“Cənab Prezident Nazirlər Kobinetinin son iclasında bankların biznes kreditlərinin verilməsində aktiv olması ilə bağlı bəyanatı çox aktualdır. Təssüflə qeyd edirəm ki, Azərbaycan bankları rahat pul qazanmaq yolunu tutublar. Tez təklif edilən və ya rəsmiləşdirmə zamanının qısa olması, yuxarı faizli 25-30% istehlak kreditləri mənfəətli olduğu üçün daha cəlbedicidir”.
Bunu hafta.az-a açıqlamasında iqtisadçı ekspert Sənan Yəhya deyib. Ekspertin sözlərinə görə, Azərbaycan sahibkarlarının maliyyə resurslarına olan tələbatları ödənmir. Sənan Yəhya qeyd edib ki, bunun üçün də sahibkarlar rəqabətə davamlı məhsulların istehsalının formalaşdırılmasında aktiv iştirak edə bilmirlər:
“ Eyni zamanda son 5 ildə Azərbaycan Respublikasında iqtisadiyyata ayrılmış kredit resurslarının sahəvi quruluşuna nəzər salaq. Görürük ki, banklar ev təsərrüfatlarına ayrılan kreditlərə daha çox maraqlıdırlar. Biznes kreditləri bu portfeldə yalnız 2014-cü ildə 11%-ə çatıb. Ölkədə biznes kreditlərinin əsas təminatçısı Sahibkarlığa Kömək Milli Fondudur. Fond tərəfindən verilən güzəştli kreditlər məqsədli dövlət proqramlarının icrasına yönəlməlidir. Hazırda əsas diqqət ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritet sahələrin maliyyələşdirilməsinə, regionların tarazlı inkişafına, o cümlədən yoxsulluğun azaldılmasına hesablanır. O cümlədən, məşğulluğun təmin edilməsi, qeyri-neft sektoru sahələrinin inkişafının sürətləndirilməsi də diqqətdədir. Yeni texnologiyaların tətbiqinə də əsaslanan inkişafın təmin edilməsinə diqqət ayrılmaqdadır. Müşahidələr göstərir ki, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti qeyri-neft sektorunun inkişafına yetmir. Qeyri-neft sektorunun inkişafıanda xüsusilə istehsal sahələrinin yaradılmasında müstəqil banklar aktiv iştirak etməlidirlər”.
Ekspert həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının tədiyyə balansında qeyri-neft sektorunun ixrac qabiliyyətinə sənaye və istehsal investisiyalarıın ümumi yatırımlarla müqayisədə kiçik paya malik olması birbaşa təsir edir:
“İstehsal və sənayeyə yatırılan investisiyaların ümumi yatırımlarla müqayisədə aşağı paya malik olmasını praktik marketinq təcrübəsinin zəifliyi və yüksək faizlərlə əlaqələndirmək olar. Fikrimizcə, banklar sahibkarlar üçün inkişaf proqramlarını hazırlamalıdır. Kreditlərin verilməsi ilə paralel, kiçik və orta sahibkarlıq sektorunda marketinq fəaliyyətinin formalaşdırılmasında aktiv iştirak etməlidir. Xüsusilə maliyyə bazarında baş verənlər haqqında tərəfdaşları olan sahibkarları gözlənilən iqtisadi proseslər haqqında məlumatlandırmalıdır. Başqa sözlə desək, banklar yalnız kreditlərin qaytarılması zamanını gözləməməlidirlər. Onlar maliyyə institutu olduğu üçün sahibkarları maliyyə riskləri haqda dolğun məlumatlandırmalıdır. İnformasiyaların dolğunluğu əlbəttə ki, sahibkarların bizneslərini itirmə çaşğınlığının qarşısını almağa köməkdir. İş adamları mövcud vəziyyətə uyğun qərarlar qəbul edərək maliyyə itkilərini mimimuma endirə bilərlər. Bununla da banklar davamlı inkişaf strategiyası qurmuş olurlar. Təssüf ki, Bankların davamlı inkişaf strategiyaları yoxdu”.

