
Minskin soyuğu iliyə işləyən şaxtalı havasında Xatına getməyi heç kim turistlərə məsləhət görmür. “Yol çox uzaqdır. Marşrut avtobusları magistral yolda saxlayır, kəndin içərilərinə doğru, meşədən keçən yolu isə özünüz piyada getməlisiniz”- deyirlər. Turizm şirkətləri də belə soyuq havada vilayətin Loqoysk rayonunda yerləşən kəndə turlar təşkil etmirlər. Taksi sürücüləri Xatına gediş-gəliş üçün 1 milyon Belarus rublu (60 ABŞ dolları) istəyərək: “Başqa qiymətə sizi heç kəs aparmayacaq”- deyə təkid edirlər. Nəhayət, xeyli sövdələşmədən sonra bir taksi sürücüsü ilə gediş-gəliş daxil olmaqla iki nəfər üçün 40 dollara razılaşıb Xatına yol aldıq.
Belarusda Böyük Vətən müharibəsi ilə bağlı əbədiləşdirilən çox şey var - küçələr, prospektlər, meydanlar, abidələr, muzeylər... 9 May isə Belarus tarixində ən ehtiramla anılan bayramdır. Ölkə qələbə yolunda həddindən çox qurban verib. Bu müharibədə onun hər üç sakinindən biri həlak olub. Belarus tarixçiləri: “Dünyanın heç bir dövləti faşizm təcavüzünə qarşı belə kütləvi müqavimət göstərməyib”- deyə yazırlar. Məhz buna görə mayın 9-da Belarus Respublikasında müharibə qəhrəmanlarının ünvanına xüsusi razılıq və minnətdarlıq dolu sözlər səslənir.
Böyük Vətən müharibəsi sovet xalqının işğalçılara qarşı ümumi müharibəsi olsa da, Belarus müharibənin ilk günlərindən oda-alova bürünüb. Bu respublikanın sakinləri hitlerçilərin özləri ilə gətirdikləri işğal və “yeni qayda-qanun” əzabına qatlaşmalı olublar. Faşist işğalçılarına qarşı partizan müharibəsi əslində fasiləsiz davam edib. Partizanların və gizli fəaliyyət göstərən dəstələrin öhdəsindən gələ bilməyən faşistlər qəzəblərini yerli əhaliyə yönəldiblər.
Xatın kəndini də faşistlər yer üzündən belə qəzəb və nifrətlə siliblər. İndi hətta ən müfəssəl coğrafi xəritədə belə Belarusun bu kəndinin adını tapmaq olmaz. Naqasaki və Xirosima kimi Xatın da dinc əhalinin kütləvi şəkildə məhv edilməsinin rəmzinə çevrilib. Xatın faciəsi Böyük Vətən müharibəsi tarixinin ən kədərli səhifələrindən biridir.
Xatın faciəsi nasistlərin Belarus əhalisinə qarşı məqsədyönlü soyqırımı siyasətini təsdiq edən minlərlə fakt sırasındadır. Belarus torpağında işğalın davam etdiyi üç il ərzində (1941-1944-cü illər) yüzlərlə belə faciə baş verib. Xatın kəndinin partizanlara yardım göstərməsi ehtimal edilən 149 sakininin hamısı kollektiv cəza prinsipinə uyğun olaraq diri-diri yandırılıb və güllələnib.
“Ev”in məhvi
Xatın kəndi təkcə 1943-cü ilin mart faciəsinə deyil, bundan əvvəlki qırğına da şahidlik edib. 1939-cu ildə İosif Stalinin əmri ilə polyak zabitləri burada güllələniblər. Başlarından güllə yarası almış yüzlərlə günahsız zabitin SSRİ rəhbərinin göstərişi ilə öldürülməsi yalnız 1993-cü ildə sübuta yetirilib. Rusiyanın ilk prezidenti Boris Yeltsin Stalinin polyak zabitlərinin öldürülməsi barədə əmrinin surətini Polşanın prezidentinə təqdim edib.
Belarus dilində “ev” mənası verən Xatın polyak faciəsinə şahidlik etməsindən 4 il sonra öz sakinlərinin faciəsini seyr etdi. 1943-cü ilin martında faşistlərin xüsusi təyinatlı dəstə üzvlərinin burada məhv edilməsi nasistlərin qəddar cəza üsuluna əl atmaları üçün bəhanə oldu. Faşistlər bir neçə hərbçinin öldürülməsinə Xatının 149 dinc sakininin məhvi ilə cavab verdilər. Halbuki kənd sakinlərinin faşist əsgərlərinin öldürülməsində iştirakı və xəbərləri yox idi. Bizi Xatın xatirə kompleksində müşayiət edən bələdçi faciənin baş vermə tarixini vərəqləyir: “1943-cü il martın 21-də kənddə Vasya dayının rəhbərlik etdiyi partizan briqadası gecələyib. Səhəri gün isə onlar Pleşenitsı tərəfə gediblər. Həmin vaxt Loqoyskdan Minsk aerodromu istiqamətində avtomaşınlarla yük maşınlarını müşayiət edən 118-ci batalyonun 201-ci alman mühafizə diviziyasının əsgərləri meşə yolu ilə keçiblər. Birinci rotanın kapitanı Hans Violke kəndin odun doğrayan bir qadınından: “Partizanları görmüsünüzmü?” - deyə soruşanda o, heç kimi görmədiyini bildirib. Ancaq alman dəstəsi 300 metrdən sonra partizan mühasirəsinə düşüb. Almanlar Hans Violke daxil olmaqla 3 nəfəri itiriblər. Cəza dəstəsinin taqım komandiri qadından şübhələnərək onun odun doğradığı meşəyə qayıdıb. Komandirin əmri ilə 26 qadın güllələnib, qalanları isə Pleşenitsıya göndərilib. Hitlerçilər Hans Violkenin ölümündən qəzəbləniblər. Çünki 1936-cı ildə olimpiya çempionu olan zabit həm də Hitlerin şəxsi tanışı imiş. Faşistlər martın 22-də meşədə partizanları axtarmağa başlayaraq Xatın kəndini mühasirəyə alıblar”. Faşistlərin 118-ci batalyonuna həmçinin Ukrayna millətçiləri də daxil idi. Xatında keçirilən əməliyyata keçmiş polşalı mayor Smolskiy, Qızıl ordunun keçmiş baş leytenantı Qriqoriy Vasyur və Vasiliy Mileşko rəhbərlik edir. 118-ci batalyonun ümumi rəhbəri, polis mayoru Erix Kernerin əmri ilə batalyon həmçinin başqa əməliyyatlarda da iştirak edir. Mayın 13-də Vasyur Dalkoviç kəndində partizanlara qarşı döyüşlərdə iştirak edir. 27 mayda isə batalyon Osobi kəndində cəza əməliyyatları həyata keçirir – 78 insanı güllələyirlər. Cəza əməliyyatları həmçinin Belarusun bir sıra ərazilərini əhatə edir. Kaminskaya Sloboda kəndində 50 yəhudi güllələnir. Uğurlu əməliyyata görə Vasyur hitlerçilər tərəfindən 2 medalla təltif olunur. Erix Kernerin əmri ilə əsgərlər Xatının bütün əhalisini kolxoz anbarına salaraq qapını bağlayırlar.
