Azərbaycan Ermənistana yatırım qoysunmu - rəsmilərin şok cavabları
Tarix: 12-03-2015, 08:50 | Çap et
 Azərbaycan Ermənistana yatırım qoysunmu - rəsmilərin şok cavabları
“Azərbaycandan olan turistlər Ermənistan iqtisadiyyatına əsaslı töhfə verə bilərlər”. Bu fikir Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevə məxsusdur. XİN rəsmisi "Trend"ə bildirib ki, işğaldan azad olunandan sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar turistlər üçün əsas marşrutlardan birinə çevrilə bilər: “Xarici turistlərlə bərabər, bu marşrut ilk növbədə ölkədaxili turistlər üçün cəlbedici istiqamətdir.

Nəticə etibarilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və Azərbaycan icmasının həyat şəraiti daha da yaxşılaşa və region daha da inkişaf edə bilərdi. Digər qonşu dövlətlərin təcrübəsində olduğu kimi, Azərbaycandan olan turistlər elə Ermənistanın öz iqtisadiyyatına da əsaslı töhfə verə bilərlər”.

“Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması SSRİ dövründə Bakı, Gəncə və ya Ağdamdan olan turistlərin səfərlərinin onların yaşayışına nə dərəcədə töhfə verdiyini xatırlayırlar”, - H.Hacıyev əlavə edib. Qeyd edək ki, bu fikirlərlə eyni vaxtda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da Bakının Ermənistana yatırım qoymasını mümkün saydığını vurğulamışdı. ABŞ mediasına müsahibəsində o, deyib ki, qonşu ölkəyə yatırmağa kifayət qədər pul var. “Biz qonşulara sərmayə qoyuruq, Ermənistana da sərmayə yatıra, regionda tərəfdaş ola bilərdik”, - Süleymanov söyləyib.

Azərbaycan diplomatlarının belə bir mesajla çıxış etməsi maraqlı dövrə təsadüf edir. Məsələ burasındadır ki, iki ölkə arasında gərginlik pik həddədir və hər an ikinci böyük müharibənin başlana biləcəyi barədə xəbərdarlıqlar eşidilir, vaxtaşırı gərgin döyüşlər gedir, hər iki tərəf itki verir. Bu mənada hesab olunur ki, diplomatlarımızın anonsları əslində böyük planın tərkib hissəsidir və bəlkə də masaya çıxarılacaq sülh planının bir elementidir.

Bəs ümumən Azərbaycanın Ermənistana yatırım qoyması realdırmı və işğala son verilməsindən sonra Ermənistan, həmçinin Qarabağ erməniləri Azərbaycana aid hansı layihələrdə yer ala bilər?

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu hesab edir ki, Dağlıq Qarabağ və ətraf rayonlar işğaldan azad olunandan sonra Azərbaycan regionun əsas donor dövləti olaraq həm dövlət və həm də özəl şirkətlər vasitəsilə Ermənistan iqtisadiyyatına sərmayə yatıra bilər:

“İnvestisiya sahəsində turizm cəlbedici görünsə də, ondan əvvəl görüləsi xeyli işlər var. Çünki Ermənistanın və Dağlıq Qarabağın, eləcə də ətraf rayonların ərazisində infrastruktur bərbad haldadır. İlk növbədə işğaldan azad olmuş ərazilərin bərpa planı hazırlanmalı və infrastruktur yenilənməlidir”. Q.İbadoğlu reallaşdırılması mümkün olan layihələr barədə də fikrini söylədi: “Bu istiqamətdə görüləsi əsas işlərdən biri də Bakı-Horadiz-Mehri-Şərur dəmiryol xəttinin bərpasıdır. Azərbaycan bu yolun bərpasına investisiya qoya bilər. Xüsusilə də Horadiz və Culfa arasında yol tamam dağılıb və orda yeni xətt çəkilməlidir. Bu, strateji baxımdan da vacibdir ki, Azərbaycanla Naxçıvan arasında birbaşa quru yol əlaqəsi yaradılsın. Naxçıvan da turizm baxımından cəlbedici yerdir. Bu halda Azərbaycan turistləri həm də Naxçıvana gedə bilərlər. Amma mən torpaqlarımız işğaldan azad olunmayana qədər iqtisadi əlaqələrin bərpasını düzgün hesab etmirəm”.

Deputat Fazil Mustafa Ermənistana yatırım qoyulmasını mümkün saymır: “Çünki bu uzun illərdən sonra, torpaqlar qaytarılarsa və qarşılıqlı etimad bərpa olunarsa, bu, o zaman reallaşa bilər. Odur ki, bu barədə səslənən fikirləri sadəcə real məzmun daşımayan diplomatik bir jest kimi qiymətləndirmək olar”.

Politoloq Elxan Şahinoğlu isə ABŞ-dakı səfirimiz Elin Süleymanovun “Ermənistana yatırmağa kifayət qədər pulumuz var” sözlərində qəbahət görmür: “Əslində ABŞ-dakı səfirimiz məhz elə belə deməlidir.

