Azərbaycanlı masonların Moskva tədbirinin PƏRDƏARXASI
Tarix: 7-07-2015, 13:07 |
Çap et
Bir neçə gün öncə Moskvada rəsmən tanınmış mason təşkilatının - Böyük Rusiya Lojasının yaradılmasının 20 illiyi qeyd olundu. Mərasimə onlarla ölkədən mason təşkilatlarının - Böyük Lojaların rəhbərlərinin qatıldığı xəbərləri yayıldı. Deyilənə görə, Qonaqların arasında Fransa, İsveçrə, ABŞ, Avstriya, Gürcüstan, Moldova, Ermənistan, İsrail, Latviya, Malta, Rumıniya və digər ölkələrin, habelə Qabon, Cibuti və Mavrika kimi cırtdan ölkələrin masonları olub. Masonların “qırmızı şəhər”ində Fransanın Böyük Milli Lojasının Böyük Ustadı Jan Pyer Servel, Avstriya Böyük Lojasının Böyük Ustadı Corc Semler, Böyük Lojaların Ümumdünya Konfransının icraçı katibi Tomas Cekson və digərləri də yer alıblar.
Keçmiş postsovet məkanı ölkələri masonlarının Moskva lojasına tabe olduğunu nəzərə alsaq Azərbaycan masonlarının da burada iştirak edib – etməməsi diqqətdən yayınmayan məqamlardan biridir. Azərbaycandakı masonlar və bölgə masonlarının fəaliyyətlərində hansı yeniliklər var?
Butün bu suallara cavab tapmaq üçün Şərqşünaslıq İnstitutunun elmi işçisi Mirzə Ənsərli ilə əlaqə saxladıq. Mirzə Ənsərli Azərbaycanda bəlkə də masonların dünəni və bu günü haqqında araşdırma aparan yeganə alimimizdir. AMEA-ın elmi işçisi Masonlar haqqında onlarla elmi məqalənin və iki cildlik “Masonlar” araşdırma kitabının müəllifidir. Mirzə Ənsərli Hafta.az –a açıqlamasında bildirdi ki, azərbaycanlı masonların yuxarıda adıçəkilən tədbirdə iştirakına inanmır:
“Masonların Moskvada keçirilən Böyük Rusiya Lojasının yaradılmasının 20 illiyi tədbirlərində bizimkilərin iştirak etməsinə inanmıram. Bundan başqa onların Azərbaycana hər hansı bir təsirinə inandırıcı görünmür. Çünki bizim dövlət mason lojası üçün çox kiçikdir, iqtisadiyyatımız da həmçinin. Çox güman ki, onlar bu görüşlərdə lojadaxili məsələləri müzakirə ediblər. Əhatə dairələri ilə bağlı müzakirələr aparıblar. Hətta kiçik dövlətlərin masonlarının da bu tədbirdə iştirak etməsi onu göstərir ki, bu toplantı sadəcə yubley toplantısıdır. Ağır müzakirələrin aparılmadığını əminliklə söyləmək olar”.
Mirzə Ənsərlidən Azərbaycanda masonların indiki vəziyyətinin nə yerdə olmasını, hansı hansı işlərlə məşğul olduğunu soruşduq. Tədqiqatçı bildirdi ki, bizdə kimlərin mason olduqlarını hələ dəqiqləşdirə bilməyib:
“Onu da deyim ki, bizdə masonlar olsa da böyük gücə sahib deyillər. Bu masonluğa həvəskarlıq şəklindədir. Amma Azərbaycandan fərqli olaraq gürcülərdə və ermənilərdə masonların tarixi kökləri var. Onlar Osmanlının dağılmasında böyük işlər görüblər. Bizimkilərin gürcü və ermənilərə çatmasına hələ çox var. Burada din amili də müəyyən rol oynayır. Bizdə masonluq camaat tərəfindən qəbul edilmir”.