Anbara xeyli ot gətirib ətrafına benzin tökürlər. Faşistlərin niyyətini başa düşüb qaçmaq istəyənlər yerlərindəcə güllələnirlər. Anbara doldurulmuş insanlar arasında çoxuşaqlı ailələr də vardı. Məsələn, İosif və Annanın 9, Noviçkiy ailəsinin isə 7 uşağı yandırılmaq üçün saraya doldurulmuşdu. Tərcüməçi polis Lukoviç od vuraraq sarayı yandırır. Anbar köhnə olduğundan tez alışır. Alov hər yeri bürüyür. Onun içinə doldurulmuş günahsız sakinlər diri-diri yandırılır. Faşistlər alovun əzabına dözə bilməyib çölə çıxan sakinləri pulemyotla güllələyirlər. İçəridə yandırılan 149 sakindən 75-i yaşı 15-dən aşağı olan uşaqlar idi. Yanan saraydan möcüzə nəticəsində qurtulmuş iki qız - Mariya Fyodoroviç və Yuliya Klimoviç qaçıb başqa kənddə gizlənsələr də, həmin kənd də almanlar tərəfindən yandırıldığından Xatının şahidləri burada həlak olurlar.
Anbara doldurulmuş sakinlərdən 7 yaşlı Viktor Jelobkoviç və 12 yaşlı Anton Baranoviç sağ qaldılar. Viktor anasının onu öz paltarının altında gizlətməsi sayəsində sağ qalmışdı. Alovun istisinə və tüstüyə dözə bilməyən Anton anbardan çıxıb qaçmaq istəyərkən faşist əsgəri tərəfindən ayağından güllə yarası aldı. Alman əsgərləri onu ölmüş bildiklərindən orada qoyub çıxıb getmişdilər. “Qətlə yetirilmiş” kəndin canlı şahidinin faciəli aqibəti isə bu günə kimi müəmmalıdır. Belə ki, Anton Baranoviç ömrünün sonuna kimi – 1969-cu ilin dekabrına qədər Xatında qəddarlıq etmiş polislərin adlarını açıqlamaqdan və həqiqəti deməkdən çəkinmirdi. O, faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimindən bir neçə ay sonra müəmmalı şəkildə həlak olur. Anton Baranoviçin ölümü sirli olaraq qalır.
Daha 3 uşaq - Volod Yaskeviç, bacısı Sonya və Saşa Jelobkoviç də möcüzə nəticəsində sağ qalmışdı. Xatın faciəsinin 56 yaşlı şahidi, bədəninin bir hissəsi yanmış İosif Kaminskiy bir də gecə yarısı, faşistlər kəndi tərk etdikdən sonra özünə gəldikdə başqa bir müsibəti yaşadı – o, meyitlərin arasında can verən oğlunu tapmışdı. Yeniyetmə atasının qolları arasında can verdi. 2012-ci ildə ukraynalı tarixçi İvan Dereyko faciəyə həsr etdiyi monoqrafiyasında qeyd edib ki, hal-hazırda Xatın kəndində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidədə övladını qolları arasına almış ata heykəli məhz İosif Kaminskiyin prototipidir. Kənddə olmazın vəhşiliklər törətmiş cəlladlar Xatını tərk edərək yaxınlıqdakı meşədə 30 partizana və 20 mülki vətəndaşa divan tutmuşdular. Beləcə, Xatın da yerlə yeksan olunaraq Nostradamusun vurğuladığı yaşayış məskənlərinin siyahısına düşdü. O vaxtdan bəri Xatın dinc əhalinin kütləvi məhvinin simvolu kimi tarixə düşüb.
1969-cu ildə Xatın kəndinin mövcud olduğu yerdə xatirə kompleksi açılıb. Dünyanın hər yerindən insanlar bu kompleksi ziyarət etməyə gəlirlər.
Xatın kəndinin faciəsi Azərbaycanın Xocalı şəhərinin faciəsinə bənzəyir. Ancaq Xatın kəndində hadisələr hərb dövründə baş verdiyi halda, Xocalı şəhərinin sakinləri heç bir rəsmi hərbi əməliyyatın aparılmadığı bir dövrdə vəhşicəsinə məhv ediliblər.

