Tərtərdə 4 terrorbaşı tutuldu – Suriyaya adam göndərirmişlər
Tarix: 11-03-2015, 17:54 |
Çap et
Respublikanın hüquq-mühafizə orqanları cinayətkarlıqla mübarizə sahəsində Tərtər rayonunda növbəti xüsusi əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nazirliyə müraciət edən rayon sakini yetkinlik yaşına çatmayan oğlunun radikal dini cərəyana cəlb olunmaqla Suriyaya göndərildiyini və orada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etdiyini bildirib.
Aparılan araşdırmalarla Tərtər ərazisində ayrı-ayrı vətəndaşların ölkə hüdudlarından kənarda qeyri-qanuni fəaliyyət göstərən silahlı birləşmələrin sıralarına qoşulmasını təşkil edən, dini dözümsüzlük və bölücülük təbliğatını aparan ekstremist yönümlü şəxslərdən ibarət mütəşəkkil cinayətkar dəstə müəyyən edilib.
Nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb olunmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Tərtər Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həmin dəstənin 4 üzvü - əvvəllər məhkum olunnmuş Zülfüqar İbrahimov, Mübariz Mirzəliyev, Şəmsəddin Abdullazadə və Vüqar Əliyev saxlanılıblar.
Onların yaşadıqları mənzillərə baxış zamanı ümumilikdə 2 ədəd sandıqçası ilə birlikdə 1 avtomat, 800 qram partlayıcı maddə, alışdırıcıları ilə birgə 9 əl qumbarası, 170 ədəd patron, yayılması qanunla qadağan olunmuş xeyli sayda dini ədəbiyyat, disklər və digər maddi sübutlar götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Hazırda mütəşəkkil dəstənin cinayətkar əlaqələrinin ifşası, habelə, digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri davam etdirilir.