Mirzə Ənsərlinin bildirdiyinə görə, masonlar arasında vahid ideologiya var. Araşdırmaçı deyir ki, onlar üçün milli maraqlara xidmət anlayışı yoxdur:
“Ümumiyyətlə hər hansı bir ölkədəki masonların milli maraqlara xidmət etdiyini demək absurd olardı. Araşdıranda məlum olur ki, onların böyük qismi digər dövlətlərə xidmət edirlər. Sovet hakimiyyəti təzə qurulanda kommunistlər arasında milli maraqlara xidmət edənlər də, şəxsi maraqları üçün çalışanları da var idi. Bizimkilərin Rusiya mason lojasına qoşulub hansı məqsədə xidmət etdiyini indi söyləmək çətindir. Bu tarixi zərurətlə aydın olur. Sonradan Moskva onları məhv etdi, ancaq özünə sadiq insanları saxladı. Masonluq da belədir”.
Bu gün masonların sirləri və fəaliyyət istiqamətləri artıq hər kəsə bəllidir. Ancaq bu sirlər bir çoxlarına rahatlıq vermir və insanlar masonluğu canilərin insanlığa qəsdi kimi görür. Bu yazını hazırlayarkən masonluq haqqında şok faktlarla qarşılaşdıq. Belə ki, Masonlar tarixdə ilk dəfə insan haqlarını dövlətin ali qanunu edən Amerika konstitusiyasını yazıb. Mason qardaşlığına məhşur bəstəkarlar Volfqanq Amadey Mosart, Ferens List, Iosef Qaydn, Lüdviq van Bethoven, Nikolo Paqanini, Yakov Sibulius, yazıçılar Iohan Volfqanq Höte, Rabindranat Taqor, Valter Skott, Oskal Uald, Mark Tven, Redyard Kiplirq, şairlər Aleksandr Pop, Robert Berns daxil idi. Teodor Ruzvelt və bir sıra digər ABŞ prezidentləri qardaşlığa üzv idi. Uinston Çörçel mason idi, Ingilis kralı VII Eduard taxta çıxana qədər qardaşlıqda təmsil olunub. Con Ceykob Astor və Henri Ford kimi tanınmış şəxslər, ilk dəfə Atlantika üzərində təkbaşına uçuş həyata keçirən aviator Çarlz Lindenberq, qütb tədqiqatçıları Robert Berd, Metyu Xenson, admiral Riçard Berdla mason olub.
Ən çox diqqət cəlb edə məqam isə heç şübhəsiz 1969-cu ilin iyulun 21-də Ay üzərinə ayaq basan amerikalı astronaft Edvin Oldrin cibində mason emblemləri olan bayrağı Aya aparması və orada basdırması idi. Qeyd edək ki, Azərbaycanda masonluğun tarixi 2000-ci illərin əvvəllərinə təsadüf edir. Azərbaycanda Azad Masonluğun qurulması layihəsi Washington D.C-də qəbul olunmuş "Azerbaijan Lodge No.2001" yaradılması ilə başlayıb.
5 dekabr 2008-ci ildə Böyük Ustadların və Böyük katiblərin görüşündə Washington D.C. Böyük Lojası, Rusiya Böyük Lojası, Türkiyə Böyük Lojası və layihənin təsisçisi Robert Bağır Heyət arasında Parisdə toplantı oldu və Fransa Böyük Lojasının illik əlaqələri ilə yeni Azərbaycan Milli Böyük Lojasının xüsusi məqsədləri qəbul edilib.
9 dekabrda Azərbaycan Milli Böyük Lojasının təşkilatı toplantısı çağırıldı və Washington D.C. Böyük Lojası, Rusiya Böyük Lojası tərəfindən Robert Bağır Heyət ilk Hörmətli Böyük Ustad elan olundu. Daha sonra Bağır Heyət öz Böyük Loja işçilərini elan edib. Növbəti gün dekabrın 10-da Azərbaycan Milli Böyük Lojasında ikinci toplantı oldu və təsis lojası, möhtərəm ustadlar və işçilərin qəbul etdiyi yeni nizamnamə Böyük Ustad tərəfindən buraxılıb.