsələni həll etmək idi. Təbii ki, Rusiya bir daha Ermənistanın Avrasiya İttifaqına üzv olduğunu qadbardır və KTMT –dəki üzvlüyünün mühümlüyünü ön plana çəkir.
- Lavrovun Azərbaycana səfərindən sonra cəbhədə gərginliyin artması nə ilə bağlıdır?
- Yuxarıda da qeyd edildiyi kimi, bir variant məhz silah satışı ilə bağlıdır ki, Ermənistan bu addımı atır və Rusiya ilə 200 milyon dollarlıq sazişə girir.
İkinci variant Azərbaycanı Avrasiya İttifaqına üzv etmək üçün addımlardan birinin məhz hərbi təzyiqlər vasitəsilə edilməsidir.
Üçüncü variant ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsünün qarşısını almaq və Rusiyanın nüfuzunun artırılması üçün təzyiqlər göstərməkdir. Məhz buna görə də Qərb rayonlarımızda , əsasən də Gürcüstana tərəf keçən kommunikasiyaların yaxınlığında hərbi əməliyyatların intensivləşməsi bununla bağlıdır.
- Son zamanlar Rusiyanın Dağlıq Qarabağı Azərbaycana geri qaytarması ilə bağlı fikirlər səsləndirilir. Hazırki durumda bu iddialar nə dərəcə real görünür?
- Sarkisyanın Putinlə görüşündən sonra bu ümumiyyətlə real görünmür. Bu gün biz ən yaxşı halda müşahidə edib, olanları təhlil etməliyik. Dağlıq Qarabağı bizim özümüzdən başqa heç kimin həll edəcəyi hazırda real deyil. Buna görə də silahlı qüvvələrimiz taktiki təlimləri davam etdirməli, düşməni güc yolu ilə danışıqlar masasına əyləşdirməlidir. Qarabağın başqa variantla alınmamasının səbəblərindən biri də məhz dünya ictimayyətinin Ermənistanın ərköyünlüyünə loyal münasibətidir. İstər ATƏT-in, istərsə də digər beynəlxalq qurumların bəyanatlarının öz həllini tapmaması çox məntiqlərdən xəbər verir.