Azad Ticarət Zonasının yaradılması ölkəmizə nə verəcək? - HƏQİQƏTƏN DƏ...
Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən GUAM Azad Ticarət Zonasının yaradılması müzakirə olunub.
Dekabrın 20-də videokonfrans formatında GUAM PA Komitələrinin 5-ci birgə iclası keçirilib.
İclasda Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, nümayəndə heyətinin üzvləri Əli Məsimli, Qüdrət Həsənquliyev, Nəsib Məhəməliyev və Cavid Osmanov iştirak ediblər.
İclasda GUAM məkanında lokal münaqişələrin həllinin hazırki vəziyyəti, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, Gürcüstan və Moldova Respublikasında dondurulmuş münaqişələr, GUAM-a üzv dövlətlərin BMT, ATƏT, AŞ və onların parlament qurumları çərçivəsində əməkdaşlığı, COVID-19 pandemiyasının sosial-iqtisadi nəticələrinin aradan qaldırılması üçün həyata keçirilən tədbirlər, onların qanunvericilik təminatı, üzv dövlətlər arasında ticarət-iqtisadi əlaqələrin inkişafı, GUAM Azad Ticarət Zonasının yaradılmasının başa çatdırılması, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq və digər mövzularda müzakirələr aparılıb.
Bəs Azad Ticarət Zonasının yaradılması ölkəmiz üçün iqtisadi, yoxsa siyasi cəhətdən qazancı çox olacaq?
DİA.AZ-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Elşən Manafov deyib ki, Azad Ticarət Zonasının yaradılması Azərbaycana daha çox iqtisadi töhfə verəcək:
“Düşünürəm ki, Azərbaycan GUAM təşkilatı ilə perspektiv münasibətlərinə geosiyasi ampuladan daha çox geoiqtisadi konketksdə yanaşacaq. Vaxtında bu təşkilata geosiyasi faktorlara görə daxil olmuşduq, amma indi GUAM-la münasibətlərdə daha çox iqtisadi və tranzit imkanlarından istifadə etmək istəyirik.
Yəni ölkəmiz bu təşkilatın tranzit imkanlarından istifadə etməyə və burada təmsil olunan dövlətlər vasitəsilə özünün Xəzər dənizindəki enerji resurslarını Avropa bazarına çıxarmağa çalışacaq. Bu mənada Azərbaycan, hətta Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayır. Fikrimcə, Azad Ticarət Zonasının yaradılması iqtisadi cəhətdən Azərbaycanın GUAM vasitəsilə əldə edəcəyi mənfəətlərə hesablanıb.
Ümumiyyətlə, bizim Avropa ölkələrinin qaz ilə təchizatına bağlı həyata keçirilən siyasət Rusiya ilə rəqabətə girmək fikrindən irəli gəlmir. Çünki Rusiya Avropanı 100 milyard kub metrlərlə neft və qaz ilə təmin edir. Bu mənada təbii ki, Azərbaycanın Avropada Rusiya ilə rəqabət aparmaq imkanları o qədər də böyük deyil. Ona görə də ölkəmiz Rusiya ilə münasibətlərdə problem yaşanmamasını istəyir”.
Politoloq qeyd edib ki, GUAM-ın yaradılmasına daha çox geosiyasi faktorlar səbəb olmuşdur:
“Bu təşkilatının ilk yarandığı dövrdə Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsin iqtidarının separatizm siyasətindən əziyyət çəkən ölkələr birləşmişdilər. Söhbət Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovadan gedir. Yəni həmin illərdə Rusiya bu və ya digər şəkildə adıçəkilən dövlətlərin ərazi bütövlüyünə qəsd etmiş separatçı qüvvələrə dəstək verirdi.
ABŞ da öz növbəsində Rusiyanın MDB məkanındakı dövlətlərə təsir imkanlarını məhdudlaşdırmaq və Xəzərin enerji resurslarından istifadə edə bilmək üçün GUAM təşkilatının yaranmasına şərait yaratdı.
Sonradan Vladimir Putinin hakimiyyətə gəlməsilə Azərbaycan və Rusiya münasibətlərində kifayət qədər kardinal dəyişikliklər baş verdi. Hətta Putin dövlət başçısı olaraq ilk rəsmi səfərini Azərbaycana etmişdi. Rusiyanın Dağlıq Qarabağ probleminə münasibəti Cənubi Osetiya və Abxaziya kimi məsələlərdən fərqli idi.
İkinci Qarabağ müharibəsində belə, Rusiya beynəlxalq hüququn normalarına uyğun bir mövqe nümayiş etdirdi. Kreml müttəfiqi olan Ermənistanı Azərbaycanla savaşda təkbətək qoydu. Putinin bu addımı isə faktiki olaraq Ermənistanın məğlubiyyətinə şərait yaratdı”.