Son günlər Qərbin Tehrana qarşı “yumşaltma” siyasəti İranın durğun iqtisadi vəziyyətində müəyyən canlanma yaradıb. Hətta fürsətdən istifadə edən güney qonşumuz artıq Yaponiyanın neft mütəxəssislərini də ölkəyə dəvət edib. Üstəlik, İran öz neftini Qərb bazarlarına çıxarmaq yolunda da, müəyyən işlər görməyə başlayıb. Artıq Tehran parlamentində alternativ boru xətləri ilə neftin Avropaya nəqli məsələləri müzakirə olunur.
Hadisələrin bu cür gedişatı ortaya bir neçə sual çıxarır; İran neftinin Qərb bazarına çıxması Azərbaycan neftinin qiymətinə mənfi təsir göstərəcəkmi? Tehran gələcəkdə Avropaya çıxmaq üçün bizim kəmərlərdən istifadə edə bilərmi? İranın Qərblə yaxınlığı Tehranı təklənən Moskvadan soyudacaqmı? Yoxsa İrana qarşı sanksiyaları götürməklə, Avropa İranı Rusiyadan ayırmaq niyyəti güdür?
Hafta.az-ın suallarını Azərbaycanın İrandakı səfirliyinin keçmiş əməkdaşı Sədrəddin Soltan cavablandırıb. Ekspertin sözlərinə görə, İran neftinin dünya bazarına çıxması bütünlükdə bu karbohidrogen daşıyıcılarının ucuzlaşmasına səbəb ola bilər. Sədrəddin Soltan həmçinin qeyd edib ki, bundan daha çox iri neft ixracatçıları narahatdır:
“Çünki İran Avropa ölkələrinə neftin bir barelinin qiymətində 6,55 ABŞ dolları endirim etməyə hazır olduğunu bildirib. Bu yolla Tehran Qərbin neft bazarından siyasi-dini, iqtisadi rəqibi və müəyyən mənada düşməni olan Səudiyyə Ərəbistanını sıxışdırmaq niyyətindədir. Rəsmi Ər-Riyad isə hazırda Avropa ölkələrinə nefti 4,85 dollar endirimlə satır. Bu baxımdan bazarda məhsul bolluğu neftin ucuzlaşmasına təsirsiz ötüşməyəcək. Çünki rəqiblər bir-biri ilə rəqabət aparmır. Daha çox bir-birinin az qala acığına nefti hərracda ucuz satmaqla, qarşı tərəfi sıradan çıxarmağa çalışır. Başqa sözlə, İran neftin qiymətini ucuzlaşdırmaqla, düşmən hesab etdiklərindən heyf alır. Azərbaycanda neftin hasilatı azalıb. Bundan başqa, ölkəmiz böyük neft ölkəsi deyil. Sadəcə, bu məsələdə neftin baha olan vaxtlarında müəyyən məqamlar nəzərə alınmayıb. Bu da məsələnin iqtisadi və maliyyə tərəfidir. Ona görə də, dünyadakı indiki maliyyə böhranından çıxmaqda müəyyən çətinliklər yaranıb”.
Politoloq bu gedişatla Qərb bazarına çıxmaq üçün İranın bizim neft və qaz kəmərlərimizdən istifadə edə biləcəyi ehtimalından da danışıb:
“İran rəsmiləri bir neçə dəfə Azərbaycanın neft və təbii qaz layihələrinə qoşulacağını bildirib. Odur ki, güney qonşumuzun bu sahədə ölkəmizlə əməkdaşlıq etmək niyyəti var. Çünki indiki vəziyyətdə İran yeni kəmərlər tikmək gücündə deyil. Bu sahə üçün həm vaxt, həm də sərmayə lazımdır. Ancaq Azərbaycandan keçən hazır kəmərlər vasitəsi ilə qısa müddətə və ən yaxın yolla karbohidrogen daşıyıcılarını Avropaya çıxara bilər”.
İranın Qərblə yaxınlığı Tehranı təklənən Moskvadan soyudacaqmı? -sualımıza da Sədrəddin Soltanın cavabı birmənalı olub. Ekspert deyib ki, bunun perspektivdə baş verməsi ehtimalı az deyil:
“Qeyd olunan məsələ onların Suriya və İraqda yola getmələrindən daha çox asılıdır. Nəzərə almaq lazımdır ki, Rusiya BMT Təhlükəsizlik Şurasının İrana tətbiq etdiyi 3 qətnamənin hamısının lehinə səs verib. Həmin sənədlər əsasında İrana sanksiyalar tətbiq edilib. Bu baxımdan İran Ruisyanın geri qalmış avadanlıqlarına deyil, Qərbin daha müasir texnologiyalarına üstünlük verəcək. Bir də ki, uzun illərdir Tehran Qərblə yaxınlaşmaq istəyirdi. İndi İran onun üçün yaranan bu imkanı dəyərləndirməyə çalışacaq. Çünki Rusiya çoxsaylı problemlərlə üz-üzədir və yenilərini də yaratmaqdadır. Bu baxımdan İranın ən sərfəlisinə üstünlük verəcəyi istisna edilmir”.