O, ”Ermənistanı çökdürəcəyik" desəydi, yanlış olardı, Amerikadakı auditoriyaya yanlış mesaj verərdi. Sadəcə, məncə, səfir cümləni belə qurmalıydı: “Əgər Ermənistan işğal altındakı torpaqları boşaldarsa və Dağlıq Qarabağ münaqişəsi nizamlanarsa, Azərbaycan Ermənistanla iqtisadi əlaqələrini bərpa edəcək və bu ölkəyə yatırım qoyacaq”. Yəni vurğu işğal faktının ortadan qaldırılmasına yönəldilməliydi. Bunu demədən belə yanlış təsəvvür yarana bilər ki, biz Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan Ermənistanı iqtisadi xaosdan xilas etməyə hazırıq. Ermənistanın isə bizim üçün Gürcüstan olmasına hələ çox var. ABŞ-dakı səfirimizin məqsədi bu ölkəni Ermənistana təsir etməyə inandırmaqdan ibarət olmalıdır".

E.Şahinoğlu səfirin başqa bir fikrinə də diqqət çəkdi: “Elin Süleymanov deyir ki, Rusiya və İran arasında yerləşən Azərbaycan ümid edir ki, Birləşmiş Ştatlar müttəfiqlərinə daha çox dəstək göstərəcək. Bu fikri daha öncə ABŞ-da səfərdə olan deputat Səməd Seyidov da işlətmişdi. Məqsəd Vaşinqtonun xoşuna gəlmək və dəstək almaqdır. Sadəcə, bunu deyəndə bəyan edilən siyasətə sadiq olmaq lazımdır. Səməd Seyidov bir tərəfdən belə bir fikir söyləyir, digər tərəfdən də Strasburqdakı çıxışında Rusiyasız AŞ PA-nın mənasının qalmayacağını vurğulayır. Əlbəttə, bəlli reallıqlar Rusiya ilə mehriban qonşuluq münasibətlərini diqtə edir. Ancaq bu reallıq naminə ABŞ-la münasibətləri də korlamalı deyilik. Əslində aydındır ki, rəsmi Bakı Kremlin gələcək planlarından ehtiyat edir. Elə günü bu gün Rusiya Ermənistanda hərbi təlimlər keçirir, işğalçının müdafiə qabiliyyətini gücləndirməklə məşğuldur. O biri tərəfdən, Azərbaycan öz qazını Avropa bazarına çatdırmağa çalışır ki, bu Kremlin xoşuna gəlmir. Odur ki, Azərbaycan Rusiya ilə tərəfdaş münasibətlərə malik olmaqla bərabər, Ukrayna təcrübəsindən çıxış edərək, bu ölkədən qorunmanın yollarını da hərəkətə gətirməlidir. Rusiyadan qorunmanın bir yolu Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməkdisə, digər yolu ABŞ-la münasibətlərdəki süni gərginliyi həll etməkdir. O zaman Amerika auditoriyası Emin Süleymanovun sözlərinin həqiqiliyinə inanar”.

Bu mövzuda “Yeni Müsavat”a ilginc məlumatlar verən YAP-çı deputat Siyavuş Novruzov bildirdi ki, zaman-zaman Ermənistana yatırım qoyulması məsələsi müzakirə olunub: “Avropa İttifaqı, digər təşkilatlar çərçivəsində də belə bir təşəbbüs qaldırılıb. Ancaq bizim birmənalı mövqeyimiz belə olub ki, Azərbaycanla Ermənistan arasında iqtisadi münasibətlərin bərpa olunması işğal faktoru aradan qaldırılandan, işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxmasından sonra mümkündür. Yalnız bundan sonra kommunikasiyalar bərpa oluna, digər əlaqələrə baxıla bilər. Avropa İttifaqı hətta belə bir təklif verdi ki, bəlkə ilk olaraq iqtisadi münasibətlər bərpa olunsun və bunun nəticəsi olaraq qarşılıqlı etimad yaransın. Lakin Azərbaycan hökuməti və dövləti qəti şəkildə bunun əleyhinə olub. Yəni bu, Avropa İttifaqının uzun müddətdən bəri ortada olan layihəsidir. Yəqin indi ABŞ da bu layihəni yenidən gündəmə gətirməyə çalışır”.

S.Novruzov hesab edir ki, işğal faktoru qaldığı halda Ermənistanla hər hansı münasibətlərdən söhbət gedə bilməz. YAP-çı deputat zaman-zaman azərbaycanlı iş adamları, hətta bəzi məmurlara yaxın çevrələrin Göyçə gölünün ətrafında hotellər tikdiyi, tarixi torpaqlarımız olan düşmən ölkə ərazisinə yatırım qoyduğu barədə yayılan məlumatları şayiə adlandırdı: “Bunlar mənasız söhbətlərdir. Ağıllı adamlar Ermənistana yatırım qoymaz. O yatırımın qarantiyası yoxdursa, onu qoymağın mənası yoxdur. Vaxtilə belə şayiələr yaydılar ki, azərbaycanlı iş adamı Ermənistandan torpaq alıb, orda fermer təsərrüfatı yaradıb, bütün bunlar mənasız şeylər idi. Bütün bunlar təxribatçı fikirlədir ki, yayılır. Hətta o zaman İraqdan Azərbaycana təklif olunmuşdu ki, bu ölkəyə yatırım qoyulsun. Ancaq orda stabillik, sabitlik yoxdursa, ora vəsait qoyulmasının mənası qalmır. Liviya ilə bağlı da Azərbaycana təkliflər olmuşdu. Bunların hamısının qarantiyası olmalıdır. Qarantiya olmadığı halda hansısa dövlətə vəsaitin qoyulması qeyri-mümkündür”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net